Şengen Viza – Çexiya
Yaxın keçmişdə növbəti dəfə Şengen vizası üçün müraciət edərkən, müəyyən problemlərlə üzləşdik. Kifayət qədər Şengen vizası təcrübəsi olan biri olaraq deyə bilərəm ki, bu qədər maneəylə hələ heç vaxt qarşılaşmamışdım. Elə bu çətinlik məni məqalə yazmağa vadar etdi və düşündüm ki, bu məlumatları sizinlə niyə də paylaşmayım?!
Sharing is caring.
Bible / İncil
Məqaləyə başlamazdan əvvəl qeyd edim ki, bir çox başqa səfirliklərdən fərqli olaraq, Çexiya səfirliyi 1 həftə içərisində operativ şəkildə vizanı hazırlayıb təhvil verdi. Müqayisə üçün, Almaniya səfirliyindən Şengen vizası almağımız 25 gün çəkmişdi.
Şengen Vizası nədir?
Şengen vizası müvafiq səfirliklər tərəfindən verilən və şengen zonasına daxil olan 26 Avropa ölkəsinə səyahət etmək üçün verilən viza sistemidir.
Şengen zonasına daxil olan ölkələr bunlardır:
Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksenburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və İsveçrə.
Tələb olunan sənədlər (Turistik viza)
İlk öncə onu qeyd edim ki, Çexiyaya viza almaqla əlaqədar 2 rəsmi resurs mövcuddur: VFS Global və Çexiyanın rəsmi səfirlik səhifəsi. Bunların hər birində bir çox məqamla əlaqədar məlumat olsa da, tam dolğun sənəd siyahısı mövcud deyil.
Səfirliyə müraciət üçün ilk olaraq VFS Global-dan online görüş (online appointment) götürmək lazımdır. Məsləhətim odur ki, müraciət etməzdən əvvəl səfirliyə baş çəkib yekun siyahıyla orda tanış olasınız və ya sizə qaranlıq qalan sualların məsul şəxslərdən soruşasınız. Aşağıdakı siyahını da Caspian Plaza, 16-cı mərtəbədə yerləşən səfirlikdə divardakı məlumatlardan götürmüşəm:
- Müraciət forması
- Səyahət sənədi (Passport)
- Passportun özü
- Əsas səhifənin kopiyası
- Əvvəl aldığınız Şengen vizalarının kopiyası
- Şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin kopiyası
- Biometrik şəkil (35mm/45mm)
- Ödəniş (35 avro) – Avro xaric heç bir valyuta qəbul olunmur
- Qalacağınız yerin rezervasiya məlumatları
- Əlavə olaraq, yer sahibindən qalacaq adamların adları, passport nömrələri və qalacaqları tarix göstərilmiş vauçer
- Finans vasitələri
- Səyahət bileti (gediş və dönüş)
- Səyahət sığortası
Qeyd: Biznes vizası almaq istəyirsinizsə, rəsmi dəvət məktubu şərtdir. Tədbirdə iştirak bileti və ya bənzər sənəd kifayət deyil.
Qeyd 2: Çox girişli viza (Multi-entry) almağınız üçün, özlərinin izahatına görə: “Son 1 il ərzində 2 dəfə Çexiyaya viza alıb getmiş olmalısınız”.
Qeyd 3: Vizayla bərabər verilmiş məlumat kitabçasına əsasən, sizə viza verilməsi ölkəyə rahat girə biləcəyiniz mənasına gəlmir. Ölkəyə daxil olarkən də bütün isbat sənədlərini (tədbir/konsert biletləri, qalacağınız yer məlumatları, dönüş bileti və s.) göstərməyə və izah verməyə hazır olun.
Çexiya səfirliyinə təqdim olunan sənədlərdən sonra gözləmə etapına girdik və səfirlik qeyd elədi ki, siz rezerv etdiyiniz oteli iptal edə bilməzsiniz.
Əgər bu halla qarşılaşsaq siz vizadan məhrum olunacaqsınız. Bu mənim üçün ilk idi və ağlınızda olsun ki, öncədən tutulan otel və s sizin büdcənizi aşmasın. Çünki onsuz da siz onu iptal edə bilməyəcəksiniz.
Refundable-non refundable
Yuxarıda qeyd etdiyim kimi, əgər siz Çexiya səfirliyinə müraciət etmisinizsə, bilin ki, öncədən rezerv etdiyiniz qalacaq yeri sonradan ləğv edə bilməyəcəksiniz (səfirlik bunu tələb edir və əks təqdirdə sizin vizanız ləğv edilə bilər). Bunun üçün də airbnb.com, booking.com və s. kimi saytlardan qalacağınız yeri seçərkən refundable və non-refundable aspektinə diqqət yetirməyiniz məsləhətdir.
- Refundable: Ödəniş geri qaytarılır
- Non refundable: Ödəniş geri qaytarılmır
Əgər siz non-refundable olan mənzil/məkan seçmisinizsə və sizə viza verilməyibsə, o zaman ödədiyiniz məbləğ sizə geri qaytarılmayacaq. Əgər siz refundable mənzil seçmisinizsə sizə viza verilmədiyi təqdirdə ödəniş sizə geri qaytarılacaq. Nəzərinizdə saxlamanız lazım olan yeganə nüans son refund tarixidir.