Ye, Dua et, Sev -Elizabet Gilbert
2020-ci ilin ilk ayında, ilk məqaləmlə hamınızı salamlayıram. 🙋🏼
2019-cu ili geridə qoyub, yeni 2020-ci ilə keçid etdik. İlk öncə bu münasibətlə hamınızı təbrik edirəm. Azərbaycanlıların klişe cümləsi ilə: “Neçə belə illərə” yazmayacağam. Bu cümlə həyatımdan uzun illər öncə çıxarılıb (neçə il olduğunu artıq xatırlamıram). Səbəbi çox sadədir: Bəlkə birinin 2019-cu ili o qədər də pozitiv, ürək-açan, xoş anlarla dolu olmayıb. Bəlkə də ən çətin ili idi. Kim bilir?! Ona görə də niyə kiməsə qarşıdan gələn ilində qoy keçən ilin kimi olsun deyəkki?! Bəli, empatiyanı sevirəm. 🧘🏽♀️
Ona görə də, özüm də daxil olmaqla, sizlər üçün yeni 2020-ci ilin çox sağlam, uğurlu, saysız-hesabsız səyahət biletli, yeni gözəl insanlarlı, sevdiyiniz insanlarla əhatə olunduğunuz möhtəşəm bir il olmağını arzu edirəm.
Hə, bir də Chrome-da üst-üstə milyon pəncərənin yığılmayacağı bir il diləyirəm hamıya (hər ilin sonu Chrome-da oxumaq üçün üst-üstə yığılan pəncərələri bağlamaq mənim üçün adət ənənədir).
Göydən 3 kitab düşdü
İndi isə keçək məqalənin əsas hissəsinə. Bloqu yaxından izləyənlər bilir ki, İyul ayında “Göydən üç kitab düşdü” başlığı altında məqalə paylaşmışdım (hələ də oxumamısınızsa göz atmağınız məsləhətdir) və sevdiyim 3 kitab haqqında yazacaqdım. Düzdür, bir az uzun ara verildi, amma nəhayət bu gün 2-ci kitab haqqında yazmaq qərarındayam.
Bu gün 2019-cu ildə oxuduğum son kitab olan, Elizabet Gilbertin “Ye, dua et, sev” əsəri haqqında fikirlərimi sizinlə də paylaşacağam.
Yeni ilin ilk məqaləsi olduğu üçün müsbət kitabla açılış etmək istədim və digər oxuduğum kitablardan bəziləri beynimdə 2-ci dərəcəli yanıqlara səbəb olduğu üçün onlar haqqında daha sonra bəlkə yazaram.
Təsadüflər
Universitetə hazırlıq ərəfəsində rəfiqəm Ülkərin məsləhəti ilə “Ye, dua et, sev”-in filmini izləmişdim və necə lazımdır pozitivə kökləndiyim bu gün kimi yadımdadır.
2019-cu ildə isə yeni bir tanışla kitab mağazasında idik və “Bunu oxumusan?” deyə soruşdu. Soruşulan kitab yenə də “Ye, dua et, sev” idi. “İllər öncə kinosuna baxmışam. Kinosuna baxdığım kitab oxuduğumu xatırlamıram və olubsa da barmaqla sayılacaq qədərdir.” dedim. O isə; “Məncə kitabı alıb oxumalısan! Çox maraqlıdır!” dedi. Əlimi uzadaraq kitabı stenddən götürdüm və “Alıram!” dedim. O qədər kitab içindən niyə məhz bu kitab yenidən mənə rast gəldi, heç bir fikrim yoxdur. Kitabı evə gətirəndə “Eh, onsuz da kino yadımdadır” düşüncəsi ilə kitabı kənara qoydum və “Əzizim, oxunma sıranı bir az gözləməli olacaqsan.” dedim.
Bir neçə gün sonra dözməyib kitabı əlimə aldım və elə ilk başlayan andan etibarən də kitabın mənimlə bir bütün olduğunu hiss edib tez bir zamanda bitirdim. Sən demə, kino heç yadımda belə qalmayıbmış! Yadımda qalan isə sadəcə baş rol qəhrəmanları Julia Roberts və Javier Bardemimiş.
Tərzlərin uyğunluğu
Bloqum olduğu üçün yazmağı nə qədər sevdiyimi yəqin ki, bu günə qədər təxmin etmisiniz. Bəlkə də kitabı bir başqa sevməyimin səbəbi mənim yazı tərzimlə yazıçının tərzinin uyğunluğu idi. Əminəm ki, axtarsam çox səbəb tapmaq olar. Amma bir başqa səbəb isə səyahət etməyi sevməyim və kitabın real həyatla bağlılığıdır, deyə düşünürəm. Çox rahat dili olmasıyla yanaşı, həm də maraqlı məlumatlarla dop-dolu bir kitabdır.
Kitab haqqında
Kitabın baş qəhrəmanı yazıçının elə özüdür. 30-lu yaşlarında olan Liz, uğurlu iş qadını, şəhərdən kənarda böyük, sakit evə sahib və sevilən həyat yoldaşıdır. Amma artıq evli olmaq istəmir və bütün macəra da elə məhz buradan başlayır.
Kitab 3 hissədən ibarətdir:
- 1-ci hissə: Həzz axtarışında – İtaliya (və ya nə yeyirsənsə osan)
- 2-ci hissə: Sədaqət axtarışında – Hindistan
- 3-cü hissə: Tarazlıq axtarışında – İndoneziya
Hər bir oxucu əminəm ki, kitabda özünü hansısa məqamlarda Lizin yerinə qoyub, “Sanki kitabın bu hissəsini mən yazmışam” deyəcək. Ona görə də oxuyacaqlarınız kitabların siyahısına rahatlıqla bunu da əlavə edin deyə bilərəm.
Sendromlar
Uşaqlarda 2 yaş sendromu (qohumlarda və qardaşımın oğlundan əyani gördüyüm və oxuduğum məqalələr sayəsində agah olduğum maraqlı məlumat idi) olduğunu yəqin ki, çoxunuz eşitmisiniz. Qadınlarda isə deyəsən 30 yaş sendromu var (özümün verdiyi addır). Əksər 30-lu yaşında olan qadınlar öz azadlığı uğrunda mübarizəyə başlayır və hətta 30-lu yaşından sonra öz fikrini qorxmadan bildirirlər. Kitab isə bunun deyəsən həqiqətən də belə olduğunu bir daha mənə sübut etdi.
Düzdür, hələ o yaşda olmadığım üçün həmin qadınların hansı hisslər nəticəsində belə davrandıqlarını bilmirəm və öz adıma deyə bilərəm ki, hazırda olduğum yaşda belə öz fikrimi azad ifadə edirəm. Amma yəqin ki, bu qədər qadın 30-lu yaşdan sonra yaxşıya doğru dəyişilirsə, demək ki, bu işdə nəsə bir sirr var.
Yekun olaraq
Sevərək yazdığım bu məqaləni yekunlaşdırarkən “Heç bir yaş ərəfənizi gözləmədən, fikrinizi azad şəkildə bildirməkdən çəkinməyin!” demək istəyirəm. Amma qəlb qırmadan, incə tərzdə.
Kitabı oxumusunuzsa və ya filmi izləmisinizsə (uzun zaman öncə olsa belə) fikirlərinizi mənimlə bölüşməyi unutmayın.
3-cü kitab məqaləsində bir araya gəlmək ümidi ilə.