The True Cost
Uzun zamandır filmlərdən yazmırdım.
Yazmaq istədiyim mövzuların uzun siyahısına, redaktə etməm (son toxunuşlar) üçün öz növbəsini gözləyən məqalələri görəndə, niyə yaza bilmədiyimi anladım.
Təbii ki, qeyd etdiyim nüanslar bəzi çətinliklər yaratmaqla yanaşı, həm də bütün bu səbəblərdən qaynaqlanan fikir qarışıqları da yazmağıma ciddi şəkildə mane olur.
Lakin bütün bu çətinliklərə rəğmən bu gün nəhayət ki uzun zamandır yazmaq istədiyim sənədli film haqqında yazmaqda qərarlıyam.
Bir çoxları bu gün yazacağım həqiqətləri sevməyəcək və ya bir çoxu bu həqiqətlər sayəsində qarderobuna yenidən nəzər salıb peşmançılıq hissi keçirərək gələcəkdə, geyim alarkən çox daha həssas davranacaq.
Konsumerizm qurbanları
Öncəki məqalələrdə də qeyd etdiyim kimi şanslıyam ki, heç bir zaman alış-veriş və ya kosmetika tutqunu olmamışam. Aldığım hər bir geyimin funksional olması mənim üçün önəmli faktor olub və trendi izləyənlərdən, trendlə geyinənlərdən olmamışam.
Amma buna baxmayaraq hər zaman geyim tərzimə görə çox xoş komplimentlər almışam. Mənim üçün trend anlayışı geyinərkən özümü rahat hiss etdiyim geyimlər olub.
Geyindiyim geyimdə hər zaman göstəriş yox, rahatlığım ön planda olub.
İnfluenserlər
Hal-hazırda dünyanın hər nöqtəsindən, hər kəsin professional və ya həvəskar olaraq məşğul olacağı bir iş influenserlikdir. Mən qlobal olaraq danışacağam və əsla heç kəsin bostanına daş atmaq niyyətim yoxdur. Burada adekvat formada öz subyektiv baxış tərzimi və düşüncələrimi sizinlə bölüşürəm.
Televizor, radio, Black Friday və Halloween kimi qlobal hadisələr və reklamların insanları alış-verişə səslədiyi və qurbanı etdiyi bir dövrdə, buna əlavə olaraq bir də sosial şəbəkələr üzərindən influenserliklə məşğul olan və vətəndaşlara durmadan daha da istehlakçı (consumerist) olmalarını təbliğ edən və trendlə geyinməyi aşılayan təsir edənlər/influencerlər var. Əfsuslar olsun ki, moda sektorunun təbiətə, ekologiyaya necə də mənfi təsir etdiyini qeyd edən insan çox azdır.
Bu yerdə mənim ağlımda bir sual yaranır ki, “Niyə hər şeyin trend olduğu bir dövrdə, dünyanın günü gündən plastik zəhərlənməsinə tutulduğu, məhv olan ekologiyanın qorunması trend olmur?!”
P.S. Bu haqda 3 il əvvəl fikirlərimi bölüşdüyüm məqaləm və mövzuya aid olan çox gözəl bir film tövsiyyəm də var: Conlar ailəsi haqqında daha ətraflı məlumatı oxumağınız faydalı olar.
Həyatda hər şey balansda olduğu kimi, influenserlər aləmində də az da olsa balans var deyə düşünürəm. Xoşbəxtlikdən insanları dayanmadan istehlakçılığa səsləyən influenserlərlə yanaşı, bunun əksi ilə məşğul olan, insanları aydınlandırmağa çalışan influenserlər də var. Onlar durmadan insanlara zero waste (sıfır atqı), minimalist həyat tərzi, plastikə yox deməklə təbiəti qorumağı təbliğ edirlər.
“The True Cost” nə haqdadır?
İndi isə gələk məqalənin əsas hissəsinə. Bloqumu izləyirsinizsə, 2015 – ci ilin həyatımın dönüm nöqtəsi olduğundan agahsınız. Məhz həmin ildə araşdırmalarım sayəsində saysız-hesabsız izlədiyim sənədli filmlər (bu barədə yazmağımı istəyirsinizsə şərhlərdə bildirməkdən çəkinməyin) və oxuduğum məqalələr sayəsində gözlərim açıldı. Və artıq durmadan beynimdə dolub daşan suallar selində üzürdüm.
“The True Cost” insanı sözün əsl mənasında “modern həyatdan” soyudan və mağarada yaşamağa sövq edən filmdir.
Geyindiyim geyimlər haradan gəlir? Kimlər hazırlayır? Yediyim qidaların tərkibləri və harda istehsal olunmaları və s. bütün bu suallar artıq ciddi şəkildə məni maraqlandırırdı. Çıxdığım həmin yolda məhz “The True Cost” sənədli filmi bir çox suallarımın cavabını vermişdi və məni hönkür-hönkür ağlamağa vadar etmişdi. Səbəbi isə insanların sevə-sevə geyindiyi məhşur markaların istehsalat tərəfində bizim görmədiyimiz və gizli kameralar sayəsində üzə çıxan görüntülər idi. 1 stəkan adi su içmək üçün və ya ayaq yolu ehtiyacını ödəmək üçün icazə almaq istəyən qadın, kişi və uşaqlara qaldırılan o şərəfsiz əllər, təhqirlər və daha nələr…
Bu sənəndli filmin əsas mövzusu 2013-cü il Aprel ayının 24-də Banqladeşdə məhşur geyim brendlərinin (Zara, Benetton, Mango və s. kimi) istehsalında iştirak edən işçilərin işlədiklərdi Rana Plaza-nın çökməsi və 1,000-lərlə işçinin (qul desəm daha doğru olardı) həyatını itirməsi idi.
Bir çoxunun ayağını və ya qolunu, digərlərinin övladını və ya valideynini itirdiyi bu faciəvi hadisədə, insanların sevə-sevə qurbanı olduğu fast fashion-ın qurucuları isə bütün bunlara baxmayaraq olanlara və tökülən göz yaşlarına və qana göz yumur və ya inkar edirlər.
Bu film elə bir filmdir ki, Moda sektorunun səhnə arxası vəziyyətini və tükətim çılğınlığının nələrə gətirib çıxardığını üzümüzə vurulan şillə kimi hiss etdirir.
Ayda 10 dollar qazanan top brendlərin məhsul istehsalında işləyən qadın deyir ki: “Hazırladığımız geyimləri məhsulları almayın, çünki siz almağa davam etdikcə biz daha da çox istehsal etmək məcburiyyətindəyik”. Düşünə bilirsinizmi?! 10 dollar 1 aya. Bu heç bəzilərimizin bir günlük yol xərci olmaz bəlkə də, amma bu insanlar həyatda qalmaq və bir az qida almaq üçün hər cür çətinliyə dözür.
Heyf ki, İnsta-modellər və qlobal influenserlər durmadan güzgüdən şəkil çəkərək və markaları tag edərək daha sonra sosial şəbəkələrdə paylaşarkən qürurlandıqları həmin bu markaların uzaq Asiya ölkəsində, heç bir haqqları olmayan işçiləri nələrlə üz-üzə qoyduqlarından xəbərsizdirlər.
“The True Cost”-u izlədikdən sonra bir-bir, qapı-qapı gəzib bu haqda insanlara danışmaq istəyirdim və artıq ətrafımda olan rəfiqələrim, qohumlarım, həyat yoldaşım, ailə üzlərim bəlkə də bu mövzuda danışıqları dinləməkdən qulaqları iflas etmişdi.
Rejissor haqqında
Andrew Morgan adında gənc rejissor uzaq Asiyaya səyahətlər edərək dünyanın kifayət qədər məhşur brendlərinin istehsalat prosesini gün üzünə çıxarır. Bu məkanlarda geyim sahəsində tətbiq olunan hədsiz qəddar qanunlar və ağlasığmaz dərəcədə kiçik olan məvaciblərə işləyən az-yaşlı uşaqlardan, gənc kişi və qadınlara qədər işçilərin nələrdən keçdiklərini izləyicilərə nümayiş etdirir.
