Sharm El-Sheikh
Yazıya başlamadan öncə, ərəblər haqqında olan mənfi düşüncələrinizi bir kənara atmanızı və “Misir tamamilə səhradan ibarətdir, orada da dincəlmək olar?” kimi önyargılarınızdan yaxa qurtarmanızı, məqalənin dadını çıxarmanızı xahiş edəcəm. Əvvəlcədən təşəkkürlər.
Yeni məqaləmi oxumağa xoş gəldiniz. Ümid edirəm ki, indi oxuyacağınız “Sharm El Sheikh” məqaləmdə sizlər üçün faydalı məlumatlar verə bilmişəm. Sharm El-Sheikh-dən bəhs etməzdən əvvəl sizə Qırmızı dəniz və Misir haqqında qısa məlumat verim.
Qırmızı Dəniz
Qırmızı dəniz. Bu birləşməni dərin ah çəkərək yazıram, çünki gördüyüm bütün rəngarəng balıqları, sanki üstad rəssam tərəfindən, peşəkarcasına rənglənmiş mərcanları yenidən görmək üçün burnumun ucu göynəyir!
Sualtı aləmin olduğu cənnət. Bütün bu cənnəti görmək üçünsə sizə sadəcə dəniz gözlüyü lazımdır. Dənizin sualtı aləminin gözəlliyi qarşısında elə aciz qaldım ki, donaraq onların qüsursuzluğuna baxaraq “Allahım, dənizinaltında bu cür gözəlliklər mövcudikən, sakit həyat varikən, necə olur ki, yerin üstündə bunun əksini yaradan, ürəkləri, beyinləri, qap-qara olan insanlarla birgə eyni dünyada yaşayıram?” deyə məyus oldum. Dəniz altı aləm insanı elə ovsunlayırdı ki, həmin an bir müddətlik mən də balıq olmaq, yerüstü həyatdan qopmaq, məni narahat edən hər bir şeydən azad olmaq istədim. Balıqlar kimi hər şeyi sürətli şəkildə unutmaq istəyirdim.
Misir
Misirə səfər edəcəyimizə qərar verən zaman düşünürdüm ki, məktəb illərində kitablardan oxuduğum və filmlərdən baxdığım ecazkar piramidaları, xəzinələri, bəzəkli yeraltı məzarları, Sfinks-i və digər tarixi yerləri görəcəm. Sonradan araşdırma mərhələsində mənə məlum oldu ki, bunları ölkənin cənubunda, Luxor Krallar vadisində və Qahirədə, görmək olar.
Misir haqqında olan ikinci düşüncəm isə yerli insanlar idi. Yəni, ərəblər. Düzü dost tanışlardan ərəblər haqqında heç bir müsbət rəy eşitməmişdim. Qulaqlarım eşitdiyi qədəri ilə az çox fikir yaransa da, hər millətin yaxşısı və pisi olması fikrimdə qalmaqda israrlı idim. Yerli əhali haqqında aşağıda daha geniş məlumat yazacam.
Üçüncü və deyərdim ki, məni ən çox həyəcanlandıran isə, getmədən öncə dostlarımızla Qırmızı dəniz, dənizaltı aləm, dalğıclıq, Sharm El-Sheikh, Dahab – Blue Hole barədə araşdırmadan topladığımız məlumatlar idi. Bütün bunlara əyani şahid olmaq üçün səbirsizlənirdim.
Misir vizası
Misir vizası bu günə kimi aldığımız ən asan viza idi. Tələb olunan sənədlər:
- Viza müraciət forması (səfirlikdə əldə edə bilərsiniz)
- Ağ fonda 1 ədəd 3.5×4.5 ölçülü şəkil
- İşdən arayış
- Biletlər
- Qalacağınız yer barədə məlumat
- 25 dollar (USD) ödəniş
Qeyd: Aeroportda qarşımıza çıxan (şəkildə gördüyünüz) yazıya əsasən, əgər Sharm El-Sheikh, Dahab, Taba, Nuweiba və ya Sant Catherin-i 15 gündən az olacaq müddətə ziyarət edirsinizsə, vizaya ehtiyac yoxdur! Amma biz bunu test etmədiyimiz üçün sizə qarantiya verə bilməyəcəm.
Saat fərqi
Azərbaycanla, Misir arasında 2 saat fərqi var. Azərbaycanda qış-yay saat keçidləri Formula 1 oyunları səbəbilə dayandırıldığı və Misir də 2015-ci ildən etibarən bu keçidlər ləğv edildiyi üçün, 2 saat fərq il boyunca dəyişmədən qalır.
Misir pulu
Yerli pul vahidi Misir funtudur (Egyptian Pound – EGP). Ölkədə baş vermiş bəzi xaoslar səbəbilə Misir pulunun dəyəri son illərdə hədsiz dərəcədə düşüb. Yerlilərin dediklərinə əsasən, qiymətlər də eyni ölçüdə artdığına görə turistlərə bunun heç bir təsiri yoxdur.
1 Misir funtu (EGP) = 0,096 Manat (AZN)
1 ABŞ dolları (USD) = 17.64 Misir funtu (EGP)
Qeyd edim ki, istənilən şeyi dollar ilə almaq mümkündür, ancaq hər yerdə fərqli kurs keçərli olduğu üçün pul xərcləməyə başlamazdan əvvəl yetərincə yerli pul əldə etməyiniz məsləhətdir. Amma nəzərə alın ki, sonradan funtu dollara çevirmək qəliz olacaq və ölkəyə əlinizdə sizə lazım olmayacaq funtlarla geri dönmə ehtimalınız olacaq. Yox, əgər pul kolleksiyaçısınızsa o zaman başqa. 🙂
P.S. Əgər dolları funta çevirmək lazım oldusa, o zaman tapdığınız ATM də dəyişin, çünki işlək ATM tapmaq bir az qəlizdir.
Yerli əhali
Misirlilər xarici turist görən kimi ovuclarını bir birinə sürtən, biraz mistik, bir az da yalan danışan millət olaraq gəldi mənə. Ən yadda qalan xatirələrimiz isə taksi sürücüləri ilə oldu. Hər şeyə haram deyən yerli əhali, taksi qiyməti mövzusunda insanlara kələk gəlib onları soymağı halal hesab edir…
Yolda sizə yaxınlaşan taksi sürücüləri (özəl maşını olan sürücüləri nəzərdə tuturam, real taksistləri yox) ilə heç bir dialoqa girmənizi məsləhət görmürəm, çünki hədsiz qiymət oxuyurlar. Geri dönməyimizə 2 gün qala (şahmatlı, şəkildəki kimi) yerli taksi xidmətinin daha ucuz olmasının şahidi olduq.
Misir mətbəxi
Misirə gedərkən, ətrafdan, dost tanışdan eşitdiyimiz digər yalnış məlumatlardan biri də, Misir mətbəxi haqqında idi. Sharm-da qaldığımız müddət ərzində biz, yemək məsələsində heç bir problem yaşamadıq. Oteldə və çöldə yediyimiz yeməklər tamamilə damaq zövqümüzə uyğun idi. Ədviyyatla zəngin yeməklər, dəniz məhsulları ilə bol, yaşıllıq dolu salatlar və tropik fresh meyvə şirələri. Tətil boyunca əvəzsiz dada sahib fresh mango şirəsi… Əsl mango necə olur, Misirdə anladım. Mmm, daha nə istəyərəm ki?! Tək sevmədiyim tahina (susam əzməsi) və yeni tanış olduğum tropik meyvə guava oldu.
Sharm El-Sheikh
Sharm El-Sheikh harada yerləşir?
Sharm El-Sheikh, Qırmızı dənizə uzanan Sina yarımadasının tam cənubunda yerləşir. İlin 12 ayı boyunca günəşin cəsurca parladığı Sharm Misirin ən öndə gedən tətil zonalarından biridir. Qızılı rəngli torpağı, plyajları, mas-mavi dənizi, zəngin sualtı həyatı, mərcanları ilə yerə göndərilmiş cənnətdir sanki. Dəniz, qum və günəşlənmə üçlüsünü sevən səyahətçilər üçün gözəl alternativ.
Sharm El-Sheikhə hansı mövsümdə getməli?
Sharm El-Sheikh ilin dörd fəslində də tətil üçün əlverişli seçimdir. Dəniz suyunun istiliyinin 20 dərəcənin altına düşməməsi, qışda belə temperaturun 20-25 C olması və Avropa ilə müqayisədə bir az daha büdcəli seçim olduğu üçün son illər ulduzu parlayan tətil yerlərindən biri olub. Sharm, Qırmızı dənizə açıldığından dalğıclıq üçün də dünyanın ən məhşur yerlərindən biri sayılır. Hətta, belə bir zarafat da var ki, yay fəsli ərəfəsində Qırmızı dənizdə balıqdan çox scuba dalğıclar olur. 😀
Qeyd: Dalğıclıq təlimçilərinin verdiyi məlumata əsasən, qış fəslində dənizə girmək mümkün olsa da, çıxınca insan sümüklərinə qədər donurmuş. Əlavə olaraq, akulaların cütləşmə fəslinə diqqət etmək lazımdır, belə ki bu dövrdə onlar çox aqressiv olurlar, insan həyatı üçün təhlükə yaradırlar.
Sharm El-Sheikh-ə necə getməli?
“Misirdə terror hadisələri olur”, “Ərəblər oğrudur” və daha nələr deyərək gözünüzü qorxudan “pozitiv dost-tanışlarınıza” ilk öncə dərindən nəfəs almalarını xatırladın. Sharm El-Sheikh yetərincə təhlükəsiz yerdir.
Bizim Misirə olan səfərimiz Gürcüstanın hava limanına kimi taksiylə başladı (Bakı-Gəncə-Qırmızı Körpü-Tiflis). Dörd nəfər olduğumuzdan yolun uzunluğunu hiss eləməsək də, hava limanına çatana kimi çox yorulduq. Tbilisi Hava Limanına kimi olan maşın xərcimiz və məkana çatma saatlarının cədvəli belədir:
- Bakı – Gəncə: tanış insan apardığı üçün ödəniş olmadı. (20:00 – 00:30)
- Gəncə – Qırmızı Körpü: dörd nəfər toplam 30 azn (01:00 – 03:00)
- Qırmızı körpü – Tbilisi hava limanı: 4 nəfərlik taksi 50 lari (03:30 – 04:30)
P.S. Bakıdan Gəncəyə avtobusla gediş haqqı 7 azn təşkil edir.
Qırmızı körpüdən də rahat keçdiyimiz üçün yola xoş əhvalla davam elədik. Yəqin ki, gömrüyün sakit olmasına səbəb vaxtın səhər saatı olması idi.
Tbilisi Beynəlxalq Hava limanı
Səhər saat 04:30. Artıq Havalimanında idik. İlk öncə hava limanına giriş qapısında uzun bir cərgə görüb nə baş verdiyini anlamadım. Giriş qapısına yaxınlaşdıqca qəribə bir mənzərənin şahidi oldum. Sən demə hava limanı çox kiçikdir və giriş hissəsinin kiçikliyindən qaynaqlanaraq insan sayına ev sahibliyi edə bilmir ki, sıra hava limanının çöl girişindən başlayırmış.
Siz siz olun, hava limanına uçuş vaxtından maksimum 2 saat əvvəl çatmağa çalışın. Nə olar, nə olmaz. Bizim uçuş saat 08:30-da idi. Qeydiyyatdan keçib, çemodanlarımızı baqaja verdikdən sonra up-uzun yolun yorğunluğundan dincəlməyə çalışdıq.
Air Cairo Airlines
Qahirəyə məxsus olan Air Cairo Airlines barədə isə Sharm El-Sheikh kimi positive düşüncədə deyiləm. Bu günə kimi bir çox ölkəyə səyahət etmiş və müxtəlif şirkətlərə məxsus təyyarələrə minik təcrübəsi olmuş birisi kimi, aralarında ƏN sevmədiyim və ən məsuliyyətsiz hava yolları məhz Air Cairo oldu. Bizim uçuşun səhər saat 08:30-da olmasına baxmayaraq, təyyarə gecikdi və minik saat 09:55-də başladı. Qəlyanaltı olaraq verilən yemək isə… Ondan üzülərək heç söz də açmaq istəmirəm.
Təyyarədən düşərkən gülərüzlə, bizi niyə bu qədər uzun gözlətdiklərini soruşduğumda, sərnişinlərdən birinin çemodanı təyyarədə olduğu halda, özünün minməmədiyini dedilər. Belə halda, beynəlxalq normalara əsasən həmin sərnişinin yükü təyyarədən çıxarılmadığı müddətcə təyyarə yerindən tərpənə bilməz.
P.S. Səyahətlərimin birində, mən də eyni halla qarşılaşdığımdan, styuartın üzünə yenidən gülərək yola davam elədim. Düşünürdüm ki, geri qayıdarkən bu cür hal olmayacaq. Yanıldım… Geri qayıdarkən də 1 saatdan çox yenə gecikmə oldu. Sonradan biz başa düşdük ki, bu şirkətin məsuliyyətsizliyi onların həyat tərzinə çevrilibmiş.
Passport yoxlanışları və immiqrasiya kartı
Hava limanında ölkəyə ayaq basmaq üçün, yəni passport kontroldan keçmək üçün Immigration Card-ın olub olmadığını soruşduqlarında donub qaldıq. Üzümüzdə sual dolu ifadələrlə “Axı bizim vizamız var, immigration card nəyə lazımdır?” deyə soruşduğumuzda, əgər bu kartı doldurmasaq passport kontroldan keçə bilməyəcəyimizi söylədilər.
Bu işlərdən məsul bir xanım bizə yaxınlaşıb “Doldurmanıza kömək edə bilərəm” dediyəndə ödənişini soruşduq. Bu balaca kartı doldurmağa adam başına 15 dollar… Məntiqimizi işə salıb özümüz doldurmağa başladıq və passport kontroldan keçib, Misir torpağına ayaq basdıq. Hava limanından çıxarkən 43 dərəcə isti ilə Sharm El-Sheikh bizə xoş gəldiniz dedi. 43 dərəcə isti dedim deyə gözünüz qorxmasın. Nəmişlik hardasa 0 səviyyəsində idi, o səbəblə də istini Bakıdakı qədər hiss etmirdik.
P.S. Tbilisi hava limanından sonra daha modern hava limanı ilə qarşılaşmağa da ayrıca sevindim.
Havalimanından şəhərə necə getməli?
Öncədən bizi hava limanından otelə kimi aparmaları üçün SunTransfers şirkətindən (internetdə bu tip xidmət təklif edən bir çox şirkət olsa da, bizə ən çox SunTransfers qiymət və güvən cəhətdən uyğun oldu) maşın xidməti təşkil etmişdik və budur həmin şəxs bizi hava limanında qarşılamaq üçün gəlmişdi (təyyarə 2 saat gecikməylə çatmış olsa da, sürücü bu vəziyyəti anlayışla qarşıladı və əlavə məbləğ tələb etmədi). Aeroportdan otelə gediş və geri uçuş günü gətirilmə üçün minivan-a 25.20 EUR ödədik.
Hava Limanından otelə olan məsafə təxminən 15 dəqiqə olardı.
Sharm El-Sheikhdə harada qalmaq olar?
73,000 əhaliyə sahib Sharmda, 200-dən çox otel və tətil zonaları var. Four Seasons, Sheraton, Hilton, Savoy, Marriott, Hyatt Regency kimi otelləri yan-yana görmək mümkündür. Hər səviyyəyə xitab edən otel tapa biləcəksiniz bir sözlə.
