Montenegro – 24 saat ərzində qeydiyyat
Monteneqro. Yəqin ki, bu ölkə haqqında çox eşitmisiniz.
𝑄𝑒𝑦𝑑: Azərbaycan vətəndaşları Monteneqroya vizasız səyahət edə və 90 gün (3 ay) müddətində ölkədə rahat qala bilər.
Bir çox turist Monteneqronu hətta “Balkanların gizli xəzinəsi” adlandırır.
Mən də Monteneqroya gəldiyim ilk günlərdə bu fikri səsləndirsəm də, ölkədə qaldığım 2+ ayın sonunda və əldə etdiyim təcrübələri göz önündə tutaraq, heyif ki, səslənən fikrin doğruluğunu təsdiqləyə bilməyəcəm. 😀
İngilis dilində sevdiyim bir söz var – overrated.
Əfsuslar olsun ki, Monteneqro da mənim üçün overrated (hədsiz şişirdilmiş) ölkə oldu.
Amma yeni ölkələri, yeni mədəniyyətləri kəşf etmək hər zaman gözəldir.
Sosial media illuziyası
Niyəsə bir çox insan öz mənfi təcrübələrini sosial mediada paylaşmağı sevmir və özünü distopik bir dünyanın vətəndaşı olaraq göstərməyi xoşlayır.
Həqiqətlər isə əksərən sosial mediada göstərilənlərdən çox fərqli olur.
Məhz bu səbəblə də, illərdir ki, aktiv sosial media istifadəçisi deyiləm.
Çünki sosial media illuziyalar dünyasıdır.
Günümüzdə artıq yeni peşə olaraq bilinən, sosial media influencerlərinin də əksərən mənfi təcrübələrini gizlətmələrində 2 səbəb görürəm.
- İnsanlar sosial mediaya daxil olan zaman, həyatın reallığından qopmaq istəyir və sosial mediada pozitiv məqalələr, positive şəkillər və təcrübələr görməyi / oxumağı sevir.
- İnfluencerlər həqiqi və reallıq dolu təcrübələrini paylaşmaqdan əksərən imtina edir, çünki həqiqətlər hər zaman pozitiv olmur. Pozitiv olmayan sosial media platformalarında isə (məsələn İnstaqram kimi) izləyicilər qalmaq istəmir və ya izlədiyi həmin şəxsi unfollow edir.
Halbuki reallıq heç də belə deyil.
Sosial şəbəkələrdə gördüyünüz filterli və çox professionalcasına üzərində işlənmiş səyahət fotolarının bomboz tərəfləri də kifayət qədər çox olur.
İzləyici isə boz tərəfi görməyi sevmədiyi üçün həmin bu boz məqamlar sandığa qoyulur.
Məhz o filterli şəkillər sayəsində də, izləyicidə X ölkəsi, X şəhəri haqqında ilkin virtual fikirlər yaranır.
Daha sonra həmin filterli şəkillər, bizim X ölkəsinə gedib – getməmək istəyimiz haqqında verəcəyimiz qərarda az və ya çox da olsa müəyyən bir rol oynayır.
Uzun sözün qısası, bu məqalədə mən də bir balaca filter istifadə olunmuş şəxsi çəkdiyim şəkillərdən istifadə etsəm də, maksimal dərəcədə adekvat və həqiqətləri əks etdirən məqalələr yazacam.
Monteneqro haqqında bir çox yerdə oxumadığınız məlumatları sizinlə də paylaşacam.
- Monteneqroya və ölkənin kurort şəhərlərinə getməyə dəyərmi?
- Ölkə üçün viza lazımdırmı?
- Pandemiya zamanı ölkəyə səfər üçün PCR testi verməliyikmi?
- Qiymətlər (qida, marketlər) və s. haqqında çox maraqlı məqalələr sizi gözləyir.
İlk edəcəyiniz iş qeydiyyata düşməkdir
Bəli, Monteneqroya daxil olduğunuz gün, 24 saat ərzində qeydiyyata düşməlisiniz.
𝑄𝑒𝑦𝑑: Qeydiyyata düşməmək isə ölkəni tərk etdiyiniz zaman sizin üçün başağrısı ola bilər.
Monteneqroya gəlməzdən əvvəl bəzi araşdırmalar etsəm də, bu məlumat haqqında nə izlədiyim xarici səyahət səhifələrində, nə də digər portallarda heç bir məlumata rast gəlmədim.
Zənnimcə bunun səbəblərindən biri də, Monteneqronun o qədər də turistik ölkə olmamasıdır.
Düzdür, Monteneqroya qonşu ölkələrdən, məsələn Albaniyadan, Serbiyadan, Xorvatiyadan turist axımı olsa da, Avropa Birliyində olan və digər ölkələrdən bura səyahət edənlərin sayı çox az olur.
Bu səbəblə də Monteneqro haqqında axtarış edən zaman, çox limitli sayda məqalələr oxumaq mümkündür.
Ona görə də, əldə etdiyim bir çox müsbət və mənfi təcrübələrimi bir yerdə toplayaraq onları sizinlə də paylaşmaq istəyirəm.
Gələcək Monteneqro səyahətiniz üçün bəlkə də bu məlumatlar sizə kömək ola bilər.
Ev sahibləri və Turist məlumat mərkəzi
Qeydiyyat həm öncədən tutduğunuz ev sahibiniz tərəfindən (məsələn Airbnb), həm də sizin özünüz tərəfindən baş tutur.
Prossesi gözünüzdə əsla böyütməyin. Bu sizin sandığınız qədər uzun və bürokratik bir məsələ deyil.
Airbnb ev sahibləri
Airbnb və bu kimi digər saytlardan ev rezerv edərkən, ev sahibiniz ilə öncədən mütləq mesajlaşmanız və bu proseduru sizin üçün edib – etmədiyi haqqında məlumat öyrənməyiniz vacibdir.
Çünki elə ev sahibləri var ki, ölkəyə gələn qonağı qeydiyyata almır və bu azmış kimi məlumat haqqında heç qonağı agah da etmir.
Unutmayın! Bu məqamı rezerv etmək istədiyiniz ev sahibiniz ilə öncədən müzakirə edib, əmin olmaqda fayda var.
𝑄𝑒𝑦𝑑: Bəzi halda ev sahibiniz qeydiyyat üçün sizdən adam başı – 1 euro ala bilər.
Turist Məlumat Mərkəzi
Birinci addımda qaranlıq məqamı aydınlaşdırdıqdan sonra, ikinci addım sizin tərəfinizdən icra olunacaq.
Sizdən tələb olunan isə sadəcə getdiyiniz şəhərdə (Kotor, Budva, Podgorica vs.) Turist Məlumat Mərkəzinə passportunuz ilə yaxınlaşmaq olacaq.
Prossesi isə çox qısa bir müddət ərzində sizin üçün edəcəklər həm də heç bir ödəniş tələb etmədən.
Bəs otellərdə necə
Əgər siz Monteneqroya qısa müddətlik səyahət planlayır və oteldə qalmaq istəyirsinizsə, o zaman işiniz çox daha rahat olacaq.
Çünki otellər hər iki qeydiyyatı da sizin üçün heç bir ödəniş almadan həll edəcək.