15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Qravitasiyadan zövq al

0 Şərh

Yağmurlu, təmiz və sərin havadan hər kəsə salam. Uşaqlıqdan yağışa və yağışdan sonraki torpaq ətrinə aşiq biriyəm və çətirimi götürüb saatlarla yağışın altında gəzdiyim illəri xatırlayıram. Bunu indi də təkrarlayıram və çətirə dəyən yağış səsləri məni dərin düşüncələrə aparır, həm də ruhuma müsbət təsir edir.

Termin öyrənməyə həvəsim bu sevgimin adını da tapmağa sövq etmişdi və oxumuşdum ki, yağışdan zövq alan insanlar “pluviophile” adlanır. Yağışdan sonra havada olan torpaq ətri isə “petrichor” adlanır.

Yağışlı havada yenidən yazmağa ilham pərilərim gəldiyi üçün bu gün yeni məqalə ilə qarşınızdayam.

Karantin günləri

Hazırda yegane evimiz olan yer planetində baş verən “Ümumdünya pandemiya” bir çoxları kimi bizim də planlarımızı pozsa da, sakit qalmağa, bunu qəbullanmağa və sağlamlığımızı qorumağa çalışırıq. Hazırda əsas məqsəd bu etapı sağlam bitirməkdir. Pozulan planlara görə isə üzülmürəm və yekunda hər şey bəlkə əvəllkilərdən də daha gözəl olacaq deyə ümid edirəm.

Uzun zaman oldu pozulan planlara və ya hadisələrə üzülməyi buraxdığım. Çünki həyat indi cərəyan edir. İndidə nəfəs alıb veririk və indidə görürük, hiss edirik. Ona görə də anı yaşamaq və indiyə fokuslanmaq düşünürəm ən doğru seçimdir. Xoşbəxtliyi böyük hadisələrdə və əşyalarda (evdə, avtomobildə, bahalı geyim və s.) axtaran insanlar üçün bu pandemiya və xüsusən də nəfəs almaqdan əziyyət çəkən insanlar gözəl bir xatırlatma oldu ki, əslində şükür edəcək ən əsas nemət insanın bədəni və onun düzgün funksiyasıdır. ♥

John Lennonun ən sevdiyim sitatı ilə bu hissəni bitirmək istəyirəm.

“Life is what happens to you while you’re busy making other plans.”

Necə gözəl deyilib elə deyilmi?! Həyat biz başqa planlar qurmaqla məşğul ikən baş verəndir.

Yer Planetini qoru və ondan zövq al

Pandemiyaya – Covid19 tam olaraq nə səbəb oldu hələ bizə məlum deyil, lakin baxdığım sənədli filmlər və oxuduğum güvənli qaynaqlardan bir onu deyə bilərəm ki, buna səbəb yenə də insan nəfsi və Çin dövlətinin məsuliyyətsiz qərarları oldu. Bu haqda geniş yazmaq qərarında deyiləm.

Hiss etdiklərim və yazmaq istədiyim başqa məsələdir. İnsan hər zaman gələcəyə investisiya edir və xoşbəxtliyi materializmdə axtarır. Bir gün dünyada pandemiya baş verir və insan açıq havada gəzə bilmədiyi, yay istisində nəfəsi ciyərlərinə rahat çəkə bilmədiyi üçün ( taxılan tibbi maskalara görə) və sevdiyi insanları qucaqlaya bilmədiyi (siyahını uzatmaq istəmirəm) üçün üzülür. Bəli insanlıq hər şeyin qədrini itirdikdən sonra anlayır.

Özümdən nümunə verməli olsam, deyə bilərəm ki, bunların heç biri üçün üzülmürəm və pandemiyadan öncə belə aldığım hər nəfəs üçün hər gün şükr edən birisiyəm. Xoşbəxtliyi isə heç bir əşyada və ya hadisədə axtarmıram. Xoşbəxtlik indidə mövcudluğum, sağlamlığımız və sevdiyim insanların yanımda olmasıdır.

Başqa planetə getmədən öncə

Yer planetinə o qədər sonsuz sevgim, marağım var ki, hər saniyə ondan daha da çox zövq almağa çalışıram. Bu pandemiya ərzində mən də daha öncələr gözdən qaçırdığım və unutduğum bəzi şeyləri yadıma salıb, onları bərk-bərk qucaqlayıb zövq almağa çalışıram. Bir sözlə Planetimizə aşiqəm!

Bəlkə bir gün gələcək, bu planeti tərk edib başqa planetə, aya və ya hansısa orbitə göndəriləcəyik (mübaliğə deyil, realdır) və o zaman Yer planetimizdə edə bilmədiyimiz və ya vaxt ayırıb etmədiyimiz hər bir şey üçün köks ötürüb özümüzü bağışlamayacağıq.

Bəlkələrdən öncə

Bəlkə sevdiyin mahnının sədaları altında rəqs edə bilmədiyin üçün, təmiz havada gəzə bilmədiyin üçün, səhər günəş çıxanda quşların cəh-cəhini eşitmədiyin üçün, dəniz kənarında torpağın üzərində oturub, günbatımını izləyə bilmədiyin üçün, istədiyin hadisə baş tutan zaman hoppanıb sevinə bilmədiyin üçün, road trip zamanı sevdiyiniz playlisti qoşub, açıq pəncərədən sərin mehin saçlarınızın arasında rəqs etməsi üçün, dəniz kənarında ayaqyalın qumun üzərində gəzmədiyin üçün və sevdiyin yeməyi hazırlayarkən buxardan qapaqda yığılan su damlalarını qazana tökmədiyin üçün (yemək hazırlayərkən bunu etməyi çox sevirəm) çox üzüləcəksən. Çünki qravitasiyasız yerdə bunların heç biri mümkün olmayacaq.

Ona görə də bütün bunları itirmədən öncə qravitasiyanın da qədrini bil və dadını çıxar.

Əvvəlki Post
Karantin Playlist
Sonrakı Post
Milan Kundera
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin