15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Ras Muhammad National Park.

2 Şərh

Öncəki yazıda da qeyd etdiyim kimi, bu məqalədə snorklingdiving haqqında yaşadığım təcrübəmi sizlərlə paylaşacam. İlk olaraq, hər iki təcrübəmin də baş tutduğu Qırmızı Dəniz haqqında kiçik məlumatla yazıya start verim.

Qırmızı dəniz Hind Okeanında, Ərəbistan yarımadası ilə Afrika qitəsi arasındakı tektonik çökəklikdə yerləşən daxili dənizdir. Dəniz şimalda Sinay yarımadası ilə iki yerə ayrılır. Dənizin maksimum dərin olduğu yer 3,040 metrdir. Dənizaltı həyatına görə və çoxalmağa əlverişli istilikdə olduğundan, fauna və flora bu zonada çox zəngindir. Duzluluq həddindən artıq yüksəkdir. Hələ o duzlu su qəfil gözünüzə düşsə, vay halınıza.

P.S. Məktəb illərindən coğrafiyanı çox sevirdim və (təvəzökarlıqdan uzaq olacaq) yaxşı da tələbə olmuşam. Lakin hər dəfə Qırmızı dəniz adı qarşıma çıxanda, düşünürdüm ki, dənizin rəngi qırmızıya çalır. Bu düşüncə uşaqlıq illərimin xəyal məhsulu imiş. Dənizin rəngi o qədər şəffaf, təmiz və mas-mavi idi ki… Düşünürəm heç bir şəkil o gözəlliyi əks etdirə bilməz!

Sharm El-Sheikhdə dəniz turları

Keçək məqaləmizin əsas hissəsinə. Əminəm ki, Sharm El Şeyxdə snorklingdiving üçün hər bir oteldə bu tip dəniz turları təşkil edən tur agentləri var. Bizim oteldə isə maraq dolu dəniz turumuz Desert Rose Diving Center-in rəhbərliyi ilə baş tutdu. Aranızda kiminsə belə bir planı varsa, ödəniş və bəzi nüanslar haqqında məlumat vermək istərdim.

Ödəniş adam başına 35 USD təşkil edirdi. Bu qiymətə diving, snorkeling, günorta yeməyi və oteldən gəmiyə avtobusla gediş-dönüş xidməti daxildir. Ödəniş olunduqdan sonra sizə blank təqdim olunur. Blankda 10-a yaxın xəstəlik adı qeyd olunur və əgər qeyd olunan hər-hansı bir xəstəlik sizdə varsa işarələməyiniz tələb olunur.

Dost məsləhəti: Bu tip hallarda çox həssas davranın, diqqətlə oxuyun və doğru məlumatları qeyd edin! Heç bir şey sağlamlığınız qədər vacib deyil! Blankın aşağı hissəsində isə sizə veriləcək dəniz geyimləri üçün ayaq və bədən ölçüsünü qeyd edirsiniz. Bununla da qeydiyyatdan keçmiş olursunuz.

Həyatımda daha bir ilk

Bizim tur əslində 15 avqustda baş tutmalı idi, amma və lakin, hər səyahətdə olduğu kimi, bu dəfə də şirin tərsliklər bizdən yan keçmədi və məcbur təxirə salmalı olduq. Sonradan agentlik tərəfindən bizə bildirildi ki, təxirə salındığı üçün əlavə olaraq adam başına 10 dollar ödəməmiz lazımdır. Tələb olunan məbləğ ödəndi və turumuzu 17 avqusta keçirtdik. Səmimi deyim ki, təxirə salındığında xoşbəxtlik hormonlarım bayram edirdi, çünki qorxudan az da olsa (2-cə günlük) xilas olmuşdum.

Üzməyi az-çox bacarsam da, hər zaman bir cümlə deyirdim: “Mən heç vaxt dənizdə üzmərəm!” Həyat mənə yenə böyük danışdığımı sübut etməyə hazırlaşırdı. Bilmirəm niyə, amma ayaq altında boşluq hissinin olması məni yaman panikaya salır. Gözlənilən 17 avqust tarixi gəldi. O qədər həyəcanlı idim ki heç qəlyanaltı belə edə bilmədim. Avtobusa tərəf gedib yerlərimizə oturduq və yola düşdük.

Bir müddət avtobusla səyahətdən sonra sahilə çatdıq. Pasportlar kontrol olundu və gəmiyə minik başladı.

Gəmidə, ağlımda durmadan sadəcə 1 fikir yüksək səslə “Bəlkə sadəcə snorkling edəsən” deyirdi, çünki diving üçün özümü heç hazır hiss etmirdim. Nə də olsa, (uşaqlıq illərimdən sonra) ilk dəfə idi ki, dənizə girəcəkdim. Ağlımdan keçməyən fikir qalmamışdı. Ya hansısa dəniz canlısı ayağımdan tutub məni dənizin dibinə aparsa, ya akulaya yem olsam, ya skat məni vursa və daha nələr nələr. Bəli, bəli akula.

Bizə öncədən məlumat verilmişdi ki, dənizdə akula var, sadəcə bu günə kimi hələ kimsə bundan zərər çəkməyib. Mənim başıma bu dünyada nələrin gəldiyini yazmağa başlasam, deyərdiniz ki, həmin gün 100% akulaya yem olmalı idim. Hə bir də delfin görmək şansımız var idi. Akulaya nə qədər rast gəlmək istəməsəm də, delfinə bir o qədər rast gəlmək istəyirdim.

Ras Muhammad National Park

Gəmi 3 fərqli yerdə şnorkellə üzmək və dalış üçün dayanacaqdı. Hər 3 dayanacaq da Ras Muhammad National Park-ın tərkibində idi.

İnstruktorlar diving üçün bizi 4-5 nəfər olmaqla qrupa böldü və qaydaları izah etməyə, şərtlərini qeyd etməyə başladı. Qrupda insan sayının az olmasına baxmayaraq dalış 1-1 baş tutacaqdı. İnstruktor bizdən hər şeyin aydın olub olmadığını soruşduqdan və bizim də təsdiqimizdən sonra kimin könüllü olaraq 1-ci dalmaq istədiyini soruşdu. Sizcə birinci kim oldu? Bingo! Təbii ki mən. İndi deyəcəksiniz ki, həm dedi qorxuram, həm də birinci dalmaq qərarını verir. Səbəb çox sadədir əslində: Stresdən tez azad olmaq üçün verdim qərarımı.

Toplantımız bitdi və hər kəs gəminin 2-ci mərtəbəsinə qalxdı. Gəmi rahatlıq cəhətdən çox əla idi. Üstü örtülü olmasına baxmayaraq, istəyən günəşlənə, istəyən isə dəniz mənzərəsinin dadını çıxara bilərdi. Mən 2-ci dayanacaqda dalacaqdım. Heç bir cümlə ilə dənizin rənginin təmizliyini, saflığını ifadə edə bilmirəm! Gəmimiz ilk dayanacağa yaxınlaşmağa başladı.

Jackfish Alley

Öncə dalış edənlər suya endikdən sonra, snorkling edənlər də növbə ilə suya tullanmağa başladı. 1-ci dayanacaqda qərara gəldim ki, snorkling edim və dəniz suyuna adaptasiya olum.

Gəlin sizə ilk olaraq maraqlı bir əhvalatı danışım. Gəmidə yaşı 70 dən yuxarı olan bir qadın var idi. Nənə yazmağa əlim gəlmədi çünki, hədsiz baxımlı idi! Çox həssaslıqla seçilmiş dəniz geyimi, saçlarının rəngi, dırnaqlarının boyası. Ona baxdıqca gözlərim bayram edirdi. Kim deyir ki qadın filan yaşında rəngli geyinməz deyənlərə bu qadın əsl cavab idi! Mükəmməl baxımlı bu qadının da suya tullandığını görüb cəsarətləndim.

Suya tullanmaq sırası məndə indi. Suya hoppandım….yazmağı çox istərdim.  Dənizdə üzməyən insan üçün qorxum normal hal idi deyə düşünürəm. Beynim hoppanaq deyirdi ayaqlarım hoppanmayaq! Ayaqlarımı suya salaraq gəminin kənarında oturdum və instruktora tullanmağa hazır olmadığımı deyib, növbəmi digərlərinə vermək istəyirdim ki, instruktor yox biz səni gözləyəcik dedi.

Gərginləşməyə başlamışdım. Məndən sonra bu qədər insanın məni gözləyəcəyini görəndə. Özümə söz verdim.  Ayağa qalxacaqsan və 3-dən geri saymağa başlayıb, heç nə düşünmədən suya tullanacaqsan! Hələ bu stress və qorxuyla geri çevrilib, məni əsla arxadan kimsə qəfil suya itələməsin deyə xəbərdarlıq da eləmişdim. İndi bunu gülümsəyərək yazıram.

3, 2, 1 və suya hoppandım. İlk hiss etdiyim ayaq altında olan boşluqdan qaynaqlanan  qorxu və panikadan nəfəs almağı normal olaraq unutmağım oldu. Instruktor yəqin ki rəngimin ağarmasından necə qorxduğumu başa düşüb, bax mən yanındayam və sadəcə nəfəs al-ver sakitləş dedi.

Ona güvənməyimin nəticəsində yavaş-yavaş üzməyə başladım. Gəmi bizdən uzaqlaşmağa başladı və bir də gördüm ki dənizin ortasındayıq. Gəmiya baxmamaq üçün əlimdən gələn hər şeyi etdim ki onun uzaqda olması da məni panikaya salmasın. Suya tam adaptasiya olduqdan sonra başladım snorklingə. Qorxudan tir-tir əsən insandan əsər qalmadı balıqları görəndə. İndi gəlin məni sudan çıxarın… Qeyri adi balıqlar, onların kolona ilə bir yerdən digər yerə üzməsi, sinxron su rəqsləri, möhtəşəm rəngə sahib mərcanlar (coral), mərcanların suyun altında yaratdığı kobud ifadə etsəm kanyonlar, günəşin suyun altına yansıtdığı şüası sadəcə bunların qarşısında gözlərim doldu və  ürəyimdə bu mükəmməl dənizaltı həyatı gördüyüm üçün şükür elədim! Bir sözlə gözlərim bayram edirdi. Amma heç cür inana bilmirdim ki, bu mənəm! Az öncə suya hoppanmamaq üçün min bir bəhanə axtarmağa çalışan mən indi tamamilə özümü suya həsr edib dənizaltı aləmin dadını çıxarırdım. Hər şey yuxu kimi idi və oyanmaq istəmirdim! Hardasa 20 dəqiqə oldu və artıq sudan çıxıb digər dayanacağımız üçün yolda düşdük.

Marsa Gozlany

Ətraf o qədər gözəl idi ki anın dadını yaşamaqdan şəkil çəkməyi belə unutmuşdum.  Daha çox şəkil çəkməyi istərdim.

Gözlənən an yaxınlaşırdı. Instruktor 2-ci stansiyaya yaxınlaşdığımızı dedi və məni hazırlaşmaq üçün aşağı çağırdı. Həyəcanlı olmağıma baxmayaraq beynimdə qərar vermişdim ki, bacaracam! Dalış üçün tam hazır olduqda, belimə 20-25 kq-lıq (kiçik formada 1-1dən aralı 4 ədəd) daş bağlandı. Daha sonra oksigen balonu taxıldı.

 

Həyatım boyunca bu qədər ağır yük daşımamışdım! Ağırlıqdan hardasa dizlərim bükük vəziyyətdə yerə yıxılacaqdım. İnanmayacaqsınız amma instruktor demədən özüm suya hoppandım. Bu dəfə isə sırf bu ağırlıqdan yaxa qurtarmaq üçün. Nə qədər ağır olsam da, bilirdim ki, geyimin havası boşaldılmadığı üçün suyun üstündə qalacam.

P.S. Dənizin duzluluğundan batmaq onsuz da mümkün deyil. Amma mən özümü bu halda belə batırma potensialına sahib hiss edirdim.

Dalış çox daha qəliz olduğundan bir az zaman istədim. Hardasa 5 dəqiqə keçdi və əlimlə eniş üşün tam hazır olduğumu bildirdim. Geyimin havası çıxarıldı və yavaş- yavaş dənizin altına enməyə başladıq…Gözəllik qarşısında aciz qalmaq necə bir hissdir tamda burda başa düşdüm.  Hər 1 metr endikcə dənizdə necə bam-başqa bir həyatın olmasına şahid olmaq insanı valeh edir və sanki təbiətin əsrarəngiz gözəlliyi səni ona daha çox qulluq etmənə, onun daha çox qeydinə qalmana sövq edirdi.

Hardasa 3m endikdən sonra qulaqlarım batmışdı. Təlimdə bizə qulaqları necə açmaq lazımdır deyilmişdi. Qulaqlarımı açdım və enməyə davam elədik. Bu dəfə sadəcə bir şeydən narahat idim bu gözəllik qarşısında ağzımı açıb, WOW deyə qışqırmaqdan. Hər saniyə müəllim nəzarət edir ki, əgər hər şey qaydasındadırsa enməyə davam edək. Toplam 7 m endik. Nə yalan deyim 7ci metrdə qulaqlarımda tutulma və göynəmə daha çox özünü büruzə verdi və sanki dərinə endikcə qulaqları açmaq və nəfəs almaq daha da qəlizləşirdi. Dalış vaxtımız tamam olduqdan sonra suyun üzünə qalxdıq. Bütün qəlbimlə sadəcə Tanrıya bunları mənə yaşatdığı üçün durmadan şükr edirdim! Marağında olan hər kəs bunu etməlidir. Bütün qorxularınızı atın bir kənara və dadını çıxarın.

Diving-də qızıl qayda

  1. Rahat olun
  2. Suya enməyə başladığınız andan etibarən sürətli nəfəs alıb-verməyi unutmayın. (ağızda olan aparatla nə qədər çətin olsa belə)
  3. Sudan çıxarkən çıxma sürətinizə diqqət edin (mən sürətli çıxdığım üçün başım gicəllənmişdi və gəmiyə qalxarkən qeyri-ixtiyari yenidən o ağır yüklə dənizə düşmüşdüm :D)
  4. Mən mükəmməl üzürəm deməyin! Diving zamanı yanında mütləq instruktor olsun.
  5. Dəniz canlılarına hörmət edin və onları ürkütməyin.
  6. Alkol almısınızsa (az miqdar belə olsa) əsla dive etməyin!

Marsa Brika

Üçüncü dayanacaqda da hamımız snorkling elədik və gəmiyə qayıdandan sonra günorta yeməyi yedik. Geri dönmək zamanı idi artıq. 7 saat necə keçdi heç hiss olunmadı.Sanki 7 saniyə kimi bir göz qırpımında bitdi.

Dalğıclığın növləri

  1. Open water – 18m
  2. Advance – 30m ( 3gün təlim keçilir. 3 gündən 1-ri gecə dalışıdır)
  3. Rescue – 40m
  4. Divemaster – 40m-dən sonrası

Moataz Elaraby-ə təşəkkürlər

Bütün qorxularıma baxmayaraq məni bacaracağıma inandıran instruktor haqqında yazmasam olmaz deyə düşünürəm. Necə deyərlər tam bir dəniz adamı. Hər şey üçün ona həyatım boyunca bütün qəlbimlə təşəkkür edəcəm!

Bir şeyi başa düşdüm ki həqiqətən də insan əlinin dəymədiyi yerlər mükəmməl dərəcədə gözəldir! Dünyamızda bu qədər gözəllik mövcudikən biz insanlar nəyin axtarışındayıq ( başqa dünya axtarışını nəzərdə tuturam) başa düşmürəm. Əlimizdə olanların dəyərini başa düşüb onu qorusaq kaşki. Digər məqalamdə sizinlə Sharm -El-Sheikh-in son hissəsi olan Dahab Blue Hole haqqında təssuratlarımı bölüşəcəm.

P.S. Bütün bunlardan sonra başa düşdüm ki, niyə Sharm El Şeyxdə gəmi turları bu qədər rəğbət qazanıb! Gəmidə günəşlənmə, Qırmızı Dənizin masmavi suyunda üzmək, rəngarəng dənizaltı həyatına şahid olmaq niyədə rəğbət qazanmasın ki?!

Əvvəlki Post
Sharm El-Sheikh
Sonrakı Post
Sia – Everyday is Christmas
Mrs. Chef

Memar və interyer dizayner

2 Şərh

  • March 10, 2018 at 7:41 am
    MOATAZ WAHBA

    Great work i like it so much

    Cavab
    • March 19, 2018 at 12:34 pm
      narali

      Thank you! ^_^

      Cavab

Şərh Bildirin