15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Təyyarədə nəzakət qaydaları.

2 Şərh

Bu gün yaralı yerlərimdən biri və sevdiyim mövzulardan olan, insanlar tərəfindən tez-tez kobudcasına pozulan, (bu mövzuda tolerant ola bilmirəm və yəqin ki, heç vaxt olmayacam da) nəzakət qaydalarından yazacam. Bu çox geniş, şaxəli mövzudur və bu postda spesifik olaraq təyyarədə diqqət edilməsi gərəkən nüanslara toxunacam. Əslində bu yazacaqlarım sadəcə təyyarəyə aid deyil, eləcə də gündəlik həyatımızda tez-tez rast gəldiyimiz məqamlardır.

Nəzərə alın ki, yerdən kilometrələrlə hündürdə, göyün yeddinci qatında olan təyyarədə, birlikdə uçduğumuz və ondan ortaq istifadə etdiyimiz üçün bəzi nəzakət qaydaları var ki, onlara riayyət edilməsi hər kəsin həyatını çox daha rahat edə bilər.

Təyyarəmiz uçuş üçün hazırdır. Elə isə kəmərlərinizi bağlayın və getdik.

1. Yerinizə keçərkən cəld davranmağa çalışın

Zənnimcə, təyyarəyə daxil olan kimi bir çoxu tərəfindən pozulan ilk qayda məhz budur.

Əl baqajlarınızı yerləşdirdiyinizi başa düşürəm. Sadəcə bir az daha cəld tərpənə bilərsiniz və ya oturacaq aralarına keçərək işinizi görməyə davam edib, sizdən sonra gələn sərnişinlər üçün də, yolu açıq saxlamış olarsınız.

2. Qulaq asdığınız musiqi səsi digərlərini narahat etməməlidir

Ən çox rast gəldiyim digər bir hal isə, bir çox insanın qulaqcıq yerinə sanki qulaqlarına kolonka (bu sözün azəricə versiyasını bilən varsa yazsın) taxmasıdır. Düşünün ki, sizin bu davranışınız yanınızda olan və ya oturan insanı narahat edə bilər.

Birisi kitab oxuya bilər, bir digəri isə sakitlik istəyə bilər və hər kəs sizin bu hərəkətinizə dözmək məcburiyyətində deyil. İnanın mənə, musiqiyə bir az daha aşağı səs ilə qulaq asaraq heç nə itirməyəcəksiniz (tam əksinə, çox yüksək səs qulaqlarınıza ziyan verə bilər).

3. İki-üç oturacaq ön və ya arxada oturan tanışla söhbət.

X, Y və Z birlikdə harasa gedir və oturacaqları yan-yana deyil. Oturduqları yerlər arasında 2-3 oturacaq/sıra məsafə var və sanki danışmasalar dünya dağılacaq. Başa düşə bilmirəm ki, bu insanlar necə bu qədər rahat davrana bilir?! Düşünübmüsünüz ki, bəlkə kimsə yatmağa və ya kitab oxumağa çalışır?! Və ya ola bilərmi ki, sizin bu qışqır-bağırınız ətrafınızdakıları narahat edir?

4. Xoruldayacaqsınızsa yatmayın

Bəli! Unutmayın ki, təyyarədə yalnız deyilsiniz və onu böyük bir kütlə ilə ortaq istifadə edirsiniz. Bu nöqtədə nəzakət qaydalarına riayət etməlisiniz, dostlar.

Xoruldamaq bir kənara qalsın, hələ bir-biri ilə tanış olmayan baş və çiyin tanışmasına sinir oluram. Yanınızda oturan və tanımadığınız həmin o sərnişinə yazığınız gəlsin və məsləhət olar ki, qənaət etməyib boynunuz üçün xüsusi təyyarə balışı alaraq səyahət saatlarınızı sülh ilə bitirəsiniz.

5. Oturacağınızı uzanma formasına keçirərkən diqqətli olun

Oturacağınızı uzanma formasına keçirərkən sizdən arxada olan sərnişinin yemək yeyib-yemədiyindən əmin olun və ya ən bəsit halda arxaya çevrilib, “Sizin üçün də uyğundursa, oturacağımı uzada bilərəmmi” deyə onun da fikrini ala bilərsiniz.

6. Yemək yeyərkən başqalarını narahat etməyin

“İnsanlar” görürəm ki, yemək yemə əsnasında elə səslər çıxarırlar ki (marçıltı nəzərdə tututram), məəttəl qalıram. Axı siz evinizdə deyilsiniz. Cəmiyyət içərisindəsiniz bunu bir xatırlayaq!

Düşünürəm ki, bu ən böyük etik qayda pozuntusudur. Bu xaric, yemək yedikdən sonra, bir də dişlərini diş təmizləmə çöpü ilə təmizləyərək əsəb pozucu səs çıxaran insanlar var.

