15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Lvov restoranlar

0 Şərh

Səyahət etməyi sevən və səyahət zamanı yerli mətbəxi necə lazımdır dəyərləndirən, yeni mətbəxlərə, dadlara açıq olan yeməksevərləri salamlayıram.

Bu məqalə daha çox yeməksevərləri sevindirəcək. Məqalənin əsas məqsədi, Ukrayna mətbəxinə fokuslanmaq, Lvovda sevdiyim restoranlar və qəlyanaltı (kahvaltı) edə biləcəyiniz maraqlı məkanlar ilə tanışlıq olacaq.

Bununla yanaşı məqalə, gələcəkdə planlayacağınız Lvov səyahətiniz zamanı, sizə dadlı yeməklər təqdim edən restoranlar tapmağınıza kömək olacaq.

Əlavə olaraq, Ukrayna mətbəxi və dadı, qiymətləri, xidmət səviyyəsi, həm də interyer cəhətdən ƏN sevdiyim restoranlar haqqında şəxsi təcrübələrimi sizinlə bölüşəcəm.

Lvova səyahət edərkən, siz özünüzü sözün əsl mənasında “Alice in Wonderland” filmində (dəyişdiyim adı ilə yazsam, “Tourists in Restaurantland”) hiss edəcəksiniz.

Bu şəhər hər addımda yeməksevərlərin üzünü güldürüb, mədələrində bayram ab-havası hiss etdirəcək.

Qeyd: Lvova necə gedək? Hansı dildə danışaq? Passport nəzarəti, təbiəti və insanları haqqında daha ətraflı məlumat əldə etmək üçün, öncəki 2 məqaləyə nəzər salmağınızı tövsiyyə edərdim:

Əgər mədəniz boşdursa, ilk öncə nəsə yeyib, daha sonra məqaləni oxumağınız məsləhətdir. Səbəbi isə sizi dadlı, bol yeməkli və bol fotolu məqalənin gözləməsidir. 🙂

Seçimlər arasında qalmaq

İndiyədək bir çox Avropa ölkələrinə səyahət etmiş biri olaraq deyə bilərəm ki, restoranlar cəhətdən məni valeh edən, təəccübləndirən şəhər hələki Lvov olub.

Burada restoranlar sözün əsl mənasında interyer, konsept cəhətdən bir-biri ilə yarışdadırlar və maraqlısı da odur ki, dizaynlar əsla bir-birini təkrarlamır.

Lvovda hər dəfə yeni bir kafeyə, restorana daxil olarkən, məkanın interyerinə komplimentlər deməkdən yorulmurdum.

Memari tərəfdən şəhəri gəzmək üçün 3-4 gün kifayət etsə də, şəhərdə olan maraqlı kafe, restoranlar və fərqli konseptli məkanları gəzmək çox daha uzun vaxt aparacaq. Çünki şəhərdə kəşf olunacaq o qədər gözəl məkanlar var ki, insan sözün əsl mənasında seçimlər arasında qalır.

Bəzi restoranları isə ancaq yerli insanlarla dioloqlar əsasında öyrənmək olur.

Şanslıyam ki, Lvovda uzun bir müddət qalaraq şəhərin həm memarlığı, həm də mükəmməl konseptli restoranları ilə yaxından tanış olmaq şansı əldə etdim və hazırsınızsa artıq restoranlar haqqında olan hissəyə keçid edə bilərik.

Seven Piggies

Stepana Bandery küçəsində yerləşən, Seven Piggies restoranı ilə məqalənin əsas hissəsinə keçid etmək istəyirəm.

Restoranlar haqqında yazdığım üçün, yemək yeməyi (dadlı yeməkləri) nə qədər sevdiyimi artıq təxmin etdiniz deyə düşünürəm.

Əslində məqaləyə Seven Piggies restoranı ilə başlamağımın kiçik və şirin səbəbi var. Səbəb isə, mənim Lvovda olduğum ilk restoran məhz Seven Piggies-in olmasıdır.

Ukrayna mətbəxi ilə ilk tanışlığım, dadlı yeməklərlə bol olan Seven Piggies (7 donuz) restoranı sayəsində olmuşdu və anamın hazırladığı borşdan sonra yediyim ən dadlı, ən ləzzətli borşu da məhz bu restoranda yemişdim. Üzərində rəndələnmiş sarımsaq olan, zeytun yağlı qızardılmış çörəyin dadı isə sadəcə möhtəşəm idi.

Məkanda yeməklərin və borşun süfrəyə qeyri-adi servisini sevməklə yanaşı, həm də təəccübləndiyim bir məqamla qarşılaşmışdım. Həyatımda ilk dəfə borşun tərkibində yekə ağ lobya və qara göbələk görürdüm. Buna baxmayaraq dad möhtəşəm idi.

Sifarişi verdikdən sonra, milli elementlərlə dolu olan əşyaların şəklini çəkmək maraqlı idi

Lvovda bir çox yerdə borş dadmağıma baxmayaraq, Seven Piggies mənim üçün ən dadlı borş və steyk verən restoran oldu.

Seven Piggies restoranında yerli mətbəxlə yanaşı, həm də interyerdə Ukrayna mədəniyyəti ön planda tutulub. Divarlardan asılan və milli naxışlarla zəngin kiçik interyer detalları da məkana ayrı bir dad qatırdı.

Restoran haqqında maraqlı faktlardan biri də, taxtadan dizayn olunan məkanda mismardan istifadə olunmamasıdır.

Burada qiymətlər digər restoranlar ilə müqayisədə bir az baha olsa da, düşünürəm ki, Lvova olan səyahətiniz zamanı yerli mədəniyyəti hiss etmək və yerli mətbəxdən zövq almaq üçün əla seçim olacaq.

The Most Expensive Galician Restaurant

Ukraynalı dostlarımızın tövsiyyəsi ilə birlikdə qərar verib getdiyimiz və konseptinə “Vau!” dediyim restoranlardan biri də “The Most Expensive Galician Restaurant” oldu!

Adının “Ən bahalı Galisiya restoranı” olmasına baxıb getməkdən əsla imtina etməyin, çünki burada sizi çox maraqlı bir neçə məqam (oyun) və interyer gözləyir.

Şəhərin qəlbinin döyündüyü Rynok meydanında yerləşən bu məkan, olduqca fərqlidir və binaya daxil olub restoranı axtardığınız zaman, gözünüzə heç bir məkan dəyməyəcək.

Dostlarımıza “Deyəsən səhv gəlmişik” deyib, tam binadan çıxmağa qərar verərkən, “Səbrli ol və qapını döy” dedilər. Qapını döydüm və balaca bir otaqda yaşayan ev geyimində olan qoca bir kişi bizi salamladı.

Biz “The Most Expensive Galician Restoranına” gəlmişik deyəndə; “Səhv gəlmisiniz. Bura mənim evimdir!” dedi və qapını üzümüzə bağladı. 😀

Dostlarımız “Qapını bir də döy” dedilər və elə hər şey də məhz bundan sonra başladı.

Bu məkanda da qiymətlər bir az yüksək olsa da, ən azı özünüzü bir fincan qəhvə ilə mükafatlandıra və pəncərədən baxaraq şəhərin gözəlliyindən zövq ala bilərsiniz.

Bir sözlə bura baş çəkmədən geri dönməyin və sonda hesab gələndə isə əsla qorxmayın. Çünki burada sizi başqa bir macəra gözləyir.

Celentano

Hələ İtalyanın Neapol şəhərində pizza yemək təcrübəm olmadığını nəzərə alaraq, rahatlıqla deyə bilərəm ki, bu günə kimi yediyim ən dadlı və ən böyük pizzanı məhz Celentanoda yemişəm.

Sona kimi bitirə bilmədiyimiz pizza

Pizzanın diametri o qədər böyük idi ki, sona kimi yeyib bitirə bilmədik. Buna baxmayaraq dadı əla idi!

Restoranın şövbələri çox olsa da, mənim favorim “Shukhevycha St, 3” adresində yerləşən şövbəsi oldu. Burada siz məkanda əyləşərək, pizzanın bütün hazırlanma mərhələsini görəcəksiniz.

Sifarişinizi verdikdən sonra, aşpazların əllərində fırlatdıqları pizza xəmirini seyr etmək, gözləmə prossesini çox daha əyləncəli hala gətirəcək.

Lvovda restoranlarda sevdiyim bir başqa nüans isə masaya gətirilən qeyri-adi hesab mərhələsidir. Bunlardan biri balta ilə şou idi və ya Gazova Lampada yanan qabda sunulan hesab və s…

Celentano restoranının hesab ödəmə mərhələsi. Yeyib-içdiklərinizin qiymətini rahat hesablaya da bilərsiniz 😀

Bu restoranda dadlı pizza yeyə biləcəyinizə və interyerindən zövq alacağınıza inanıram.

Poshta-poçt

Poshta retro məkan, postcard (səyahət açıqcası) və səyahət şəkilləri sevərlər üçün ideal bir restoran ola bilər.

Poçt temalı retro restoranın verandası

Burada əsas olaraq makaron və spaqetti bazalı yeməklər ön plandadır.

Biz də burada spaqetti yedik. Dad olaraq ideal olmasa da normal idi və məkanın retro atmosferini çox sevdim.

Celentano restoranında olduğu kimi, burada da şəffaf pəncərələrdən aşpazların un məmulatları ilə işlərinə və öz hazırladıqları lapşaların hazırlanma prossesinə baxaraq zövq alına bilinəcək restorandır.

P.S. Buranın ayaq yoluna mütləq baş çəkin. Niyəsini baş çəkəndə özünüz görəcəksiniz. 😀

Əgər ac deyilsinizsə, o zaman bir fincan kofe sifariş edib, möhtəşəm interyerdən və arxa bağçada açıq havada oturaraq məkandan zövq ala bilərsiniz.

Lviv Coffee Manufacture

Lvovun ürəyinin döyündüyü mərkəzi Rynok küçəsində yerləşən Lviv Coffee Manufacture kafesində olma sayımı artıq itirmişəm.

Getməkdən yorulmayacağım, laptopda işləmək və rəfiqələrlə görüşüb söhbət etmək üçün ideal məkandır.

Bu kafe dadlı Irish kofe, bitki çaylarısırnikləri ilə məhşurdur.

İrish coffee, bitki çayı və o məhşur sırnik

Ən popular və turistlərlə qaynayan şöbəsi Rynok küçəsində yerləşir. Bu şövbədə müştərilərin çox olmasına baxmayaraq, xidmət səviyyəsi kifayət qədər yüksək və sürətlidir.

Burada dadlı kofe içib və desert yeyə bilməklə yanaşı, həmçinin sevdiyiniz insanlara kiçik hədiyyələr də ala biləcəyiniz kiçik dükan da mövcuddur.

Hədiyyə çeşidlərinə: kitablar, parça çantalar, maqnitlər, kofe tematikalı yaxa sancaqları, yumşaq oyuncaqlar, interyer detalları və s daxildir. Bir sözlə bütün hədiyyə ehtiyacınızı rahatlıqla burdan təmin edə bilərsiniz.

Aşağı mərtəbə

Restoranın Rynok meydanında yerləşən şövbəsində aşağı mərtəbəyə düşməyi unutmayın. Bu mərtəbədə də oturmaq üçün masalar mövcuddur və burada siz şaxtacıların geyimləri və işlədikləri şərait ilə tanış olaraq, xüsusi qazla yandırılaraq hazırlanan kofenin dadına baxa bilərsiniz.

Əlavə olaraq restoranın arxa hissəsində atriumlu digər bir hissəsi də mövcuddur və yağışlı havada burada oturub çay içmək çox gözəldir.

Lviv Handmade Chocolate

Lviv Handmade Chocolate kafesinə ilk dəfə Ukraynalı rəfiqəm Olya ilə birlikdə getmişdik.

Kafeyə daxil olarkən özümü “Charlie and the Chocolate Factory“-də hiss etməklə yanaşı; “Bura tam bir şokolad cənnətidir” demişdim. Çünki burada hətta ərimiş şokoladlı çay belə mövcuddur. Düşünə bilirsiniz?!

Rynok meydanında və bir çox AVM-lərdə kafenin şövbələri mövcuddur. Mənim favorim isə Rynok meydanında olan şövbəsidir.

Kafenin fasadı gecələr çox gözəl görsənir

Kafenin mərkəzdə yerləşən şövbəsini sevməyimin əsas səbəblərindən biri də, kafenin terrasıdır!

Sizi bilmirəm amma mən gün batımlarını çox sevirəm. Bu kafe isə gün batımını izləyə bilmək üçün əla seçimlərdən sadəcə biridir. Gün batımı saatlarında terrasda yer tapa bilmək bir az qəliz olsa da, mümkünsüz deyil. Sadəcə kafeyə bir az daha tez getməniz kifayətdir.

House of Legends

Məqalənin əvvəlində də qeyd etdiyim kimi, Lvov qeyri-adi interyerli restoranların şəhəridir. Bu şəhərin bir başqa özəlliyi isə az bir məbləğ ilə həm dadlı yemək yeyə bilməniz, həm də terrasda gün batımını izləyə bilməyinizdir. Azərbaycanda isə adətən bu tip kafelərdə qiymətlər kifayət qədər yüksək olur.

İndi isə bir başqa favorim olan restoran – House of Legends haqqında yazacağam. Bu restorana da ilk dəfə yerli rəfiqəm Olya ilə birlikdə getmişdim və restorana daxil olduğum andan etibarən neçə dəfə “Wow” dediyimi xatırlamıram.

Restoranın fasadı və alov şousunu edən əjdaha

Beş mərtəbədən ibarət olan restoranın hər mərtəbəsi tamamən başqa temalarda dizayn olunub. Mükəmməl interyerə sahib restoranı turistlər üçün əvəzolunmaz məkan edən məqamlardan bir neçəsi:

  • Mərtəbələrin birində (deyəsən 4-cü) xidmət edən insanların yalnız qnomlar olması
  • Terrasında yer alan maşın
  • Papaqlı kişi heykəli
  • Axşam saatlarında restoranın fasadında olan əjdahanın püskürdüyü alov şousu

Rəfiqəm şounun 21:25 də başlayacağını dedi və sifarişlərimizi yeyib bitirdikdən dərhal sonra, şouya baxmaq üçün həyətdə öz yerimizi tutmağa getdik və başqa bir “Wow” məqama şahid oldum.

Burada “Kafenin içərisində video çəkiliş və şəkil çəkmək qadağandır” yazısını gördükdən sonra, bu tələbə hörmətlə yanaşıb içəridə heç bir çəkiliş etmədim. Bunun əksinə, kafenin terrasında yerləşdirilən retro maşına minərək istədiyiniz qədər şəkil çəkdirə və gün batımından zövq ala bilərsiniz.

Burada siz özünüzü bir növ Harry Potter filmində (uçan maşında) hiss edəcəksiniz.

Terrasdakı məhşur maşın

Hə, bir də papaqlı kişi heykəlinə pul atmağı unutmayın. Əgər qəpiyiniz papağa düşərsə bu o deməkdir ki, siz yenidən Lvova səyahət edəcəksiniz. Bu da turistlərin sevdiyi məqamlardan bir digəridir.

Heçdə asan olmayan qəpik atma anı

Mons Pius

Ümid edirəm ki, səbirli olub məqaləni bura kimi oxumusunuz.

Qeyd edim ki, restoranlar siyahısı hələ bitməyib və məqaləni qısa tutmaq üçün bir neçə məkan ixtisara salınıb. İxtisar edə bilmədiklərimdən biri də Mons Pius restoranı oldu.

Bu məkana da yerli tanışlarımızdan birinin məsləhəti ilə gedib və çox razı qalmışdıq.

Qiymət cəhətdən heç də ucuz olmasa da, dad cəhətdən möhtəşəm idi.

Onu da qeyd edim ki, menyunu açdığınız zaman ət və balıq yeməklərinin qiymətlərinin ucuz olması fikrinə aldanıb bolca ət və balıq yeməyi sifariş etməyin. Nəzərinizdə olsun ki, yazılan qiymətlər 100 qr məhsul üçün nəzərdə tutulub. Biz məsələn bunu unutmuşduq.

Təxminən günorta saatlarına doğru getdiyimiz Mons Pius restoranında kifayət qədər boş masa var idi. Axşam saatlarında bura getmək fikriniz varsa, işi riskə atmadan yer rezerv etməyiniz məsləhətdir.

Restoranın çöl və iç məkan olaraq iki hissəsi mövcuddur. Biz çöldə oturduq və quşların səsi, sakit yay havasında bütünlüklə zövq aldığımız məkanlardan biri oldu. Steykləri və ağ şərabları çox dadlı idi.

Bu restoranı ixtisara sala bilməmək səbəbim isə burada ilk dəfə daddığım pendir boşqabı idi.

Ballı, kif pendirli, sarı pendirli, ağ pendirli, molinalı, qozlu pendir boşqabı

“Pendir boşqabı”-nın ləzzətini heç bir şəkillə və ya yazı ilə ifadə edə bilməyəcəyəm. 100 dəfə eşitməkdənsə, 1 dəfə dadmanız kifayət edəcək.

Sonradan bir çox yerdə pendir boşqabı dadsam da, favorim Mons Pius oldu!

Bir sözlə şirin və turş təamların mükəmməl kombinasiyası! Turş pendiri azacıq dişləyib, üzərindən bir az bal yeyərək 2 təzad dadın bir-biri ilə harmoniyasından dəhşətə gəlmişdim.

Gasova Lampa

Məqaləni yazmağa davam edərkən, nəhayət növbə digər sevdiyim məkana gəlib çatdı. Bu restoranın da hər zaman qəlbimdə başqa bir yeri olacaq, lakin niyəsini açıqlamayacağam.

Gasova Lampa həm lampa muzeyi, həm də restoran olaraq fəaliyyət göstərir. Restoranın içərisində qədimdən, günümüzə qədər gəlib çatmış 200-ə qədər lampa kolleksiyası mövcuddur.

Gasova Lampa da bir neçə mərtəbədən ibarətdir və mənim favorim ən üst mərtəbədir.

Restoranın maraqlı məqamlarından biri də, dar pilləkənlərlə yuxarı qalxarkən, düşənlərə xəbərdarlıq etmək üçün işıqfor-un düyməsinə basmağınızın vacibliyidir.

Beləcə dar pilləkənlərlə hərəkət zamanı, təhlükənin də qarşısı alınmış olur.

Daha çox cavanların toplandığı məkanda, az da olsa qaz qoxusu var və uzun saat oturduqda qoxu insanı narahat edə bilir. Narahat edən bir başqa nüans isə rock musiqinin məkana hakimliyidir.

Bura daha çox kolbalarda servis olunan likörləri, pivətoyuq qanadları ilə məhşurdur.

Rəng bölgüsünə görə alkaqolluq dərəcəsi

Həftə içi belə axşam saatlarında burada boş masa tapmaq qəliz məsələdir. Həftə sonu isə buranın vəziyyətini yəqin ki, təxmin etdiniz.

Opera Underground

Opera və underground?! Siz də başlığı oxuyarkən sol qaşınızı yuxarı qaldırıb, 2-ci dəfə təkrarən “Opera və underground” deyə yenidən soruşdunuzsa, narahat olmayın. Mən də Olyadan eynən bu formada 2-ci dəfə soruşmuşdum.

Bu restoran daha çox yerlilərin bildiyi məkandır və opera binasının altında gizlənən cəvahirdir deyə bilərəm.

Restoran Lviv National Academic Opera and Ballet Theatre binasının zirzəmisində yerləşir.

Yerli insanlar operadan və ya hansısa bir tamaşadan çıxdıqdan sonra şərab içib, canlı musiqiyə qulaq asmaq üçün və o ab-havanı davam etdirmək üçün tez-tez bu məkana üz tuturlar.

Burada olarkən müşahidə etdiyim o idi ki, müştərilərin əksəriyyəti yaşlı və elit təbəqə idi.

Restoranın interyeri də özünəməxsus formada, opera tematikasında idi.

Qiymətlər haqqında onu yaza bilərəm ki, əfsuslar olsun ki, qiymətlər yuxarıdır, lakin menyudan mütləq öz büdcənizə uyğun nəsə tapmaq mümkündür.

İlk dəfə idi ki, bu cür qeyri-adi restoran təcrübəsi yaşayırdım və cavanların məkanı olmasa belə yetəri qədər zövq aldığım yer oldu.

Maraqlı bir məqam isə o idi ki, Opera binasına daxil olarkən nəzarətçi bizdən “hara gedirsiniz?” deyə soruşdu. Biz isə “restorana gedirik” deyə cavab verdik.

Burdan belə bir nəticə əldə etdim ki, yuxarıda yazdığım bir çox restoranın interyerinə elə-belə nəzər salıb çıxa biləcəyiniz halda, Opera Underground da belə bir hala əsla icazə verilmir.

Nəzarətçinin bizim hara getdiyimizi soruşma səbəbi də məhz bu idi.

Ribs Restaurant “At Arsenal”

Bu restoranda boşqab, çəngəl-bıçaq olmur!

Bu restoran haqqında yazmağa başlayarkən, üzümdə qeyri-ixtiyari gülümsəmə yarandı və səbəbi isə restoranda əldə etdiyim maraqlı bir təcrübədir. Lakin bu haqda heç bir şey yazmayacağam.

Qeyd edim ki, Arsenal restoranına axşam saatlarında daxil olmaq ya mümkünsüzdür və ya uzun bir sırada durmanız lazımdır.

Subyektiv yanaşmama əsasən, restoran bəzən hətta tarixi yer üçün belə saatlarla növbədə durmağı absurd və vaxt itgisi hesab edirəm. Maksimal dərəcədə elə vaxt təyin etməyə çalışıram ki, belə hallarla az qarşılaşım.

Razıyam ki, bəzən isə belə hallardan qaçmaq mümkün olmur.

Məkanda diqqətimi cəlb edən qalustuklu çilçıraq

Yerli bir tanışımız sayəsində növbəyə durmadan bura daxil olmağın yolunu öyrəndik və günorta saatlarında 12-00 ilə 13-00 da rahatlıqla boş yer tapa biləcəyimizi dedi.

Elə də etdik və rahat oturub sifarişimizi verdik. Bura gələrkən nəzərinizdə saxlayın ki, yeməklər donuz ətli bazalıdır.

Restoranın maraqlı konseptlərindən biri də, masada boşqab və çəngəl – bıçağın olmamasıdır. Sifariş etdiyiniz yeməyi əllə yemək məcburiyyətindəsiniz.

Şəkildən də görə bilərsiniz ki, stola qoyulan kağızda boşqab və çəngəl – bıçaq şəkli çəkilib.

Əgər dindarsınızsa və ya dindar deyilsiniz sadəcə donuz ətini sevmirsinizsə, o zaman bu restoran sizə xitab etməyəcək.

Aşpazlar tərəfindən ətlərin professional şəkildə kivili və başqa təxmin edə bilmədiyim soslarla basdırma edilməsi və ətlərin dadı çox ləzzətli idi.

Tsukor -Cukor

İndi isə 2018-ci ildə Lvovda keçirdiyim 7 ay ərzində tez-tez baş çəkdiyim restoran, Cukor-a keçid edək.

Cukor, qəlyanaltı (kahvaltı) üçün mükəmməl seçimdir. Cukorun da bir neçə şövbəsi var.

  • Red Cukor – Крива Липа, küçəsində
  • Black Cukor – Brativ Rohatyntsiv, 21

Eyni restoranın şövbələri olmasına baxmayaraq, menularda dəyişikliklər var. Yəni bir şövbədə sevdiyiniz yeməyi, digər şövbədə tapmaya bilirsiniz.

Cukorun sevdiyim bir başqa özəlliyi isə restoranın səhər saat 08-00 da açılmasıdır. Yuxudan tez oyandığınız gündürsə və çöldə tez qəlyanaltı edib işlərinizi görmək istəyirsinizsə, o zaman bingo. Bu restoran tam sizə görədir.

Səhərin erkən saatlarında açılmasına baxmayaraq, restorana daxil olduğunuz zaman sizi xüsusi diqqətlə qarşılayan, üzünüzə gülümsəyən, məsləhətə ehtiyacınız olanda sevərək sizə kömək edən personala sahibdir.

Bir şeyi də mütləq qeyd etməliyəm ki, həftəsonu insan çoxluğundan yeməklərin görüntüsünə ayrılan xüsusi diqqət sanki bir az azalır. Dad isə demək olar ki, eyni qalır.

Günorta saatlarında bir fincan qəhvə alaraq, restoranın yuxarı mərtəbəsində və ya hava istidirsə verandada oturub, rahat kitabınızı oxuyacağınız və ya laptopunuzda işlərinizi görə biləcəyiniz şirin məkandır.

Lviv croissants

Əgər karamelli və ya şokoladlı kruassanlara öyrəşmisinizə, o zaman Lvovda bir az kruassan şoku yaşamağa hazır olun.

Burada kruassan bir növ bizim fast food anlayışımıza bərabərdir və kruassanın hər çeşidi mövcuddur. Toyuqlu – göbələkli, kolbasalı, hinduşkalı, hətta veganlar üçün vegan seçimlər də mövcuddur.

Təcili işiniz varsa və ayaqüstü tezbazar nəsə yemək istəyirsinizsə, o zaman dadlı kruassan sendiviçləri sizin yaxın dostunuz olacaq.

At the Golden Rose Restaurant

İlk olaraq sualla başlayacağam. Elə bir restoranda olmusunuzmu ki, menyuya baxırsınız və orada heç bir yeməyin, hətta içəcəklərin qiyməti yazılmır?

