15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Excuse me, I love you – Ariana Grande

0 Şərh

2020-ci ilin yekunlaşmasına və yeni ilin gəlişinə sayılı günlər qala, yazmaq üçün nəhayət ki, motivasiya tapa bildim. 4 ildir ki, sizlərlə sevdiyim mövzularda şəxsi düşüncələrimi, təcrübələrimi bloq vasitəsi ilə paylaşıram. Lakin bu il (2020-ci il) bir az fərqli il oldu. Bu il burada, bloqumda ən az yazdığım və aktiv olduğum il idi. Buna baxmayaraq, ilin sonuna yaxınlaşsaq da, hələ də gec deyil düşüncəsi ilə, “niyə də fikrimdə olan bəzi məqalələri yazmayım ki”? deyərək, yenidən klaviatura ilə dostluğumuzu bərpa etmək qərarına gəldim.

Karantin günlərində sıxılan və maraqlı film, serial, musiqi axtarışında olan siz oxucuları sevindirəcək yeni məqalələr, ümid edirəm sizi az da olsa müsbətə kökləyib, əhvalınızın yüksəlməsinə kömək olacaq. Bu gün yazacağım məqalə isə musiqi sevərləri və xüsusən də Ariana Grande-nin səsinə aşiq olanları daha da sevindirəcək.

2020-ci ilin kiçik xülasəsi

Dünyamızı cənginə alan Covid-19 virusu və onun özü ilə birgə gətirdiyi çətinliklər, yaşam tərzimizi tamam dəyişdirən qaydaları, sonradan isə Azərbaycanın müharibə şəraitinə daxil olması, ultra həssas bir insan kimi, mənim üçün də mental və mənəvi çox ağır idi.

İlin bu qədər ağır, çətin olacağını heç birimiz ön görə bilməzdik. Lakin günahı əsla rəqəmdə, yəni 2020-ci ilin üzərinə atmaq niyyətində də deyiləm. Çünki bu rəqəmlərin baş verənlərlə heç bir əlaqəsi olduğunu düşünmürəm və zənnimcə ekoloji cəhətdən bu il insanlıq sadəcə öz etdiklərinin bəhrəsini gördü. Təbiətə, ekologiyaya nə zərərlər vurduqsa, təbiət də bumeranq kimi nəticələri bizə geri qaytardı.

Ümumən bu il bütün dünya ölkələrində sözün əsl mənasında çox böyük dəyişikliklər, hadisələr oldu və əgər məndən “2020-ci ili nəyə bənzədərdin”? deyə soruşsaydınız, yaddaşı dolmuş və formata ehtiyacı olan texnoloji alətlərdən ya telefon, ya da kompyuter deyərdim. Sanki 2020-ci ildə dünyaya, yeganə evimiz olan Yer planetinə format atılan il oldu. Bu format sayəsində ekologiya az da olsa təmizləndi, suda uzun illər görmədiyimiz heyvanların yenidən azad şəkildə dənizlərdə üzməsinə şahid olduq.

Bizlər evə qapandıq, heyvanlar isə insanların vəhşiliklərinə məruz qalmadan, ana təbiətdə öz azadlıqlarına qovuşdu. Yenə Yin and yang-ı yada salmadan olmayacaq.

Ariana Grande – Excuse me, I love you

An etibari ilə, bu gün 21.12.20 Ariana Grande-nin yeni sənədli filmi olan, Excuse me, I love you ilk dəfə olaraq Netflixdə yayımlandı. Mən də az öncə filmi izləyib bitirdim və hisslərim isti ikən təəsüratlarımı yazmaq qərarına gəldim.

İlk öncə qeyd edim ki, Ariana Grande mənə görə dünyanın ən miniatür, ən şirin, qabiliyyətli və güclü səs diapozonuna sahib müğənnilərindən biridir. Onun səsini, işlərini hədsiz bəyənirəm və hər zaman da yeni işlərini yaxından izləməyə çalışıram.

Düşünürəm ki, instagramda çox da aktiv olmaması, onun sevdiyim digər yönlərindən biridir. Onu, durmadan hər yerdə görmək mümkün deyil. Sadəcə gördüyü işlərlə gündəmə gələr və çox nadir hallarda da şəxsi həyatında baş verən kolasal dəyişikliklər haqqında açıqlama yazar və ya paylaşar. Bir sözlə, sevdiyim cəhətləri həddindən artıq çoxdur.

Ariana Grande deyəndə, böyük kütlənin onu haqqında dediyi ilk fikir uzun saçları və balaca boyu olur. Mən də onu tanıdığım ilk vaxtlardan hər zaman uzun saçlarla görmüşəm və səbirsizliklə stilində bəzi dəyişikliklər edəcəyi günü gözləyirəm. Düşünürəm ki, artıq bəzi dəyişiklərin zamanı gəlib çatıb.

Hazırda saçları yenə uzun olsa da, qeyd etmək istəyirəm ki, qaynaqdır və sadəcə məhşurlarla işləyən (Beyonce, JLO, Kardashianlar və s.) saç ustası Tokyo Stylez-ın əl əməyidir. Hə, bir də Ariana hədsiz zarafatcıl və əyləncəli bir insandır. Onu yaxından izləyənlər məni çox daha yaxşı başa düşəcək. 😀

Uzun saçları ilə bağlı bu videosu isə məni çox güldürmüşdü.

Ah, əlbəttə unutmamışam. Ariana bir də güclü parodiya etmək qabiliyyətinə malikdir və getdiyi bir çox şoularda da aparıcıların xahişi ilə bunu dəfələrlə edib. Onlardan biri və ən sevdiklərimdən olanı sizinlə də paylaşmaq istəyirəm.

Netflix iş birlikləri

Son illərdə müğənnilərin Netflix ilə etdiyi iş birliklərindən yəqin ki, çoxunuz agahsınız. Beyonce, Taylor Swift, Shawn Mendes (məncə ən uğursuzlarından) və s.

Mənə görə 1-ci yeri əlbəttə ki, Beyonce – Homecoming ilə tutur və açıqcası bu qərarın nə zamansa dəyişəcəyinə ümidim yoxdur. Beyonce mənim uşaqlıq illərimdən, Destiny’s Child vaxtlarından sevdiyim, pərəstiş etdiyim müğənnidir və hələki heç kəs, yeni çıxan modern müğənnilər də daxil olmaqla onu kölgədə qoya bilməyib. R&B, Pop -nun kraliçası desəm tam yerinə düşəcək. Səhnə performansları ilə gətirdiyi ilkləri hələ heç demirəm.♡

2020-ci ildə Netflix ilə iş birliyi edən müğənnilərin siyahısına Ariananın da adı əlavə olundu. Əslində Excuse me, I love you-ya sənədli film demək, çox da yaxşı fikir olmayıb. Digər sənədli filmlərə qarşı, bu ad mənə bir az haqsızlıq kimi gəldi sanki. Çünki, burada daha çox Arinin 2019-cu ildəki dünya turu “Sweetener World Tour“-un Londonda olan səhnə performansı göstərilir. Sadəcə bəzən bir neçə dəqiqəlik çox kiçik səhnə arxası anlar, həyatından bəzi kiçik səhnələr, tur zamanı məşqlərdən kiçik fraqmenlər görürsünüz. Yəni tam olaraq sənədli film sayıla bilməz.

Açıqcası, konsertə baxdıqdan sonra, bir sual məni narahat etdi. Niyə burada məhz Londonda olan səhnə performansı göstərilir? Niyə digər şəhərlərdə olan konsertlərindən səhnələr əlavə olunmayıb? Kiçik bir araşdırma etdikdən sonra, sualıma cavab tapa bildim. Cavab, Arinin “Sweetener World Tour” zamanı müxtəlif şəhərlərdə keçirdiyi konsertlərinin saysız-hesabsız xətalarla (yıxılmalar, texniki problemlər, səhnə performansları zamanı baş verən xoşa-gəlməz məsələlər və s.) dolu olması idi. Beləcə başa düşdüm ki, ən uğurlu konsertlərindən biri, məhz Londonda keçirilən konsert olub və yəqin elə ona görə də Netflixdə yayımlanan konsertdə elə Londankı səhnədəndir.

Konserti başdan – sona çox maraqla, həyəcanla və zövq alaraq izlədim. Ari sevərlərin, səhnədə onu ilk görən andan etibarən göz yaşlarına hakim ola bilməyən fanları, bütün stadionun Ariana ilə birlikdə mahnıları ifa etməkləri, həmin həyəcanı, möhtəşəm atmosferi TV ekranından belə hiss etmək əla idi. Möhtəşəm vokalı, köhnə və yeni mahnıları, səhnə performansı soyuq dekabr ayında və pandemiya günündə əhvalımı necə lazımdır yüksəltməyə kömək oldu.

Ümid edirəm ki, ən qısa zamanda pandemiya bitər və konsertlərə, bu cür gözəl ab-havalı məkanlar yenidən qatıla bilərik.

Musiqi və global tədbirləri bu qədər sevməyimin başqa bir səbəbidə var. Bu tip konsertlər və başqa global tədbirlər elə gözəl bir vasitədir ki, insanlar burada dini, dili, irqi, hər şeyi bir kənara qoyub bütün, vahid bir şəkildə andan zövq almağı bacarır. Bu cür yerlərdə rasizm tamamən unudulur və 1 mahnının sözləri dini inancından, hansı bədən rənginə sahib olmandan asılı olmayaraq, səni göz yaşlarına qərq edir. O an konsertin səndə yaratdığı emosiyalar, əslində insanlığın nə qədər bəsit problemləri (məsələn elə rasizm kimi) həll edə bilməyərək, bir-birinə düşmən şəkildə yaşamasının mənasızlığını bir daha sənə xatırladır. Hələ də bu kimi problemlərin ən qısa zamanda həll olunacağına böyük ümidlər bəsləyirəm.

Çünki dünyanı, hazırda mövcud olduğumuz və nəfəs alıb-verdiyimiz Yer Planetini keyfiyyətli musiqi, şəfqət və dinindən asılı olmayaraq bir-birinə hörmət edən, sevgi bəsləməyi bacaran insanlıq xilas edəcək.

İlin ağırlığını üzərinizdən atmağa yardım edəcək gözəl vocal və konsertdən zövq almaq istəyirsinizsə, o zaman bu sənədli filmə şiddətlə nəzər salmanızı məsləhət görürəm.

Xoş seyirlər və Sevgiylə qalın

Əvvəlki Post
“Negative Space” Animasiyası
Sonrakı Post
After Hours – The Weeknd yeni albom

0 Şərh

Şərh Bildirin