Peşəkar Memarlıq Dərsləri
Bu dəfə fərqli bir mövzuda təəsuratlarımı sizinlə bölüşmək istəyirəm.
Mövzu Memarlıq kursu haqqında olacaq. Dürüst olsam, kurs başlığı altında olan heç nəyə, heç bir zaman güvənim olmayıb. Bəlkə də, dəfələrlə başlayıb, istədiyim effekti görmədikdən sonra, kursdan ayrıldığım üçün güvənimi itirmişəm.
Universitetə hazırlıq zamanı ingilis dilindən kursa yazılmışdım. Güclü söz bazam olsa da, qaydalarda büdrədiyim tərəflər çox idi və onları gücləndirmək istəyirdim. İstədiyim effekti 1 ay ərzində görməyincə kursdan ayrıldım və qəbul imtahanında söz bazam və məntiqim sayəsində 21 düz cavab yazdım.
Bir çox sahədə, istər hər hansısa fənn olsun, istərsə də proqram, insan öz gücü ilə hər şeyə nail ola bilər!
Bir kursa 2 ildən artıq müddət idi ki, qatılmaq istəyirdim. Kurs da deməyə dilim gəlmir, Memarlıq Dərsləri deyəcəm. Dedim axı, kurslara elə də güvənim yoxdur, amma bu dəfə bir çox sual və qorxu var idi ağlımda. Dərslər mütəxəssis memar tərəfindənmi keçirilirdi? Əl ilə çəkməkdə güclü deyildim, bu və digər komplekslərimə görə heç cür bacara bilmədim illər ərzində qorxularımla.
Bu il yekun bir qərar verdim ki, nə olursa olsun artıq ipin bir ucundan tutmaq lazımdır! Əgər inkişaf edib, yeni bilgilər əldə etmək istəyirəmsə, bunu etməliyəm. Sonunda bu il 4 gözlə dərslərin yeni elanını gözləməyə başladım. Elan verilən kimi ilk işim Urfan Mammadova yazmaq və məni qeydə almasını xahiş etmək oldu. İşimi şansa buraxmaq istəmirdim. Qeydiyyatdan keçdim və dərslərin başlamasına hardasa 5 gün vaxt var idi. Çox stressli hiss edirdim. “Bacara biləcəyəmmi?”, “Bu dəfə istədiyim uğura nail ola biləcəyəmmi?” deyə durmadan özümü panikaya salırdım. Və nəhayət dərsin ilk günü başladı və yeni bir macəraya start verildi.
Dərslər kim tərəfindən keçirilir?
Dərslər peşəkar memar Urfan Mammadov tərəfindən, həftədə 2 dəfə olmaqla, hər dərs 2 saat keçirilir.
Məkan
Dərsin keçirildiyi məkan İçərişəhərdə yerləşir. Otaqda olan ab-u hava isə insana tamam başqa bir həzz verir. Şəkillərdən belə hiss eləmək mümkündür ki, insanın yaradıcılığını işə salması üçün mükəmməl mühit var. Lampa işıqlarında jazzlı, poplu, pianolu, bəzən hətta blues-lu musiqili şəraitdə kim işləməkdən zövq almaz ki?!
Nələr öyrədilir?
İlk öncə düz xətt çəkmədən başlayan dərslər get gedə qəlizləşməyə başlayır və memarlıqda bizim üçün faydalı ola biləcək bir çox detalların əllə necə çəkmək lazım olduğunun yolları izah edilir. Düz xətt çəkmək mi? Bəli düzgün oxudunuz, ilk öncə bu çox sadə səslənsə də, dərslərə başlayanda heç də elə olmadığının şahidi olacağınıza söz verirəm 😀
Sizə kiçik bir sirr verim? Dərslər başlamadan evdə düz xətt çəkməyi çoxlu məşq edin. O zaman siz 1-0 fərq ilə öndə olacaqsınız. Bu da bizim sizlə aramızda olan kiçik sirr olsun 😉
Bu dərslər kimə daha faydalıdır?
Universitet telebeleri, hətta məzun olan və yeni məlumat öyrənmək istəyən tələbələr üçün bu dərslər mükəmməl seçimdir. 4 il Memarlıq fakultəsində oxumağıma baxmayaraq, bir çox dəyərli məlumatları məhz bu dərslər sayəsində öyrənirəm. Düşünürəm ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində Memarlıq və ya Dizaynerlik fakultəsinə daxil olmaq istəyən tələbələr də ilk öncə bazanı burda əldə etsə, universitetə qəbul olduqdan sonra, daha təcrübəli tələbə olma şansı əldə edəcək. Sadə geometrik formalar, perspektiva, spiral pilləkən, rənglərin eskizlərdə düzgün istifadəsi, memarlıq tarixi və s. kimi dərslər də bura daxildir. “Memarlıq tarixi“-ndə sevdiyim nüans o oldu ki, bir çox tanımadığım, lakin dünyaya çox böyük töhvələr verən memarları məhz burada tanıdım. Dərslərin məqsədi təhsildə olan boşluğu müasir yolla doldurmaqdır.
Ümid edirəm ki, məqalə sizlər üçün yararlı oldu. Daha ətraflı məlumat üçün linkdən kursun facebook səhifəsinə keçid edə bilərsiniz: Memarlıq – Facebook səhifəsi