15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Göydən 3 kitab düşdü: Heyvanıstan

0 Şərh

Uzun zamandır bloq üçün kompyuterin qarşısına keçmək həvəsim yox idi. Son paylaşdığım məqalənin tarixinə baxanda (Sentyabr 2018) yazmaq üçün darıxdığımı hiss etdim.

Hərçənd, əlimdə müzakirə etmək istədiyim mövzuların uzun bir siyahısı var, amma bəzən bu belə mənə kömək olmur. Bu gün nəhayət ilham pərilərim çiynimə toxunub, “Bəlkə yazasan?!” dedi və vaxt itirmədən musiqi playlistimə start verib, laptopun qarşısına əyləşdim.

Qərara gəldim ki, bu gün sizinlə sevdiyim kitablar haqqında olan fikirlərimi bölüşüm. Məqalə çox uzun olmasın deyə, 3 hissəyə bölmək və hər dəfə yeni bir kitab haqqında yazmağın daha rahat oxunacağı fikrindəyəm.

Spoil vermədən, subyektiv fikirlərimi paylaşacağım məqalənin dadını çıxarın. 🙂

Heyvanıstan

İlk kitab, Geroge Orwelldən “Heyvanıstan” alleqorik povestidir. İngilis yazıçısı olan və oxucular tərəfindən psevdonim adıyla (Geroge Orwell) daha çox tanınsa da, əsl adı Eric Arthur Blair olan yazıçının məndə aylarla kənarda oxunmasını gözləyən 2 kitabı var idi: 1984Heyvanıstan.

İlk hansından başlamaq lazım olduğu barədə düşünərkən, daha az səhifəsi olan, klassik kitablar siyahısında yer alan Heyvanıstanı seçdim. Bu seçimimin bir başqa səbəbi də Orwellin yazı tərzinə bələd olmayan yeni oxucular üçün bu əsərin daha uğurlu giriş olmasıdır.

  • Səhifə (Azərbaycan çapı): 143
  • Janr: Satira/politik satira

Şəxsi Təcrübəm

Kitabı əlimə almaqla bitməsi arasında o qədər qısa bir zaman keçdi ki, özüm də məəttəl qaldım! Kitabın axıcı dilinə heyran oldum. Distopik kitab olan Heyvanıstanda, heyvanlar dilə gətirilir və baş qəhramanlar donuzlardır (Heyvanların dilə gətirilərək yazılan kitab tərzinə fable / təmsil deyilir).

Əsərdə heyvanların insanlara qarşı çıxmasından və onlara qarşı açılan üsyanlarından bəhs olunur. Kitab dünya müharibələrini və Stalizmi çox axıcı və sadə dillə heyvanların dilindən izah edir.

Açıqcası uzun zamandır hansısa kitabı bu qədər sürətli oxuduğumu xatırlamıram. 50-60% neon rəngli markerlə qeydlərdən ibarət kitabımı hər dəfə əlimdən kənara qoyanda, səbrsizliklə davam edəcəyim anı gözləyirdim.

Kitabı sevməyimin bir başqa səbəbi isə qəhrəmanların real həyatda olan siyasət adamları olması idi. Bütün bu prosseslər heyvanların diliylə elə professional şəkildə yazılıb ki, qəhrəmanların heyvan olduğunu unudursan və siyasətin sıxıcılığından yorulmursan. İki kiçik məsləhətlə fikrimi yekunlaşdırmaq istəyirəm.

  1. Əgər kitabı daha yaxşı başa düşmək və mövzuya hakim olmaq istəyirsinizsə, ilk öncə I və II dünya müharibələri haqqında sənədli filmlərə baxmağınızda fayda var.
  2. Kitabın girişini ötəri oxumayın. Razıyam, giriş üçün bir az uzundur, lakin heyvanların hansı siyasi xadim olduğunu yaxşıca mənimsəyin ki, kitabın dadını daha yaxşı çıxara biləsiniz.

P.S. Kitabın giriş hissəsi mənim üçün bir az qəliz oldu, çünki o qədər heyvan adını yadda saxlamaq və real həyatda kimin-kim olmasını yaddaşa həkk etmək bir az vaxt apardı. Amma gözəllik qurban tələb etdiyi kimi, gözəl kitab oxumaq də bir az zəhmət tələb edir.

P.S.S. Baş qəhrəmanların heyvan olmasına aldanaraq unutmayın ki, bu kitab uşaqlarınıza yatmadan öncə oxuyacağınız tipdən kitab deyil. Canlı-qanlı yaşanmış və hələ də davam edən diktator rejimin təcəssümüdür. Heyvanlarla izah edilən tarixin mükəmməl açıqlamasıdır.

Kitabı oxumaq fikrinə gəlsəniz, fikirlərinizi mənimlə də paylaşmağı unutmayın.

Məqaləni Geroge Orwellin sitatı ilə bitirmək istəyirəm:

If people can’t write well, they can’t think well and if they can’t think well, others will do their thinking for them.
Əgər insanlar yaxşı yaza bilmirsə, demək ki, yaxşı düşünə bilmir və əgər yaxşı düşünə bilmirlərsə, başqaları öz düşündüklərini onlar üçün edəcək!

Əvvəlki Post
Təyyarədə nəzakət qaydaları.
Sonrakı Post
Lvov
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin