Şərab kimi musiqilər
Divanda oturub Beyonce-un “Coachella” musiqi festivalındakı çıxışına baxırdım. Konsert bitdi. Televizoru söndürüb, pəncərənin qarşısına getdim. Konsertin ab-u havasına bürünmüş halda və bir gün bu festivala getmək arzumla fikrə getdim. Hava bu gün boz olsa da, çox gözəldir. Quşların insana motivasiya verən cik-cik səsləri, musiqiləri məni məqalə yazmağa, klaviaturanın qarşısına keçməyə sövq elədi. Düşündüm ki, “Niyə də sevdiyim musiqilər, qruplar haqqında məqalə yazmayım?!”
Mənim üçün musiqi, həyatın ən böyük nemətlərindədir! Olmazsa olmazımdır. Ruhumun qidası, beynimin idmanıdır. Çox uzada bilərəm bu hissəni, amma etməyəcəm. Hazırki dünyamızda azla yetinə bilməyən insanlarımız var. Daha çox geyim, daha çox makiyaj ləvazimatı, daha çox aksessuar… O isə ki, musiqi, cəmi 7 not və bu notların yaratdığı əfsanə musiqilər.
Hard rock xaric demək olar ki, hər növ musiqiyə qulaq asıram. Qulaq asacağım janr daha çox əhvalımdan asılıdır. Bəzən fransız musiqisi – Edith Piaf, İndila; bəzən rus musiqisi – əsasən Evgeny Grinko, A-Studio; bəzən Ludovico Einaudi, Hans Zimmer, Yann Tiersen bəstələri (əsas da Amelie filminin soundtrack-ləri), Sigrid, Hooverphonic (aşiqiyəm), Khalid, Frank Ocean, Dream Koala, Poldoore, Moby, Glass Animals, Lianne La Havas, Sade, Damien Rice (indie rock), Ella Eyre, The Chainsmokers, Camila Cabello. Unutduğumu düşünürsünüzsə, əsla! Coldplay-siz bir günümüz olmasın.
Bu siyahı da yazdıqca çox uzanacaq deyə qısa yazmaq istəyirəm. Amma gələcək üçün sizlərə maraqlı olsa, bu mövzuya bir də geri dönə bilərəm.
Bəs hansı janr olmazsa olmazımdır deyə soruşsanız Jazz və Blues-dur. Dünya aləm bir olsa da, bu sevgimdən dönən deyiləm. 😀
Məktəb illərindən, əsas da 9-cu sinifdən bu janrlarla ruhumu bir bütün hiss edirəm. Bu janrlar məni real dünyadan qoparıb, xəyal dünyasına aparır. Həftələrlə ac qalan insanın yemək tapıb yeyib özünə gəlməsi kimi, səhrada günlərlə susuz qalmış insanın bir ovuc su tapıb boğazını isladıb rahatlaması kimi rahatladır ruhumu bu janrlar.
Qulaq asdıqlarım isə əksərən, Ray Charles, Louis Armstrong, Ella Fitzgerald, Nat King Cole, Etta James, Bob Dylan, Nina Simone, Norah Jones, Dinah Washington, Parov Stelar (jazz və swing), Muddy Waters. Yerlilərdən isə – Vaqif Mustafazade, Isfar Sarabski.
İndi gələk məqalənin adının niyə “şərab kimi musiqilər” olduğuna. Yəqin hamınıza məlumdur ki, şərab nə qədər çox yaşa sahib olsa, bir o qədər dadlı və dəyərli olur. Mənim üçün də, bəzi musiqilər var ki, illər keçsə də, yorulmadan-usanmadan qulaq asıram. Qulaq asdığım şərab kimi musiqilərdən kiçik bir siyahı;
- Parov Stelar – Milla’s Dream
- Parov Stelar – The Princess
- Parov Stelar – Song For The Crickets
- Lauryn Hill – Ex-Factor
- Paolo Nutini – Iron Sky
- Poldoore – Midnight In Saigon
- Poldoore – Ain’t No Sunshine
- Lianne La Havas – Gone
- Sarma – Remember Me
- Hindi Zahra – Stand Up