“Dome Fuji” də hiss edəcəyiniz 3 film tövsiyyəsi
Dünyanın ən soyuq yerilərindən biri “Dome Fuji”-dir, həmin zonada temperatur -91 dərəcəyə qədər düşə bilir. Məqaləyə bu adı verməyimin səbəbi, adlarını yazacağım filmləri izləyərkən bütün bədənimin sanki donub hərəkətsiz qalmasıdır!Kino fanatı olaraq deyə bilərəm ki, izlədiyim hər filmdən fayda götürməyə çalışıram. Elmi-fantastik, bioqrafik və ümumiyyətlə real hadisələr əsasında çəkilən filmlər mənim üçün hər zaman 1-0 irəlidədir. Əlbəttə, bəzi zamanlar beynimin, ruhumun yorğun olduğu və dincəlmək istədiyim vaxtlar da olur. O zaman romantik komediyalara da baxıram. Bəzən də mazoxistlik edib, dram filmlərə baxıram. Əhvalıma görə… Lakin mənim üçün əsas olan bir şey varsa, o da filmlərin həyatımda olan əvəzsiz rolu və həyatıma qatdığı mənadır.
Lap Bəyin oğurlanması filmində deyildiyi kimi, “Ay camaat, bu kino ki var, bu çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib”.
O zaman maksimum dərəcədə spoyler verməməyə çalışaraq, başlayım filmlər haqqında təəssüratlarımı yazmağa.
What Happened to Monday
2017-ci il istehsalı olan “What happend to Monday”, bir çoxları tərəfindən distopik (antiutopiya) dünyada baş verən hadisələrdən bəhs edən film adlandırılsa da, zənnimcə həmin dünyanın yaxın gələcəkdə real olacağı faktı danılmazdır! Hazırki dünyamızda həddindən artıq lazımlı-lazımsız istehsal\tükətim sindromu var (illərdir mənim ürəyimə dağ basan mövzu) və bu bir gün dünyamızın sonunu gətirəcək. Bu film də elə tam bu mövzuları əhatə edir. Bağışlayın, amma bu dəfə “Popkornlarınızı hazırlayın, seyrə başlayaq” deyə bilməyəcəm. Mümkün qədər fikrinizin bütünlüklə filmdə olması və hətta mümkündürsə ingilis dilində baxmağınız daha məsləhətdir. Çünki dublyajlar hər dəfə hansısa səhv tərcümə ilə filmin dadını tam çıxarmağa imkan vermir.
2043-cü ildir. Demoqrafik partlayış, insanların həyat tərzinə və həyatda qalması üçün lazım olan bütün qaynaqların sürətlə tükənməsinə səbəb olub. Resurs qıtlıqlarından qaynaqlanaraq bir çox qadağalar tətbiq edilir və bunlardan biri də hər ailənin sadəcə bir uşağa sahib ola bilməsidir. Necə də qorxunc səslənir elə deyilmi? Amma bu hələ harasıdır… Burdan sonrasını yazmağa davam etmək istəmirəm, çünki spoyler ola bilər. Film boyunca empati içərisində idim və buz kəsildim, buz! Şiddətlə tövsiyyə edirəm! Sadəcə bir şeyi qeyd edim ki, illərdir iqlim dəyişikliyi məni ciddi şəkildə narahat edir. Bunun üçün təbiətə qarşı daha həssas davranıram, ona müsbət gələcək (məsələn, bunlardan biri minimum plastik istifadəsi, daha az tükətim) bir çox şeyi etməyə çalışıram. Bacardığım qədər təbiətlə dost olmaq istəyirəm, çünki təbiət bizə verilən böyük nemətdir!
Burdan vermək istədiyim mesaj odur ki, bildiyim bir şey varsa, o da təbiətimizi çox yormuşuq artıq. Əlimizdən təngə gəlib bəlkə də. Kommunal xərclərimiz kimi, qaz, su, işıq, istilik sistemi hər ayın sonu evimizə çek gətirdiyi kimi bir gün təbiət də bizə çek göndərəcək. Amma bu çekin qiyməti o qədər baha olacaq ki, onu canımızla ödəyəcik. Bu cümlələri fikirləşməyim və sizinlə paylaşmağım, dünya üçün nə qədər narahat olduğum və içimin yandığı hissini sizə ötürdü deyə ümid edirəm. Dünyada hər şey bumeranqdır. Biz təbiətə necə rəftar ediriksə, o da eynisini bizə geri qaytarır.
The Odyssey
İkinci film “The Odyssey”, 2016-cı il istehasalı olan fransız, bioqrafik filmdir. Sevdiyim aktyorlardan Pierre Niney-in də oynadığı film, dəniz kapitanı Jacques-Yves Cousteau-nun (Jak-İv Kusto) həyatından bəhs edir.
Jacques Yves Cousteau kimdir?
Uşaqlıq illərimdə TRT belgesel kanalında sualtı həyata aid sənədli filmlərini sevərək izlədiyim, sözün əsl mənasında dəniz aşiqi fransız dəniz kapitanıdır. “Calypso” adlı gəmisi ilə həyatını dənizaltı aləmi dərindən öyrənməyə, araşdırmağa həsr edən kapitan, bizləri dənizin altında bam-başqa bir həyatla tanış edir. Kapitan olması xaricində, elektronik əşyalara və rejisorluğa böyük marağı olub və bir çox sənədli filmlərinin də rejisoru məhz özüdür. 1956-cı il istehsalı olan “The Silent World” adlı sənədli filmi baxdığım və ən çox bəyəndiklərim arasındadır. Bu sənədli film həm də Cousteau-nun ilk “Oscar” almış sənədli filmidir. Bununla yanaşı 1956-cı ildə Kann Film Festivalında “Qızıl Palma” mükafatına da layiq görülüb. Düzdür, sonra bu sənədli film bir çox mübahisələrə səbəb də oldu. Niyə? Çünki müəyyən bir zonada olan dəniz canlılarının növlərini öyrənmək üçün mərcanların yanında dinamit partladır və N-sayda dəniz canlısı məhv olur. Ümumiyyətlə Cousteau-nun dünyaya qazandırdığı bir çox faktlar var. Uzun sözün qısası baxmağa dəyər sənədli filmdir.
The Hidden Face
İllərlə “Flixster” hesabımda baxılacaqlar siyahımda olan və 3 ay əvvəl izlədiyim nəfəs kəsən 3-cü və son film tövsiyyəsi. Sözün düzü filmi izləməyi uzatmağımın başlıca səbəbi filmin afişası oldu. Düşünürdüm ki, qorxu filmidir və 5 ildən artıqdır ki, qorxu filmləri ilə dostluğuma əlvida demişəm! Onu deyim ki, qorxu filmi deyil. Keçək əsas məsələyə.
2011-ci il istehsalı olan İspan filmini izləyib bitirəndə, yoldaşımla birgə beynimizdə 2-ci dərəcəli yanıqlarla, televizor ekranına baxa-baxa qaldıq. Kino sona kimi insanı gərgin saxlayır və qeyri ixtiyari dırnaq deməyən birini belə, dırnaq yeməyə sövq edir! 😀 Gərilimi bütün hüceyrələrinizlə hiss edəcəyiniz, filmin sonunda beyninizin suallarla dolub daşacağı, əsəblə kaş belə yox, elə olsaydı deyə deyinəcəyiniz filmdir. İki gün təsirindən çıxa bilmədiyim, qab yuyarkən süngəri boşqabda fikrə gedərək, 500 dəfə fırlattığım əla ssenarisi olan qaymaq kimi filmdir.
P.S. Eyni ssenarili 2017-ci il istehsalı olan və baş rollarını Özcan Deniz və Meryem Uzerlinin oynadığı “Öteki Taraf” adlı türklər də kino çəksə də, əminəm ki, yenə hər zaman olduğu kimi filmi ağlaşmaya çeviriblər. Türk filmlərinin həvəskarı deyiləm, bunu da burdan qeyd eləmiş oldum.
Belə… Ümid edirəm ki, film tövsiyyələrimi bəyəndiniz. İndidən hər kəsə xoş seyirlər.