15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Kitabla dost olmaq

0 Şərh

8 aylıq aradan sonra yenidən yazmağa qərar verdim. Super bir ertələyici olmağıma baxmayaraq, bu dəfə bu vərdişimə sadiq qalmaq istəmədim və yazmaq üçün uyğun vaxtın tam da indi olduğuna qərar verib başladım yazmağa.Məqsədim, əgər bu aralar sizin də əvvəl məndə olduğu kimi kitablara qarşı marağınız soyuyubsa, o soyuyan marağınızı yeniden alovlandırmaqdır. Amma favori kitablardan öncə bir az ümumi məqalə yazmaq istədim. Əslində əminəm ki bunları hamımız bilirik sadəcə unutmuşuq. Elə mənim də məqsədim unutduğumuz bu məqamları bir daha sizin yadınıza salmaqdır.

Bir ara artıq mən də TPT xəstəliyinə tutulmuşdum. TPT xəstəliyi?! Bəli, TPT qısaca olaraq Telefon Planşet Televizor xəstəliyidir. Müasir dövrümüzdə bir çox insanın düçar olduğu bu xəstəlikdən özümü və ətrafımda olan insanları agah eləmək istəyirəm. “Texnologiyanın qurbanı“na çevrilmək istəmirsinizsə, gəlin əl-ələ verək ətrafımızdakıları bundan xəbərdar edək. İnsanlar tanıyıram ki, kitabı planşetə yükləyir ordan oxuyur (bu mənə sıfır zövq verər) və ya valideynlər görürəm ki, başları dinc olsun deyə övladlarına telefonda nəsə cizgi filmi açıb verir (diqqətsiz seçilmiş bu cizgi filmlərin övladlarının şüur-altına necə mənfi təsir göstərdiklərindən belə xəbərsizdirlər). Bu bir kənara qalsın, hətta  nağıllarımızı övladlarına kitablardan nəvazişlə, ana qayğısı ilə oxumaq əvəzinə, yenə Youtube-da olan nağılları açıb övladlarında telefona çox kiçik yaşlarından vərdiş yaradırlar. Biz öz əlimizlə, öz davranışlarımızla övladlarımızı kütləşdiririk. Onların düşünmə, yaradıcılıq qabiliyyətlərini əllərindən almaqla yanaşı izlətdirdiyimiz bir çox cizgi filmi ilə hətta söz bazalarını da sıfıra endiririk. Bəlkə həyat şərtlərinin ağır olmasından bunu özümüz dərk eləmirik, bəlkə heç fərqinə varmırıq, ya da elə bilirik ki, ən düzgünü elə budur.  Övladımız ağlayır və sakitləşmirsə, və yaxud da yeməyini yemirsə… Aaahaaa, açaq Youtube-u, beyin kütləşdirici bu telefonda, planşetdə və ya televizorda ( TPT xəstəliyi) nəsə qoşaq, qoy övladımız sakit dursun! Bizim də başımız dinc olsun. Əgər siz də sadaladığım bütün bu vərdişləri edirsinizsə, necə deyərlər Zərərin yarısından dönmək də kardır! Ayılmaq vaxtıdır.

Kitabın əvəzolunmaz qoxusu

Yazarkən belə, köhnə kitab qoxularını qoxu reseptorlarım hiss edir. Mmm, necə sevirəm köhnə kitab qoxularını… Səyahət edərkən köhnə kitab mağazalarına girib, kitabları vərəqləyib, qoxusunu içimə çəkməyi çox sevirəm. Kitab almasam belə, mütləq gedirəm kitab mağazalarına. Əsas da, köhnə saralmış vərəqləri vərəqləmək sakitləşdirir məni. Lap Amelie kinosu yadıma düşdü. İzləyənləriniz bilir yəqin ki, kinoda baş qəhrəman (Audrey Tautou) əlini yaşıl mərci olan torbaya salır və bu hissi çox sevdiyini deyir.

ttz63wb

Kiçik, bəzən mənasız görsənən bir çox şeydə əslində həqiqətən həzz hissi var. Maraqlıdır sizə də həzz verən belə kiçik nüanslar varmı?

Kitabla yenidən dost olmağa nə deyirsən?

İlk öncə biz anlamalıyıq ki, kitabla bizim aramızda olan əlaqə çox dəyərlidir.  Niyə? Çünki əsasən də yuxu öncəsi kitab oxumaq bizim əsəblərimizi sakitləşdirir, bizi yuxuya rahat getməyə hazırlayır, mənfi düşüncələrdən uzaqlaşdırır. Mütaliənin faydalarını yaz-yaz bitməz. Məsələn, kitab oxumağın düşünmə qabiliyyətimizə müsbət təsir etdiyini bilirdinizmi? “Hmm, necə yəni?” dediyinizi hiss edirəm, çünki mən də eyni sualı vermişdim. Bir az daha açıqlayıcı olum o zaman. Mütaliə zamanı insanın düşüncəsi çox yaxşı inkişaf edir (xüsusilə də əgər siz hər gün oxuyursunuzsa), çünki mütaliə vaxtı biz əsasən əsərin ideyasını anlamağa çalışaraq həddindən artıq düşünürük.

Heç fikir vermisinizmi, indiki uşaqlar necə kəkələyə-kəkələyə danışır? Söz ehtiyyatları necə azdır… Danışarkən müxtəlif dillərdəki sözlərdən istifadə etmələri… Bütün bunların səbəbi övladlarımıza kitab oxumamağımız, onlara kitaba qarşı maraq yaratmamağımızdadır. “Uşaq ailənin güzgüsüdür!” Bilmirəm atalarımız bu cür dəqiq deyimləri necə biliblər. 😀 Bu həqiqətdir.

Bu problemin həlli əslində çox sadədir. Övladlarımız bizi kitab oxuyarkən görsə, istər-istəməz onlarda da kitaba maraq yaranacaq. Və ya övladlarımız körpəikən onlara şəkilli nağıl kitablarından nağıllar oxusaq, içi şəkillərlə zəngin kitablar alıb onlarla oturub bir yerdə vərəqləsək, şəkillər əsasında özümüzdən nağıllar uydursaq pis olmazmı?

Əziz bu blogu oxuyan oxucularım, unutmayın ki, kitab həmçinin sizinlə övladınız arasında isti münasibətin də yaranmasına kömək olacaq. Burdan hamınıza səslənirəm, heç olmasa arada öz keçmişimizə göz ataq… Valideynlərimizin bizə necə diqqətlə qulluq etdiklərini, bizə keyfiyyətli yeməklər, tərəvəzlər yedizdirdiklərini, məntiqimizi inkişaf elətdirən kitablar, oyuncaqlar aldıqlarını yadımıza salaq. Biz körpəikən necə bizimlə nəvazişlə vaxt keçirdiklərini, yuxuya getməyimiz üçün necə laylalar zümzümə etdiklərini, nağıllar oxuduqlarını xatırlayaq. Kompyuter və ya telefon ağır işləyəndə necə “format atırıq” və ya “restart edirik”, düşünürəm ki, biz insanların da “restart”a ehtiyacı var. Ancaq o zaman, cəmiyyətimiz sağlam düşüncələrə sahib ola bilər.

P.S. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizin də sağlam, savadlı övladlara sahib olması üçün, gəlin bir yerdə qollarımızı çırmalayıb, elə bu gündən həyatımıza, pis vərdişlərimizə əl gəzdirək.

Əvvəlki Post
American Breakfast Pancakes
Sonrakı Post
The Joneses – Conlar ailəsi
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin