Lvov
Bu məqalədə sizinlə Ukraynanın qərbində yerləşən Lvov şəhəri haqqında bildiyim hər şeyi paylaşmağa gəldim. Məqalə bir neçə hissədən ibarət olacaq və bu məqalələrdə müsbətli-mənfili, bir çox maraqlı məqam barədə yazmaq qərarındayam. İlk hissə, Lvov haqqında ümumi məlumatlar və passport nəzarəti olacaq.
Əslində bu post barədə çox tərəddüd etdim, amma artıq burada olduğum 7-ci ayın sonunda, bu məqaləni yazmağa hazır hiss edib, keçdim iş başına.
Lvov
Şəhərin adının bir neçə variasiyası var. Lviv, Lvov, Lwow, Leopolis və sairə. Bu postda Lvov olaraq yazacağam.
Lvov UNESCO-nun dünya mirası siyahısında yer alan, hər küçəsi tarix, qəhvə ətri qoxan, memari tikililərinə aşiq olacağınız və restoranlarının terraslarında rəqs edən aşiqlərlə dolu canlı kiçik şəhərdir.
Bir çox insan Lvov adını Любовь adı ilə belə əvəzləyib. Artıq hər kəs öz fikrinə görə. 😀
Lvova necə getməli?
Lvova getmək olduqca rahatdır, çünki Azərbaycan vətəndaşları üçün ümumiyyətlə Ukraynaya heç bir viza şərti yoxdur. 180 günə 90 gün, yəni 3 ay ərzində burada rahat qalmaq mümkündür. Lakin 3-cü ay tamam olmadan ölkədən çıxmağı unutmayın. Əks halda sizi deportasiya və ya pul cəriməsi (kifayət qədər yüksək) gözləyir.
Mənim Lvova olan səfərim “Bakı-İstanbul-Lviv” yəni transferli uçuş idi. Bakıdan Lvova səyahət etmək üçün bundan başqa xəttlər də var.
Lvov Danylo Halytskyi hava limanı
Öncədən oxuduğum əksər məqalələrdə və qulaqdan eşitmə bir çox məlumatlara əsasən bildiyim o idi ki, Lvov hava limanında turistlər bəzi problemlərlə qarşılaşır. Doğrudur desəm yanılmaram. İndi yazacağım 2 nüans işinizi bir az rahatlaşdıra bilər:
- Lvov qadınlarının aqressiv olduğunu (sonraki məqalədə səbəbini biləcəksiniz) və xüsusən də passport nəzarətində insanları incitdiklərini bildiyim üçün düşündüm ki, ən yaxşısı qarşı cins olan nəzarət hissəsinə yaxınlaşım. Sadə məntiqlə düşündüyüm o idi ki, xanım olmağım və ölkələrinə qonaq gəldiyim üçün daha incə davranacaqlar. Elə də oldu və sadəcə Lvova nə üçün gəldiyimi, pulumun olub-olmadığını və qalacağım yer haqqında bəzi məlumatlar soruşdular.
- İşinizi daha da sağlamlaşdırmaq istəyirsinizsə, o zaman mütləq geri dönüş biletiniz olsun. Əgər uzun müddət qalmaq fikrindəsinizsə, ən azı 1 ay sonraya bron edilmiş biletinizin çıxarışını özünüzlə götürün. Çünki verilən əsas suallardan biri də, məhz “Nə zaman ölkədən çıxacaqsınız və geri dönüş biletiniz varmı?” sualıdır. Bunun da səbəbi odur ki, şəhərdə illeqal qalanların sayı-hesabı yoxdur. Bəlkə də passport nəzarət bölməsində əyləşənlər məhz ona görə turistlərə qarşı bir az aqressivdirlər.
Verilən suallara gülümsəyərək cavab verin və sadəcə turist olduğunuzu və qalacağınız müddət ərzində Ukraynanın şəhərlərini gəzəcəyinizi deyin.
Lvovda hansı dildə danışaq?
davam edəcək…