15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Kelebeğin hayat sırları – Nil Karaibrahimgil

0 Şərh

Hər kəsə salam!

Yeni ildir, odur budur deyərkən məqalə yazmağı bir az gecikdirdim. İlk öncə yeni 2018-ci il münasibəti ilə hamımızı təbrik edirəm, bu il də sağlamlıq və bol uğurun bizimlə olmasını hamımıza diləyirəm! Bu arada, bloqumu tək qoymayan hər kəsə təşəkkür edirəm. Hər zaman burda olun, mən də bildiklərimi sizinlə sevə sevə paylaşım. Bu dəfə oxuyub bitirdiyim gözəl bir kitabla yenidən buradayam.

Əslində bu kitabı 2017-ci ilin yayında bitirsəm də, onunla əlaqədar olan fikirlərimi gec də olsa yazmaq istədim. Mənim üçün yay ayının və dəniz çantasının olmazsa olmazı olan Nil Karaibrahimgilin yazdığı “Kelebeğin hayat sırları” kitabı olduqca səmimi və rahat oxuna bilən kitab idi.

Kaş məndə də bu kitab olsaydı

Kitabın mövcudluğundan uzun zaman agah olsam da, İzmirə planlanan səyahətimizin gəlişini gözləyirdim. O gün gəldi və sevimli D&R kitab mağazasına daxil oldum və kitabı aldım. Əminəm ki, bu kitabın mövcudluğunu bilməsəydim də kitab rəfindən bu kitab mənə göz vuraraq diqqətimi öz üzərində toplayardı. Nilin yazdığındanmı qaynaqlanardı, kitabın arxasında olan yazıdanmı və ya üz qapağının insana ötürdüyü müsbət auradanmı bilmirəm, amma toplayardı!

Kitabla tanışlıq

Nilin Hürriyet qazetində yazılmış olan qısa məqalələrinin bir araya gətirilməsindən ərsəyə gələn kitabı oxumağa başlayarkən, sevə – sevə ilk dediyim cümlə: “Mmm, sanki mənim üçün yazılıb” oldu. Düzü, “qısa məqalələrdən ibarət olan kitablarda hər zaman qopuqluq olur” deyənlərdənəm. Amma bu elə olmadı. Hər bir yazı, bir digəri ilə harmoniya təşkil edirdi. Qısaca: kitab qadın olmağın dəyərini, ana olmağın müqəddəsliyini, həyata dair məsləhətlər və şükr etmək üçün əslində hər gün yüzlərlə səbəbimizin olmasını bizlərə yenidən xatırladır.

Kitabı oxuyarkən insan özünü səbəbsiz xoşbəxt hiss etməyə başlayır. Bəzən oxuduğumuz kitab olur ki, yatağımızın yanında günlərlə qalır və oxumağa davam edə bilmirik. Özümüzü məcbur eləmək istəsək də alınmır. Bax bu o kitablardan deyil. Qızdırılmış çörəyə yağı rahat yaxmaq kimi, bu kitab da eləcə rahat oxunur. Çox gün oldu ki, ürəyim başqa məsələlərdən sıxılanda, artıq oxuduğum bir çox səhifələrə yenidən geri dönüb oxumağa başladım və bu kitabda rahatlıq tapdım. Bəzən gözlərim doldu, bəzən dodaqlarımda olan qeyri – ixtiyari gülümsəmələri hiss etdim. Mükəmməl hisslərlə doludur bu kitab!

Kitab oxuyarkən bir adətim var ki, sevdiyim səhifələrə sticker yapışdırıram, digərlərindən ayırd edə bilim deyə. Bu kitabda isə az qala hər səhifəyə sticker yapışdıracağımı başa düşdüyüm anda, bir yerdən sonra təslim oldum və tamamilə kitabın dadını çıxarmağa fokuslandım. Dəfələrlə geri dönüb oxuduğum hissə:

Birkaç kişinin elini sıkı sıkı tut. Onların dertleriyle dertlen, mutluluklarıyla uç, dediklerine kulak ver. Başkalarının kriterlerine göre seçim yapma. O zaman başkalarının gideceği yerlere gidersin. Oralarda ne işin var? Her gün oku. Her şeyi oku. Ağaç olmak nasıldır? Van Gogh olmak nasıldır? İkinci Dünya Savaşı’na katılmış olmak nasıldır? Öğren. Kendinle sosyalleş. Yoksa unutursun nasıl biri olduğunu. Her gün şükret. Karanlık günler olacak. Düşeceksin de. Yaralar da açılacak. O zamanlarda şunu unutma: Tünel bitecek. Kalkacaksın da. Kabuk da bağlayacaksın. Korkmaktan korkma. Ödün bile kopsun. Sonra kapa gözünü bas karanlığına. Belki biri taş döşemiştir; kim bilir. Böbürlenme. Kibirlenme. Köpürme. Abart. Çoğalt. Parlat. Her gün, bir yazar tarafından hayatının hikâyelendirildiğini düşün ve dinle. Böyle bir kahraman olmak ister miydin? İstiyorsan başarıyorsun. Ne mutlu sana.

Sonra düşündüm. Bəs mənim həyatımda neçə real dost var, hər anımda əlimdən bərk-bərk tuta biləcək? Sualın cavabı qane etmədi. Hər cümləsi insanı düşündürür və arxana dönüb ətrafında olan insanları daha yaxşı analiz etmənə məcbur edir! Bir də bu cümləni sevdim

Herkese her şey bal gibi de söylenir!

Bilənlər bilir, amma bilməyənlərə yenə də deyim ki, kitaba aid olan bir video çarx var. Hansı ki, Nil bütün səmimiyyəti ilə bütün bədəninin hüceyrələri ilə hiss edərək bizə səslənir və həyata dair təcrübələrini bizimlə paylaşır. Çox yaxşı yadımdadır, bu videonun hönkür-hönkür ağlamama və gözümü həyata qarşı yenidən açmama səbəb olmasına. Depressiyada olduğum günlərdə mənim əlimdən tutub “Mənə əlini ver, güvən mənə, hər şey əla olacaq! Gəl quyudan çıxaq!” demişdi!

Uzun sözün qısası, kitabın mənə yaşatdığı hisslərlə bağlı mən özüm ayrı bir roman yaza bilərəm 😀

Siz qulaq asmayın yuxarıda yay ayının və dəniz çantasının “must have” kitabı olduğunu deməyimə. Kitabın bu soyuq və şaxtalı qış aylarında da içinizi isidəcəyinə əminəm! Məncə kitab hər fəsilə ayaq uydura bilir.

Oxuyanların rəylərini gözləyəcəm! Siz sağ – mən salamat.

Əvvəlki Post
Youtube Rewind 2017
Sonrakı Post
Global Startup Weekend Women 2018
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin