Milan Kundera
Varlığın dözülməz yüngüllüyü
2020-ci ilin Yanvar ayında bitirdiyim kitablardan biri Çex yazıçı Milan Kunderanın qələmə aldığı “Varlığın Dözülməz Yüngüllüyü” əsəri oldu. Bu əsər, Kunderadan oxuduğum ilk əsər idi və əminəm ki, son olmayacaq. Çünki yazı tərziylə yanaşı, fikirlərini və bu fikirləri oxuculara ötürmə tərzini də çox sevdiyim yazıçı oldu.
Çex yazıçıları
Kitabı əlimə alıb oxumağa başlayanda ilk düşüncəm; “Sanki kitabın müəllifi Milan Kundera deyil, Kafkadır” oldu. Sonradan Kafkanın da Çexiyalı olduğunu xatırlayıb, yəqin ki, “çex yazıçıların tərzləri bir-birinə yaxın olur” düşüncəsiylə kitabı qısa müddətdə sevərək oxuyub bitirdim.
Əgər Kafkanın “Məhkəmə” kitabını oxumusunuzsa, düşünürəm ki, “Varlığın Dözülməz Yüngüllüyü” də sizin kitab rəfinizdə öz yerini tutaraq oxuma zövqünüzə uyğun olacaq, çünki hər iki kitabı da oxuyub bitirdikdən sonra, baş verən hadisələr insanı günlərlə düşünməyə sövq edir. Məhkəmə qədər qəliz dili olmasa da, hər iki roman mənim kitab oxuma həyatımda iz qoyan romanlardır.
Mövzusu
Hadisələr Çexoslovakiyada, Rus Kommunist partiyasının hökümranlıq etdiyi dövrdə baş verir. Kommunist partiyasının etdiklərini və səbəb olduqlarını kitab açıq şəkildə özündə əks etdirib.
İllər öncə I və II dünya müharibələri ilə bağlı baxdığım sənədli filmlər bu kitabı da daha rahat başa düşməyimdə əsas rol oynayan faktlardan və köməkçi dostlarımdan idi. Bu səbəblə də məsləhət görərdim ki, kitabı oxumağa başlamazdan öncə hər iki dünya müharibəsi haqqında az da olsa məlumat edinəsiniz.
Kitabda həmçinin qadın-kişi və ailə münəsibətləri ilə yanaşı, həmin dövrdə verilən siyasi qərarlar və onların vətəndaşlara göstərdiyi mənfi təsirlərdən, Çex aydınlarının represiyaya məruz qalmasından tutmuş, Rene Descartes fəlsəfəsindən, Beethoven-in Es Muss Sein-dən və bir çox dərin mövzulara da yer ayrılıb.
P.S. Kommunist Partiyasının “şücaətlərindən” bəhs edən George Orwellin Heyvanıstan povestində də bu mövzular öz əksini tapıb. Kitab haqqında qısa məzmunla tanış olmaq üçün Heyvanıstan haqqında yazılan məqaləyə keçid edə bilərsiniz.
Bir müddət öncə “Göydən üç kitab” düşdü başlığı altında yazdığım mövzunun son kitabı olan “Varlığın dözülməz yüngüllüyü” əsəri oldu və ümid edirəm ki, kitab haqqında spoil vermədən limitli məlumat yazmağıma rəğmən sizdə bu kitabı oxumağa maraq yaranacaq. ☺