Bizim qaldığımız otel şəhərin ürəyinin atdığı Naama Bay küçəsinə yaxın yerləşirdi. Sharm-a gedirsinizsə oteli seçərkən dənizə yaxın olmasına xüsusilə diqqət etməlisiniz.
Restoranlar
Bir şeyi qeyd edim ki, yemək yediyimiz hər bir restoranda, yeyilən yemək qiymətlərindən əlavə, 12% servis haqqı və 14% dövlət vergisi tutulur. Bu məlumat menyunun ən alt hissəsində kiçik yazıyla qeyd olunur.
Düşündüm ki, olduğumuz restoranları sıralayaraq, hər biri haqqında kiçik məlumat verim. Onu da qeyd edim ki, adlarını qeyd edəcəyim restoranların əksəriyyəti Naama Bay küçəsində (Bu küçə haqqında ətraflı məlumatı aşağıda oxuya bilərsiniz) yerləşir.
Blue Stone restoranının yeməkləri dadlı, qiymətlər isə bir az yüksək idi. Xidmətdən razı qaldıq. Canlı lokal musiqi sədaları altında yemək yemək zövq verir insana. Hə, bir də musiqi yaman sümüyə düşür.
Elmasrien restoranında qiymətlər hədsiz aşağıdır. Dəniz və ət məhsullarının bol olduğu məkandır. Başlanğıc üçün özümə sifariş verdiyim şorbanın nə görüntüsündən, nə dadından razı qalmasam da (1 qaşıqdan sonra davam etmədim), ət və toyuq kabablarından tam tərsi razı qaldım.
Sharma yenidən gedəsi olsam, baş çəkəcəyim must have restoranlardan biri Pomodoro restoranı olar. Gülərüz personal, dap-dadlı yeməklər, dadlı fresh içəcəklər. Bu məkanı o qədər sevmişdim ki, dostlardan xahiş edib, ikinci dəfə yenidən bura geri dönmüşdük. Yediyim yeməklərin qiymətləri bu cürdür (yox, yox təbii ki, bu qədər yeməyi 1 sifarişə yeməmişəm ????)
- Göbələk şorbası 32 EGP (2 USD)
- Garlic Bread (sarımsaqlı çörək) 18 EGP (1 USD)
P.S. Bu günə kimi yediyim ən dadlı sarımsaqlı çörək idi. - Grilled Organic Half Chicken 88 EGP (5 USD)
- Fettuccine Con Polli 79 EGP (4.5 USD)
- Fresh Strawberry juice qiymətini unutmuşam
Qeyd: Pomodoronu sevməyimizin digər səbəbi isə burada servis və dövlət vergisinin yemək qiymətinə daxil olması idi.
Geri döndüyümüz gündən bir gün öncə kəşf etdiyimiz və aşiq olduğumuz Farsha. İnsanlar nəyə qadirdirlər… Dağın başında bu çür möhtəşəm məkan qurmaq təqdirə-layiqdir.
Burada sadəcə panoramadan və musiqilərin mükəmməl coverlarından zövq alaraq, alternativi bol olan çay, fresh meyvə şirələri və ya pivə içə bilərsiniz. Yemək demək olar ki, yox səviyyəsindədir. Sadəcə limitli çeşiddə pizza və french fries yeyə bilərsiniz. Must have məkanlarımdan ikincisi!
Baş çəkdiyimiz restoranlardan biri də Fayrouz idi. Menyuda olan hədsiz yüksək qiymətləri gördükdən sonra həmin gün ikinci dəfə “yakorumuzu” Pomodoroya atmışdıq.
Sharmda gecə həyatı
Naama Bay, gece hayatının ən aktiv olduğu bölgədir. Bu küçədə sözün əsl mənasında şəhərin ürəyi döyünür.
Little Buddha, Hard Rock Cafe, Black House, New Panorama, məhşur Pacha club və daha adlarını unutduğum bir çox gecə məkanları. Bir sözlə Misirin mətbəxi kimi, gecə həyatı da hər damağa xitab edən alternativlərlə zəngindir.
Little Buddha və Hard Rock Cafe-nin gecə həyatı isə necə deyərlər rəqslərlə illərin qurdunu tökəcəyiniz məkanlardır.
Little Buddha
Rəqs etməyə qətiyyən sıxılmayacağınız rahat mühiti var. Giriş biletlədir.
- Qızlara – 100 EGP (Normalda 200 EGP, ancaq tələsməyib ətrafda dolaşan təşkilatçılardan birini tapıb tədbirdən əvvəl danışaraq endirim almaq mümkündür).
- Oğlanlara – 200 EGP
Biletlə sadəcə çox limitli siyahıda içkilərdən birini götürmək olur, bunların normal qiymətləri 50 EGP-yə qədərdir.
Hard Rock Cafe
Ən xoş xatirələrimizdən biri Hard Rock Cafe (HRC) ilə əlaqəli oldu. Belə ki, HRC-ni Tiflis və Bakıda quran şəxslərdən biri olan Charlie ilə qarşılaşıb, onunla bol-bol söhbət etdik. Bakıdan gətirdiyi manatları bizə göstərdi, ölkəmizlə bağlı xoş təəssüratlarını bizimlə paylaşdı. Bir sonrakı ziyarətimiz party axşamına təsadüf etdiyinə görə bizə endirimli bilet təşkil etdi.
Menyu qiymətlərinə gəldikdə isə, onu deyə bilərəm ki, normal idi, heç də şişirilmiş deyildi.
Yuxarıda qeyd elədiyim servis və dövlət vergisi burada da keçərlidir, menyuda gördüyünüz qiymətlərə (toplam 26%) əlavə ediləcəyini unutmayın.
Pacha
Düzü Pacha-ya, Sharma gəldiyimiz ilk gün, partylərlə maraqlanmaq üçün daxil olduq və böyük partinin bazar günü olacağını öyrəndik.
Giriş qiyməti adam başına 200 EGP
Həftənin 4-cü günləridə partinin olduğunu öyrənsək də, qatıla bilmədik. İçəridə mühit bambaşqa idi və üstü açıq geniş məkan idi. İnteryerdə isə yaradıcılığa söz ola bilməz. Bir sözlə burada əylənə bilməsək də, ən azından ab-havanı gördük.
New Panorama
New Panorama axşam saat 22:00-da fəaliyyətə başlayır. Bu məkan haqqında xoş cümlə yazmaq üçün çox düşündüm, çünki heç sevmədiyim yer oldu. Nargilə qoxularının bir-birinə qarışdığı və o tünd iyin məni vurması və aşırı səs-küylü olması heç xoş deyildi.
Qısaca onu deyə bilərəm ki, məkan gecə alov shou, göbək rəqsləri və digər shouları ilə məhşurdur.
Yenə də optimist olaraq 2 müsbət rəy verməli olsam, çox dadlı Sahlepləri (Madonun sahlepi heç nə imiş) və Naama Bay küçəsinə baxan gözəl panoraması var idi.
Gəziləcək yerlər
Old City – daha çox hədiyyə almaq üçün gəziləcək yer
Dahab və Ras Muhammed Milli Qoruğu
Dahab və Ras Muhammedə olan səfərimiz haqqında çox yaxında ətraflı məqalə yazacağam.
Sharmda alış veriş
- Naama Bay küçəsi
- Old City
- Genena Shopping center
Şarmda alış-veriş üçün bu 3 məkanı sizə tövsiyyə edə bilərəm. Misirdə alına biləcək ən ideal hədiyyəlik əşyalar: qədim Misir mədəniyyətinə xas heykəllər, papiruslar, mərcanlar, eqzotik ətirlər, etnik şallar, gümüş və qızıl aksesuarlardır. Əgər alış veriş zamanı sizə fantastik qiymət deyilibsə, mütləq endirim tələb edin. Demişdim axı, turist görən zaman ovuclarını bir-birinə sürtürlər.
Sizə maraqlı bir fakt danışım. Old City-də hədiyyə alarkən, alacağımız əşyanın qiymətinin 80 dollar olduğunu eşidəndə şok olduq və tam dükandan çıxarkən satıcı bizdən əl çəkməyərək endirim edərəm dedi. Yekun qiyməti soruşduq və “tutar ayran tutmaz qatıq” deyərək başladı rəqəmlər sadalamağa. Yekun qiymət 8 dollar oldu və təbii ki, həmin hədiyyəni aldıq. Yəni 1 dəqiqə içərisində qiymət 10 dəfə endirildi! Siz bunu oxuyarkən gözlərinizə inanmadığınız kimi, biz də rəqəmi eşidərkən qulaqlarımıza inanmamışdıq.
Mütləq endirim tələb edin! Və məndən sizə bir məsləhət daha: Müsəlman olduğunuzu mütləq bildirin. Çünki əksərən bizi ermənilərə bənzətdikləri üçün və onları sevmədiklərindən endirim etmirlər və bu bir kənara qaşqabaqlı davranış sərgiləyirlər.
P.S. Dükana daxil olarkən müxtəlif meyvə ətirləri ilə zəngin çayların qoxusu sizi məst edir. Çalışın, Misirdən meyvə ətirli çay almadan geri dönməyin.
Diqqətli ol!
Ən çox taksistlərlə problem yaşaya bilərsiniz, çünki qısa bir məsafə üçün qiymət oxuyurlar. Bu halla qarşılaşmamaq üçün oteldən taksi sifariş verəcəksinizsə taksimetrəni açmasını tələb edin. Yol taksiləri ilə isə daha diqqətli olun.
Etmədən geri dönmə!
Zamanın durduğu yerlər:
- Dahab – Blue Hole-a baş çək.
- Gəmi turlarına mütləq qatıl. Ras Muhammed milli qoruğunda dənizdə üz, dalış və snorkling et. Qoy gözlərin bayram etsin.
- Dahab-da kanyonlara baş çək. Daha da adrenalin həvəskarısansa, dəvəyə minərək kanyonlara bax.
- Gecə Buddha Bar, Hard Rock Cafe, Pacha-nın əyləncəsinin dadını çıxar.
- Misir mədəniyyətinə xas heykəllər al.
- Fresh manqo, çiyələk və “n sayda” digər meyvə şirələrinin mütləq dadına bax.
- Qırmızı dənizdən çıxarılmış və dap-dadlı hazırlanmış balıq ye.
Bunu əsla etməyin!
Geri qayıdarkən əsla yanınızda bir dəniz canlısı və ya mərcanla geri dönməyin! Sizin dənizdən qopardığınız o gözəlim canlı mərcanın özünü bərpa etməsi 100 ilə tamamlanır. “Tək mənim mərcan qoparmağımla heçnə olmaz” deməyin. Bu düşüncə ilə yanaşan hər kəs dənizdən mərcan gətirsə, dənizaltı aləm səhraya çevrilər. Buna haqqımız varmı?
Əgər Misir Hava Limanında sizdə hər hansı bir dəniz canlısı və ya mərcan olduğu aşkar edilsə cəzanız həbsxana olacaq.
Xülasə
Sharm El-Sheikh-də dənizaltı həyatı gördükdən sonra geri dönmək qəlizdir. Küçələr yerli musiqi səsi ilə hədsiz hay-küylü və nargilə tüstüsü ilə boldur. Tətil boyunca məşğul ola biləcəyiniz “n sayda” idman və əyləncə var. İnsanları çox da gülərüz və isti qanlı olmasa da, ətrafdan eşitdiyim kimi də deyillər. Bəzən qəzəbli və qaşqabaqlı olmaları isə mənə görə hədsiz isti havadan da qaynaqlana bilər. Bir daha geri dönərəmmi? Əlbəttə dönərəm!
Ümid edirəm ki, mənimlə Sharm El-Sheikh-ə virtual səyahəti sevdiniz və məqaləni oxuduqdan sonra Misirə gedəcək olan oxuculara indidən Xoş İstirahət arzu edirəm.