Leaping Bunny və Cruelty Free
Bu gün uzun aylardır sizinlə bölüşmək istədiyim yeni məqaləmi təqdim edirəm. “Ekologiya” başlığı verdiyim yeni bölmədə bundan sonra sizi bir çox maraqlı məqalələr gözləyir və bu gün onlardan birini nəhayət sizinlə paylaşıram.
Onu da qeyd edim ki, hazırda Ekologiya bölməsi üçün bir neçə aydır yazılan, lakin redaktə olunmayan məqalələr var və ilk hansını paylaşım deyə çox qərarsız idim. Bir müddət düşündükdən sonra, ilk olaraq Leaping Bunny və Cruelty-Free nin nə olduğu haqqında yazılan məqalə ilə bu bölməyə giriş etməyin daha məntiqli olacağını düşündüm.
Yeni il – yeni qərar
2015-ci ildə həyatımı kökündən dəyişdirən bir qərar vermişdim və qərar ondan ibarət idi ki, təbiət dostu olacaqdım və konsumerizmə “Yox!” deyəcəkdim. Əslində bu qərardan öncə belə konsumerist deyildim, lakin o zamanlar mən də bəzən çox da ehtiyacım olmayan geyim əşyaları alırdım.
Verilən qərar heç də asan qərar olmamışdı, lakin plastiksiz həyata keçid və anti-konsumerist olmaq, getdikcə həyat tərzinə çevrilərək, daxilən mənə çox müsbət təsir etməyə başlamışdı. Zamanla güman edirəm ki, bu mövzulara da toxunacam.
Ümumiyyətlə, dekorativ kosmetika ilə bu yaşıma kimi heç bir zaman aram olmadı və cəmi 2 dekorativ kosmetika istifadə edirəm: Göz qələmi və ənlik. Lakin üz təmizləmə, üz və bədənə qulluq məhsullarına isə sevgim böyükdür və hər zaman aldığım məhsulların tərkibinə çox həssas yanaşmışam. Məsələn, tərkibində kanserogen maddələr olmaması hər zaman önəmli olub.
2020-ci ilə keçid edərkən isə yeni bir qərar daha verdim və alacağım məhsulların inqredientləri ilə yanaşı həm də heyvanlar üzərində test edilməməsi də əsas prioritetlərimdən birinə çevrildi.
Əvvəlki illər buna diqqət etmədiyim və həssas yanaşmadığım üçün özümdən çox utandım. Bu günə kimi diqqət etmədən alıb istifadə etdiyim məhsulların heyvanlar üzərində ölümcül testlərə, zəhərlənmələrinə səbəb olduğu və bir çox halda onların ölümləri ilə nəticələndiyi üçün onlardan üzr istəyirəm!
Hətta bu ilin ilk ayından məişətdə də istifadə etdiyim məhsulları alarkən həssaslıqla seçim etməyə və onların da heyvanlar üzərində test olunmamağına və mümkün olduqca vegan məhsullara üz tutmağa başladım. Elə həmin zaman da bu yolda yeni addımlayarkən Leaping Bunny, Cruelty Free, PETA, BUAV kimi heyvan-sevər qurumlar mənim ən yaxın köməkçilərim oldu.
Artıq bu yolda 9-cu aya keçid edirəm və hələ özümü yolun başında hiss edirəm. Eyni zamanda da bu haqda yaza bilməyin sevincini yaşayıram. Ekologiya başlığı altında yazılan ilk məqalə olduğu üçün, çox qarışıqlıq olmasın deyə bu gün sadəcə 2 qurum haqqında yazacağam.
Cruelty Free nədir?
Əgər siz də kosmetika almazdan öncə bu əlavə addıma niyə ehtiyac olduğunu düşünürsünüzsə, sizə qısa məlumat verim:
Məsələn, Lorealın ailəsində olan Kiehls (marka qeyd etsədə ki, biz heyvanlar üzərində test etmirik, lakin Çin də satış edən heç bir marka Cruelty Free ola bilməz!), Lancome, NYX cosmetics (az miqdar veqan seçimlər olur), URBAN DECAY (az da olsa veqan seçimlər olur), Estee Lauder ailəsinə daxil olan La Mer, Bobbi Brown, Clinique, Origins, TOO FACED (veqan bəzi seçimlər olur) və Dior, Shiseido, Max Factor, Revlon, və s. kimi böyük kosmetika markaları ilə yanaşı, həm də n sayda çox da məhşur olmayan digər kosmetika markalarının heyvanlar üzərində apardığı ölümcül testlərdən agahsınızmı?
Qeyd: Kosmetika sənayesində xüsusən də Çinə daxil olan brendlər üçün pre-market (bazara daxil olmadan öncə) və post-market (müştərinin narazıçılığına səbəb olan hallarda, məs. allergik reaksiya halında) testləri mövcuddur.
Aldığınız kosmetika vasitəsinin sizin evinizə daxil olmadan öncə neçə canlının ölümünə səbəb olduğunu bilirdinizmi? Əgər bu günə kimi bilmirdinizsə, o zaman Leaping Bunny, Cruelty Free, Peta və s. kimi qurumlar bu yolda sizə bələdçilik etmək və etik marka seçmək üçün köməkçi olacaq.
Necə? Məhz Leaping Bunny, Cruelty Free, Peta və s. kimi heyvan-sevər qurumların saytlarına daxil olub, istədiyiniz markanın adını axtarış bölməsinə yazaraq, enter düyməsinə basmanız kifayət edəcəkdir. Bu zaman məhsul haqqında qısa olaraq heyvanlar üzərində test edib-etməməsi məlumatını əldə edəcəksiniz.
Bu günə kimi sevərək istifadə etdiyiniz markanın məhsulunun hansı yollardan keçdiyini və etik marka olub-olmamasını bilmək üçün sizə köməkçi olacaqdır.
Leaping Bunny – Sıçrayan Dovşan
Leaping Bunny kosmetika, üz qulluq vasitələri ilə yanaşı, məişətdə də istifadə etdiyiniz məhsulların qablaşdırılmasında məhsulun heyvanlar üzərində test etmədiyini təsdiqləyən beynəlxalq nişandır və bu nişana sahib olmaq heç də asan məsələ deyil.
Leaping Bunny nişanını məhsul üzərində istifadə etmək üçün, məhsullar çox böyük ölçülü testlərdən keçirilir.
Yuxarıda gördüyünüz qutu istifadə etdiyim günəş kreminin qutusudur və üzərində Leaping Bunny – Sıçrayan dovşan loqosu markanın heyvanlar üzərində heç bir test etmədiyini sübut edir.
Leaping Bunny-nin saytına daxil olaraq, zülümdən azad markaların siyahısı ilə tanış olub, etik marka seçimi edə və heyvanlar üzərində heç bir test etməyən məhsullar ala bilərsiniz. Əgər qeyd etdiyiniz marka axtarışda çıxmasa, o zaman axtarış bölməsində yazı çıxır ki, “Sizin qeyd etdiyiniz marka Leaping Bunny nişanına sahib deyil”. Bir çox halda bu həmin o brendin qeyri-etik brend olduğunun göstəcisidir.
Peta – Cruelty Free
Peta tərəfindən verilən Cruelty Free (zülümdən azad) nişanı da, Leaping Bunny kimi, markaların məhsullarının heyvanlar üzərində test etmədiyini sübut edən digər nişan verən qurumdur. Peta tərəfindən verilən bu nişanının tələblərinin bir digər fərqi isə məhsulun nə inqredientinin, nə də yekun məhsulun heç bir heyvan testinə məruz qalmamasıdır.
Təəssüf ki, Azərbaycanda Leaping Bunny və Peta tərəfindən verilən Cruelty Free nişanına sahib məhsullar tapmaq çox çətindir. Əslində isə qloballaşan dünyanı nəzərə alsaq, bu elə də çətin deyil, çünki hazırda saytlar üzərindən etik markalar almaq üçün çox sayda seçimlər mövcuddur.
Cruelty Free saytına da daxil olaraq, istədiyiniz markanın adını qeyd edib, etik marka olub – olmaması haqqında məlumat əldə edə bilərsiniz.
Əslində etik marka siyahısı verməklə-verməmək arasında çox tərəddüd edirəm, çünki markaların həm Cruelty Free, həm də Leaping Bunny siyahısından çıxması an məsələsi olur. Məhsul sifariş etmədən öncə alıcının məhsul haqqında özünün axtarış etməsi məncə daha doğru olacaqdır.
Leaping Bunny və Cruelty Free saytalarında alınacaq olan məhsulu axtarışa vermək
Əgər sizdə belə bir sual yarandısa ki, “Niyə məhsul almadan öncə Leaping Bunny və Cruelty Free saytlarına daxil olub, onları axtarışa verməliyik?”, o zaman qeyd edim ki, kosmetika industriyası çox böyük bir sahə olduğu üçün, bəzən bir çox markalar saxta dovşan loqoları və ya “Not Tested On Animals”, “Cruelty Free”, “Against Animal Testing” loqolarını qanundan kənar istifadə edərək müştəriləri aldadırlar.
Məhz bu kimi tələlərə düşməmək üçün, məhsul seçərkən, onun etik marka olub-olmamasından əmin olmaq və qeyd etdiyim saytlarda axtarış edib, məhsul haqqında məlumat əldə etdikdən sonra rahat alış-veriş edə bilərsiniz.
Özüm də daxil olmaqla, bundan sonra yeni bir məhsul alarkən, məhsulu nə qədər bəyənməyimizdən asılı olmayaraq, onun etik marka olub – olmadığına diqqət etmək və yuxarıda qeyd etdiyim nişanlara sabih olmasına daha həssas yanaşacağımıza ümid edirəm.
Çünki bizim gözəlliyimiz, heç bir hiss edən canlının həyatından üstün olmamalıdır!
Sevgiylə və sağlam qalın.