Lvov – Əhali, Dil, Təbiət
Lvov səyahət seriyasına davam edərək, bu məqalədə sizinlə yerli insanlar, valyuta, hava şəraiti və dillə əlaqədar suallarınızı cavablandıracağam. Nəzərinizə çatdırım ki, bütün yazılanlar Lvovda bir müddət yaşadıqdan (7 ay), yerli insanlarla uzun dioloqlardan sonra, adekvat şəkildə yazılıb. İnanıram ki, bu post Lvova həm qısa müddətə ziyarət edəcək, həm də uzun müddət yaşayacaq olanlar üçün faydalı olacaq.
Posta keçməzdən əvvəl onu qeyd edim ki, bu Lvov haqqında 2-ci məqaləmdir və Lvov haqqında ümumi məlumat, hava limanı, Lvova necə getməli, sadə miqrasiya məsələləri kimi müəyyən məqamlar üçün əvvəlki postuma keçid edə bilərsiniz.
Yerli əhali
İlk olaraq pul vahidi ilə başlamaq istəsəm də, sonradan qərarımı dəyişdim, çünki Ukraynaya səyahət edəcək olan insanlar üçün yerli əhali haqqında məlumat daha faydalıdır deyə düşünürəm. Əlavə olaraq, bu başlıq haqqında ürəyim yaman doludur.
Lvovda əhalinin böyük əksəriyyətinin finans problemləri olması səbəbilə, insanlar (ən əsası da ki yaşlı nəsil) çox aqressivdirlər. Hələ onlarla Rus dilində danışsanız, bunu daha da kəskin hiss edərsiniz, çünki bir çoxu sizin Ukraynada yaşayan Rus-dilli (рускоязычный) olduğunuzu zənn edir və yerli dildə danışmağınızı tələb edirlər. Yaşlıların tam əksinə, gənc nəsil daha gülərüz və yardımsevərdir və düşünürəm ki, həyatlarının dadını çıxarmağı bacarırlar.
Azərbaycan tələbələrindən fərqli olaraq, Lvovda təhsil alan tələbələrin çox böyük bir qismi universitet, qida, ev, kommunal xərclərini özləri ödəyir. Yəni onlar universitet həyatları boyunca bizim valideynlərimizdən gördüyümüz bütün dəstəkdən demək olar ki məhrumdurlar. Ukraynada tələbə olan dostlarla söhbət edərkən, onların təhsillə paralel olaraq bir neçə işdə işləmək məcburiyyətində olduqlarını öyrəndim və bunun həm zehni, həm də fiziki olaraq çox çətin olduğunu anladım. Bu tələbələrin bir çoxu pizzaçıda, kafedə işləyir, küçə musiqisi ilə məşğul olaraq öz xərclərini halal zəhmətləri ilə qarşılayırlar.
P.S. Küçə musiqisinə aşiq birisi kimi, hər dəfə ifaçıların qarşılarına qoyduqları papaq və ya gitar futlarına pul ataraq onlara dəstək olmağa çalışıram.
Valyuta
Ukrayna pul vahidi: 1 qrivna (UAH) = 0.07 manat (AZN)
Qeyd: Mümkün qədər qəpiklərdən boyun qaçırmağa çalışın, çünki qəpiklər dəmək olar ki, tamamən dəyərsizdirlər. Dəyərsiz olduqları üçün onlarla nəsə almaq çətindir və maqnit kimi portmanatınız onları özünə çəkəcək.
Minimum qəpik, maksimum kağız pul!
Hansı dildə danışaq
Əgər Lvova gələrkən düşünürsünüzsə ki, orada rahat Rus dilində danışaram, yanılırsınız. Rəsmi dil Ukrayna dilidir və burada (son dövrlərdəki siyasi məsələlərlə əlaqədar) Rus dilində danışanlara heç də yaxşı münasibət yoxdur. Ukraynanın qərb şəhərlərindən biri olan Lvov ümumiyyətlə milliyətcildir və 90% menyular, küçədə yazılar, restoran işçiləri, dükanlarda, alış-veriş mərkəzlərində Ukrayna dilində yazılır və danışılır.
Rus dilində təmiz başa düşsələr və danışa bilsələr belə bunu etmirlər. Əsas da ruslar ilə aralarında olan mənfi hallara görə məsləhət görərdim ki, öncədən (əsas da restoranlarda) Azərbaycanlı olduğunuzu qeyd edəsiniz. Ukrayna dili nə qədər bizə yad olsa da, bir şəkildə onlarla dil tapmaq olur və zaman keçdikcə dilə adaptasiya olursunuz.
Şanslısınızsa bəzən İngilis-dilində danışan və başa düşən gənclərə də rast gəlirsiniz.
Qeyd: Məqalə bütün Ukraynanı yox, sırf Lvovu təsvir edir. Kiev və digər şəhərlərdə əhalinin 90%-i Rus dilində danışır.
Lvov təbiəti
Lvov Ukrayna şəhərləri arasında ən çox yağış yağan və yay aylarında çox nadirən yandıran istisi olmaqla məhşur şəhərdir. Bundan da daha əsas, Lvov təbiəti mənim üçün qərarsız insan kimidir.
Yağışı bol, günəşi az!
Küçədə günəş altında gəzərkən, birdən buludlar səmanı zəbt edir və sakit, küləksiz yağış, günəşli havanı əvəzləyir. İzah olunmaz gözəl torpaq ətri havanı bürüyür və əgər bu əsnada parkdasınızsa, o zaman “BİNGO”!
Lvov sənə özünün 2 gözəl olmazsa-olmaz aksesuarlarını təqdim edir: eynək və çətir. Hər ikisi demək olar ki, hər gün səninlə olmalıdır. Çünki, hava hər an surprizlərlə doludur.
Yağış sözünü eşidib əsla narahat olmayın, burada palçıqdan əsər-əlamət olmayacaq. Yağışdan sonra heç yarım saat keçmir ki, bütün küçələr yenidən tər-təmiz və qup-quru olur.
Bu şəhər Bakıdan sonra sözün əsl mənasında mənə yağışı sevdirdi.
Şəhərdə nəm havanı hiss etmək mümkündür. Ani hava dəyişikliyi əgər həssas insansınızsa, sizə təsir edəcək (təzyiq, baş ağrısı). Bir neçə dəfə mən də bu halla üz-üzə gəldim və aptekə girib nə etməli olduğumu soruşanda, məni stol arxasında otuzdurub təzyiqimi ölçməyə başladılar. Sonradan başa düşdüm ki, gələn turistlərmi olsun, yerli insanların təzyiq problemimi olsun, bu səbəblərlə əlaqədar apteklərdə təzyiq ölçmə aparatları mövcuddur. Əgər bu tipli narahatçılığınız olarsa, tərəddüd etmədən ən yaxın aptekə müraciət etməyinizi tövsiyyə edirəm.
Yekun
Ümid edirəm ki, Lvov haqqında olan məqalənin 2-ci hissəsi sizin gələcək Lvov səyahətiniz üçün faydalı olacaq.
Son olaraq əlavə etmək istəyirəm ki, İngilis dilində sevdiyim bir fraza var: “Hope for the best, but prepare for the worst”. Lvov isə məni bu frazanı dəyişməyə vadar etdi:
Hope for the sun, but prepare for the rain.