15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

İlk resept – S’mores dip

0 Şərh

Nəhayət ki uzun zamandır yazmaq istədiyim, amma tənbəllikdən başlaya bilmədiyim bloqun ilk paylaşımını etməyə qərar verdim. Qeyd edim ki, burada maraqlı yeməklər, şirniyyatlar, isti və soyuq içkilər, mətbəxlə bağlı digər bildiklərimi sizlərlə bölüşəcəm. Əgər siz də qeyri-adi və ləziz təamlar, hazırladığınızın xaricində yeni eksperimentlər etməyə hazırsınızsa; mətbəxinizdən baş döndürücü ətirlər gəlməsini, doğmalarınızı hazırladığınız bu ləziz təamlarla təəccübləndirmək istəyirsinizsə, o zaman məni izləyin.

S’mores Dip

Bu gün sizlərlə çox sadə bir desert resepti paylaşmaq istəyirəm. Əslində buna resept belə deməyə  dilim gəlmir, çünki çox bəsit tərkibi var. Ən əsası odur ki, dadına söz ola bilməz! Hazırsınızsa başlayaq.

Tərkibi

  • 1 paket marshmallow
  • 1 plitka şokolad
  • 1 paket sade peçeniya (məs. Petit beurre)

Hazırlanması

İlk olaraq bizə soba üçün istifadə olunan, çox da böyük olmayan şüşə qab lazım olacaq. Əlinizin altında belə qab yoxdursa, bunu keramik kiçik ölçülü qabla da əvəz edə bilərsiniz. “Niyə məhz kiçik qab?” dediyinizi eşidirəm. Çünki resept şokoladlı olduğu üçün porsiyanın az olması daha məsləhətlidir. Şokoladı əlinizlə kiçik-kiçik hissələrə bölüb qaba əlavə edin. İndi yazacağım isə bu desertin (türklər demişkən) “püf nöqtəsi”dir. Marshmallowları götürün və bıçaqla tən ortadan kəsin, çünki sobada hazırlanma müddəti az olduğu üçün marshmallowları kəsməyəndə əriməsi bir az çətin olur. Ortadan 2 bərabər hissəyə bölünmüş marshmallowları əgər qabınız dairəvidirsə kənarları boyunca saat istiqamətində şokoladlar marshmallowların altında tam gizlənənə kimi düzün. Budur, artıq desertimiz sobaya qoyulmağa hazırdır.

Bişməsi

Desert öncədən 180 dərəcədə qızdırılmış sobada, qabınızın ölçüsündən asılı olaraq 5-6 dəqiqə ərzində hazır olur. Əgər qabınız böyükdürsə (çox nəfərlik porsiya nəzərdə tutulubsa) hazırlanma müddəti 10 dəqiqəyə qədər uzana bilər. Sizə məsləhətim odur ki, çalışın deserti sobaya qoyduqdan sonra izləyəsiniz ki, ötməsin. Elə ki gördünüz marshmallowların üzəri qızılı rəngə çalır, deserti sobadan çıxarmağın tam zamanıdır.

Süfrəyə təqdimatı

Və budur desertimiz artıq hazırdır. Bəs deyəcəksiniz ki, tərkibdə peçeniya qeyd olunmuşdu, bəs niyə istifadə olunmadı? Sadə peçeniyanızı sobadan çıxarılmış desertə batırıb ləzzətlə yeyə bilərsiniz. Əgər əlinizin altında peçeniya yoxdursa heç dərd eləməyə dəyməz! Qaşıqlayıb da yeyə bilərsiniz. Sadəcə çalışın, mütləq qısa zaman ərzində şokolad bərkimədən yeyəsiniz.

P.S. Desert çox dadlı olduğu üçün, hazırlayıb yemək insanda alışqanlıq yaradır, amma narahat olmayın, kalorisi mənim boynuma. 😀

~ Nuş Olsun ~

Sonrakı Post
American Breakfast Pancakes
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin