The Joneses – Conlar ailəsi
İlk öncə bu cümləni oxuyan hər bir kəsə salam deyib kiçik açıqlama ilə yazıya start vermək istəyirəm. Açıqlama ondan ibarətdir ki, bloga “Kitab” başlığı əlavə etməyə qərar verdim. Düşündüm ki, niyə də baxdığım və sevdiyim filmləri sizlə bölüşməyim.
Son zamanlar bir çox sosial şəbəkələrdə (bu sosial şəbəkə sözü də necə qulağıma hər dəfə akademik birləşməymiş kimi gəlir 😀 ), facebook-mu deyim, instagram-mı, yeni bir tendensiya yaranıb. Birisi yeni göstərimə girmiş filmə kinoteatrda və ya evdə baxır və başlayır kino haqda geniş bir status yazmağa. Məchul şəxs bununla kifayətlənmir qərar verir və deyir ki, “Hmm… Başqa da nəsə paylaşmalıyam, hammıya sübut etməliyəm ki, mən filan filmə baxdım”. Bu yetməzmiş kimi, filmin az qala ssenarrisini, ən qaymaq soundtrack-lərini və ya filmin ən əhəmiyyətli hansısa səhnəsini paylaşmağa belə çəkinmir. Və Allah o gündən qorusun ki, sən bilmədən ya film haqda yazılmış o statusu oxuyasan və ya bilmədən əlin paylaşılmış soundrack-in və ya o əhəmiyyətli səhnənin videosuna dəyib açılsın və sən pauza etməyə imkan tapmadan nəsə eşidəsən ya görəsən. Bax onda əsl tragediya baş verir. Bu tənqid deyil sadəcə başa düşməyə çalışıram ki niyə axı?
Bunu izləyicilərə qarşı hörmətsizlik hesab edirem. Çünki baxmadığım bir film haqda bu cür hallarla qarşılaşmağı heç sevmirəm və bacardığım qədər də hər zaman bu tip paylaşımlara qarşı sözün əsl mənasında gözlərimi məlumatdan yan keçənə kimi 4-5 saniyəlik “korlaşdırmağa” üstünlük verirəm.
Artıq 1 aydan da uzun müddətdir ki, “La La Land“-la bağlı olan postlar görürəm və təbii ki, gözlərimin “blind mode on” funksiyasını işə salıram. 😀 İndi isə qərara gəldim ki, sizə “La La Land” filmi haqda kiçik məlumat verim. Bir də mənim perspektivimdən oxuyasınız.
Əlbəttə ki zarafat edirdim. Düzü bir az istəyirəm ki, baxdığım və necə deyərlər el arasında çox da populyar olmayan filmlər haqda yazım. Hmm, bəs niyə populyar olmayan filmlər haqda yazmaq qərarına gəlib görəsən dediniz sanki? Çünki ətrafimda olan insanlarla dialoqlar əsnasında ortaya çıxan nəticə odur ki, bizdə yeniliyə qarşı aclıq hissi var. Yavaş-yavaş keçək mətləbə, nə deyirsiniz?
P.S. Tibb Sahəsində Hippokrat andı var, amma film aləmində bilmirəm kimin adına and verilir. O şəxs hər kimdirsə, onun adına and verirəm ki maksimum dərəcədə diqqət yetirəcəm ki, film haqda detalları açıb tökməyim.
Uzun sözün qısası, keçək filmimizə. Filmin adı Ingiliscə “The Joneses” deyə səslənir. Film 2010-cu il istehsalıdır. Janr olaraq dram və satirik komediyadır. Əslində mövzusu günlük həyatımızda aktualdır. Tam da yaşadığımız zəmanənin problemi olan, özümüzü saxlaya bilməyib son qəpiyinə kimi xərcləyib, lazım oldu olmadı almaq xəstəliyinin ailələrdə sonradan necə böyük problemlərə yol açdığının şahidi oluruq. Borc-xərcə girib maşın ev alırıq. Bir də ayılıb görürük ki, tam bir materialist/şopoqolik olmuşuq və borc-xərc dənizinin içində üzürük. Bütün bunların mənə görə səbəbi “qonşudan qalma geri” məsələsidir. Oysa ki xoşbəxtliyin kiçik şeylərdə gizli olduğunu unuduruq.
Bir seyi anladım ki, film haqda yazmaq çox qəliz imiş, cünki yazarkən ipuclarını verməmək üçün gərək hər saniyə dilini dişləyəsən.
Film haqda yazıya davam. Deməli, Kate ve Steve Jones yeni köçdükləri evlərində 2 övladları ilə hər kəsin gözünü qamaşdıracaq şəkildə lyuks bir həyat yaşayır. Ailə necə deyərlər qonşuların gözündə mükəmməl ailə tablosu canlandırır və hər kəs bu ailəni özü üçün nümunəvi ailə olaraq qəbul edir. Lakin bu mükəmməl ailə tablosunun ardında böyük bir sirr yatır.
Bir sözlə film mənim üçün “must watch” filmlərdən birinə çevrildi. Bəzi səhnələrdə aşırı məyus olsaq da sonradan bütün puzzle-lar yerinə bir-bir oturduqdan sonra, dərin nəfəs alıb sakitləşirik və dram olan hissəni komediya dadı ilə əvəzləyirik.
Kiçik bir informasıya kimi deyim ki, filmin rejisoru və ssenaristi Alman əsilli Derrick Bortedir. Açıqcası rejisoru filmə baxdıqdan sonra tanıdım.İlk filmi də məhz “The Joneses”-dir. Baxmayaraq ki rejisorun ilk filmidir fikrimcə izləyicilər üçün uğurlu məhsul ərsəyə çıxarmağı bacarıb.
Yuxarıda qeyd eləmişdim ki, filmin mövzusu günümüzlə çox aktualdır. Fikrimi tam ümumiləşdirsəm, günümüzdə N sayda yerli və xarci bloger və vlogerlərin reklam etdiyi məhsullar haqda heç bir araşdırma edib geniş məlumata sahib olmadan “ay sabah açılsa da getsəm X vlogerin X vlogunda gördüyüm o dodaq boyasını, ətiri, ənliyi və s. mən də alsam” deyə bir çoxumuz hətta gecədən səhərə qədər bunu beynimizin bir küncündən o biri küncünə ataraq yuxuya gedirik. Bir şeyi bəzən unuduruq ki, bütün bunlar sadəcə reklam xarakteri daşıyır. Hətta bəzən istəmədən belə sırf hansısa izlədiyimiz videoda həmin dırnaq boyası sevdiyimiz o məhşur vlogerə yaraşdı deyə gedib o brendə bir ətək pul tökürük. Gələn defə bu cür oyunların qurbanına çevrilmək istəmirsinizsə bir az daha diqqetli olun 😉 bunu da demədən keçə bilməyəcəm. Indi deyəckksiniz ki, “The Joneses” filmi hara, blog, vlog məsələsi hara ? Filmə baxanda indi sizə bir az qarışıq gələn postun puzzle-larını yerinə oturdub nə dediyimi çox daha yaxşı başa düşəcəksiniz. Ümid edirəm ki film haqqda ilk yazımı bəyəndiniz. İndilik isə siz sağ mən salamat ^_^ Gələn yazıyadək.