Rana Plaza-da istehsal olunan 29 qlobal brendin bəzilərinə nəzər salaq. (qaynaq)
- Benetton
- Monsoon Accessorize
- Children’s Place
- Mango
- Primark
- Matalan
- Walmart
- Zara
- Bonmarche
- Prada
- Gucci
- Versace
- Moncler
- Joe Fresh və s.
Alış-veriş tutqunu olmasam belə, mənim də bu mağazalardan bir neçə geyimim (qışlıq üst geyimim, T-shirtlərim, ətək və şalvar) olduğu üçün mən də günahkar brendlərə dəstək olanlar siyahısında utanaraq və başı aşağı şəkildə öz yerimi tuturdum.
Film haqqında fikirlərimə burada yekun qoymaq istəyirəm. 100 eşitməkdənsə 1 dəfə izləməniz kifayət edəcək deyə düşünürəm. Filmi mütləq izləmənizi tövsiyyə edirəm!
Mənim bu problemlə mübarizəm necədir?
Və 5 il öncə bu filmi izlədikdən sonra aldığım geyimlərin etiketində hansı ölkədə istehsal olunmasını mütləq nəzərdən keçirirəm.
Əgər Made in
- Hindistan
- Kamboca
- Pakistan
- Mərakeş
- Şri-Lanka
- Misir və s. kimi kasıb dolanan, qida və ya su problemləri ilə mübarizə aparan ölkələr yazılıbsa o geyimi əlimdən yerə qoyuram! Filmi izləyəndə “Niyə?” sualınıza daha geniş cavab tapacaqsınız.
Əgər alacağım geyim Türkiyə, İtaliya və s. kimi tekstil ölkələri, istehsalat şəraiti, vəziyyəti daha yüksək olan ölkədirsə, o zaman bu geyim haqqında düşünə bilərəm (əgər o geyim mənim üçün həqiqətən də lazımdırsa).
Yadımdadır ki, Beyonce o vaxt Ivy Park brendini açanda ucuz işçi qüvvəsindən yararlandığı üçün bir çoxlarının tənqidinə məruz qalmışdı. Baxmayaraq ki, onun digər bizneslərindən qazancı kosmik səviyyədədir, o belə işçilərini cüzi maaş təmin edərək işlədir deyə fikir bildirən insanlar var idi. Bəli Ivy Park-ın bəzi geyimləri Şri-Lankada istehsal olunur lakin ümid edirəm ki, Beyonce-un brendinə xidmət edən tekstil binası daha güvənilir vəziyyətdədir və işçilərin qida, su və digər problemləri yoxdur. Ən azı Coachella-da çıxışının səhnə arxasında etdiyi detalcılığı və professionallığı ilə yenidən insanları (məni də) valeh etməsindən sonra bu cür mükəmməliyyətçi insanın tekstil işçilərinə qəddar davranmadığına, davranmayacağına inanıram.
Yekun
Yekun olaraq demək istəyirəm ki, heyvanlar üçün haqq-ədalət tələb edən, qadın-kişi hüquqlarının bərabərliyi haqqında mübarizə aparan insanlar bir nüansı unutmasın ki, bizim geyindiyimiz geyimlər, pis həyat şəraitində yaşayan və işləyən kasıb ölkə vətandaşlarının həyatı bahasına və ya itirilmiş bədən üzvləri bahasına başa gəlməməlidir. Bunun da çox daha aktual problem olduğuna inanıram!
Biz İnsanların gördüyü işlər yer kürəsini sürətlə mənfiyə doğru aparmamalıdır. Biz bu dünyaya pulsuz və çılpaq halda gəlmişik və pulsuz və çılpaq halda da gedəcəyik. Özümüzdən sonra insanlıq xüsusiyyətlərimiz və bizdən sonrakı nəsillərə ötürülən yer planeti olacaq (yaxşı və ya pis halda, onu hələ zaman göstərəcək).