Belə bir restoranla mən də ilk dəfə Lvov şəhərində rastlaşdım və əminliklə deyə bilərəm ki, burada əvəzolunmaz hisslərlə dolu maraqlı təcrübə qazandım. Restoranın adı isə The Golden Rose adlanır.

Günlərin birində yenə rəfiqəm Olya “Bu gün səni maraqlı bir restorana aparacam” dedi. Onunla birlikdə o qədər fərqli interyerli restoranlarda olmuşduq ki, onun zövqünə və yenidən məni təəccübləndirə biləcəyinə əmin idim.

Yəhudilərə məxsus olan restorana daxil olarkən, sizi yenidən gülərüz və mehriban personal qarşılayır.

Restorana daxil olub əyləşdiyiniz zaman, əlində sinidən su qabı və kiçik tas kimi əşya ilə sizə yaxınlaşan xanım, suyu əlinizə töküb əllərinizi yumağınızı xahiş edir. Restoranın retro abhavası çox gözəl idi.

Daha sonra heç bir yeməyin və içəcəyin qiymətinin yazılmadığı menyudan istədiyiniz yeməyi sifariş verirsiniz. Yeməklər yeyildi və içəcəklər içildi. Bəs qiymət məsələsi necə olacaq?!

Sonda sizə xidmət edən qarsonla, qiymətdə razılaşmalı olacaqsınız. Türklər demiş, bir növ pazarlıq etməlisiniz.

İlk başda bu məqam məni narahat etsə də, sonra əyləncəli gəlməyə başladı və Olya məni əmin etdi ki, narahat olmaq lazım deyil. Çünki ödəniləcək qiymət heç də baha olmayacaq.

Bu restorana getmək fikriniz varsa, düşünürəm ki, yerli biri ilə getmək sizin xeyrinizə olacaq. Çünki yerli insanlar qiymətlərə daha yaxşı aşina olduğu üçün qarsona məntiqli qiymətlər təklif edəcək.

Xumusun 50 çaları

Olyanın sayəsində qarsonla qiymətdə uğurlu razılaşma edib, kifayət qədər büdcəli bir nahar elədik.

Əgər solo səyahətçisinizsə restorana daxil olmaqdan çəkinməyin. Bir fincan qəhvə və ya çay sifariş edib, yanına da mini desert dedikdən sonra, məkandan zövq almağa çalışın. Çünki sonda məntiqli razılaşma edəcəyinizə əminəm.

Fixage

Şəhərin mərkəzinə 2 dəqiqəlik məsafədə olmasına baxmayaraq, popular olmayan və digər gizli xəzinələrindən biri isə Fixage kafesidir.

Fotoqrafiya sənətinə marağı olanlar üçün bu kafe cənnətdir.

Kafeyə daxil olduğunuz zaman fotoaparat kolleksiyası ilə bol və retro abhavalı möhtəşəm məkan sizi qarşılayır.

Qeyd etməliyəm ki, restoranda demək olar ki, çox az müştəri olur. Dadlı çaylarını, desertlərini çox sevdik və qiymətlər isə mərkəzdə olan restoranlar ilə müqayisədə çox aşağıdır.

Pəncərənin qarşısında olan masa isə kafenin ən sevdiyim guşəsidir. Həm çayınızı içib, həm də pəncərədən çölə baxaraq sakit və tələsik olmayan xoş bir gün keçirəcəyinizə əminəm.

Cabinet

Son olaraq Kabinet restoranından yazmaq istəyirəm. İnteryer cəhətdən sevdiyim məkanlardan biri olsa da, burada yeməklərdən daha çox isti içəcəkləri sevdim.

Kitablarla əhatə olunduğunuz bu şirin məkanda, isti qəhvənizdən dadaraq öz şəxsi kitabınızı və ya restorandan götürdüyünüz hər hansı bir kitabı oxuyaraq gününüzdən zövq ala bilərsiniz.

Xoş səyahətlər

Beləcə Lvov restoranları haqqında olan məqalənin sonuna gəlib çatdıq.

Lvova səyahət edəcək olan hər bir şəxsə indidən rahat uçuş arzu edirəm. Əlavə olaraq şəhərdə yaşadığınız maraqlı təcrübələri mənimlə də paylaşmağı unutmayın.

Əvvəlki Post
2020 – ci ilə damğa vuran seriallar
Sonrakı Post
Ariana Grande, The Weeknd və Justin Bieber

0 Şərh

Şərh Bildirin