7. Stuardessa ilə rəftar

Bəzən insanlar stuardessalar ilə o qədər kobud rəftar edir ki, özümü onların yerinə qoyarkən… Üç nöqtəni doldurmağı sizin xəyal gücünüzə buraxıram. Onlara bəsit bir ofisiant kimi davrana bilərsiniz, lakin nəzərinizə çatdırmaq istəyirəm ki, onların keçdiyi təlimləri nəzərə alsaq, bizim sağlamlığımız havada olduğumuz müddət ərzində bir növ onların əlindədir. Ümumən istədiyiniz hər bir şeydən öncə “xahiş edirəm”, “zəhmət olmasa”, “olarmı” kimi bəzi nəzakət birləşmələrindən istifadə edərək bir neçə saatlıq uçuşunuzu niyə də daha  xoş ab-u hava ilə bitirməyəsinizki?!

8. Boş oturacaqlar görən kimi uzanıb yatmayın

Bilmirəm bu hal ilə rastlaşanlarınız olubmu, amma mən Bakı-İstanbul uçuşu zamanı bu halın şəxsən qurbanına çevrilmişdim. Qadın, boş oturacaq və mən.

Təyyarə yeni qalxmışdı ki, qadın ortada olan oturacağın da boş olduğundan istifadə edərək uzanıb yatdı. Özünə əziyyət verib, “çox yorulmuşam, olarmı uzanım” deyə soruşub mənim fikrimi belə almadı. Bütün yol qadının ayaqları ilə mübarizə aparmalı oldum.

9. Yerinizdən durmağa tələsməyin

“Təyyarə tam durmayana kimi, yerinizdən qalxmağa tələsməyin” ifadəsinin eşidildiyi halda, necə olur ki, bunu eşidən kimi əksər insan yerindən durur? Bəlkə biriniz cavabı bilirsiniz, o zaman xahiş edirəm bunu mənə də izah edin. Bəlkə bu birləşmədəki hansısa sirrli mənanı mən başa düşmürəm. Ya da, bu ifadəni dəyişib, “təyyarə yerinə yaxınlaşmayana kimi, hər kəs tez yerindən durmalıdır” ilə əvəz etməlidirlər.

Belə edərək siz düşmə prossesinə daha da əngəl olub və mənasız bir basa-basın səbəbkarı olursunuz. O isə nə gözəl olardı hər kəs səliqə ilə təyyarəni tərk etsəydi.

P.S. Mən təyyarəni ən son tərk edən və stüardessalara təşəkkürümü bildirib, bizi sağlam məkana çatdıran pilota minnatdarlıq edənlərdənəm. Bağışlayın, amma təvəzökar ola bilmədim. 😀

10. Tanımadığınız sərnişin ilə danışığı qısa tutun

Bəzən ilk tanış olduğumuz insanlar özlərini ilk danışıqdan elə yaxın hiss edir ki, təəccüblənirəm. İnsanlarla aramda hər zaman beton bir divar hörgüm var. Kimsə o beton divarın digər tərəfinə mən icazə vermədən keçsə, bu halın məni narahat etdiyini ona hiss etdirməkdən heç də çəkinmirəm.

Təyyarədə də bu hal ilə qarşılaşmaq mənim üçün heç də ürəkaçan məsələ deyil. Yəni qısa danışmaq olar amma, bütün bioqrafiyan ilə maraqlanan və çənəsi durmayan sərnişinlər var. Sizi başa düşürəm ki, darıxırsınız amma bir də başa düşün ki, danışdığınız insana maraqlı olmaya və ya onu ciddi narahat edə bilərsiniz!


Ümid edirəm ki, yazdığım bu nüanslara əksəriyyətiniz əməl edir. Etməyənləri də sülhə çağırıram.

Düzü bəzən təyyarədə hansısa etikasız birisi nəsə edərkən, ona nəsə demək üçün alov tutub yansam belə, heç nə deyə bilmirəm. Çünki həmin insanın rekasiyasını əvvəlcədən təxmin edə bilməməklə yanaşı, təyyarədə dava olacağından və bunun böyük problemlərə yol açacağından narahat oluram. Ona görə qərara gəldim ki, bu nüanslar barəsində fikirlərimi burda yazım və bəlkə bir işə yarayar deyə düşündüm.

Beləliklə səyahətimizin sonuna gəldik. Kəmərlərinizi açın və bu səyahəti mənimlə birlikdə etdiyiniz üçün hər kəsə minnətdaram.

Gələn səyahətə kimi siz sağ, mən salamat!

Pilotunuz Nar Ali!

Əvvəlki Post
Memarlıqda Portal termini.
Sonrakı Post
Göydən 3 kitab düşdü: Heyvanıstan
Mrs. Chef

Memar və interyer dizayner

2 Şərh

  • September 4, 2018 at 5:08 pm
    Nermin

    Umid edirem oxuyanlar bir netice cixarar ozlerine xususile teyyareye minerken bir birilerine yol vermemeklerine qatiliram Qadinin ayaqlari ile yawadiginiz serguzewtlere ise xeyli guldum 😂

    Cavab
    • September 9, 2018 at 8:10 am
      narali

      Mən də çox istəyirəm ki, təyyarədə sülh olsun. Bəli 2 saat 30 dəqiqə ərzində çox çətin anlar yaşamışdım…

      Cavab

Şərh Bildirin