15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Blue Hole, Dahab

1 Şərh

Səyahət postları yazmaq üçün lap darıxmışdım. Bu gün nəhayət tənbəllikdən yaxa qurtarıb, Misir seriyasının son postu olan Dahab – Blue Hole (Mavi-Dəlik) haqqında yazmağa start verdim.

Yolçu yolunda gərək

Bir neçə gün Sharm El Sheikh-də dincəlib, yolun yorğunluğunu canımızdan atdıqdan sonra üz tutduq Dahab-a. Biz Misirə dostlarla getdiyimiz üçün və digər cütlüyün Misir və Dahaba ikinci dəfə səfəri olduğu üçün onlar bizdən daha təcrübəli idi.  Bu təcrübə sayəsində, Dahaba bizi aparacaq taksidən tutmuş, orada bizi qarşılayacaq bələdçi, gün ərzində yeyəcəyimiz yeməklər, edəcəyimiz məşğuliyyətlərə kimi hər şey öncədən danışılmışdı. Selmi adlı misirli bələdçi bir gün boyunca bizimlə olacaqdı.

Gediş haqqı

Dahaba getmək üçün 2 alternativ var: Ya oteldən tur paket almaq və yaxud da tanıdığınız kimsə varsa o sizə bizim etdiyimiz kimi daha büdcəli variant təşkil edə bilər.

Otel tur paketi: Adam başına 65 USD 

Tur paketsiz: Adam başına 35 USD

Bizim səfər tur paketsiz olduğu üçün və 4 nəfərə130 USD (10 USD endirim olundu)

130 USD-yə daxildir:

  • Dahaba aparacaq taksinin gediş-dönüş ödənişi
  • Orada oturacağınız restoranın günorta yeməyi
  • Axşam kanyonda ulduz yağışının altında yeyəcəyiniz şam yeməyi və çay

Əgər bu iki variantın heç biri sizi qane etmədisə və özünüz azad şəkildə taksi sifariş verib Dahaba getmək qərarınızda qətisinizsə o zaman sizə dost məsləhəti:

Taksi seçərkən çalışın ki, komfortu yerində olsun. Komfort deyərkən limuzinlə gedin demirəm, sadəcə maşında kondisioner mütləq olsun. Əks halda 40+ dərəcədə maşının pəncərələrini açıb sərinləmək istərkən, isti sizi bihuş edəcək.

Sharm El Sheikh şəhərindən Dahaba olan məsafə 95 km-dir və təxminən 1 saat ərzində məkana çatırsınız.

Mavi dəlik

Dahaba gəldik və Selmi bizi qarşıladı. Offroad tipli maşın ilə dənizin kənarına üz tutduq. Artıq dənizə yaxınlaşırdıq və ilk gördüyüm mənzərə dəvə cərgəsinin dəniz kənarı ilə getməsi idi.

Dahaba gəlib dənizə girməmək və “Mavi dəliyin” üzərindən üzməmək necə deyim günah olardı. Biz də snorkling üçün hazırlıqlarımızı edib dənizə tərəf getdik.

Bir nüansı qeyd edim ki, dənizə istədiyiniz yerdən girməyə icazə yoxdur. Çünki mərcanlar ayaqlarınızı bıçaq kimi kəsə bilər və ya bunun tərsi, siz mərcanlara zərər (mərcan özünü 100 ilə bərpa edir) verə bilərsiniz. Bunun üçün isə orada xüsusi bələdçi olur hansı ki, insanları bir cərgə ilə dənizə girmək üçün xüsusi yolla aparır.

Şəkildən Mavi dəliyi və insan cərgəsinin suya getdiyi yolu görə bilərsiniz. Sudan fərqli rəngdə olan hissə isə mərcanlardır. 

P.S. Mərcanların ayağınıza zərər verməməsi üçün xüsusi dəniz ayaqqabıları var hansı ki, belə hallara qarşı tədbir görməyinizə kömək edəcək.

Orta hesabla heç 1 saat suda qala bilmədim. Səbəb isə suyun temperaturunun durmadan dəyişməsi idi. İsti dənizdə üzdüyüm halda qəfil bumbuz su axınında üzmək heç də asan olmadı. Hətta bədənimi soyuqdan hiss etməməyə başladım və sudan çıxmaq istədim. Sonra özümü panikaya salmamaq qərarına gəldim və “Mavi dəliyə” tərəf üzməyə davam etdim. Düzü “Mavi Dəliy”in üzərində olarkən üzmək məni vahiməyə saldı. Suyun altından gördüyüm qap-qaranlıq dənizin dibinə doğru uzanan quyunu görmək bir az məni narahat edirdi.

Mavi dəliyin dərinliyi 250 m-dən çoxdur və 52-54 meterdə məşhur arka var hansi ki, advanced diverlər üçün üzərək bu arkanın içərisindən keçmək tam bir hobidir. (ətraflı: digər məqalə).

Mavi dəliyə dalış etmək üçün hər kəsə icazə yoxdur. Mütləq dalış lisenziyanız olmalıdır. Bu haqda digər məqalədə oxuya bilərsiniz.

Qorxan gözə çöp düşər

Dənizdən çıxarkən bu mənzərə ilə qarşı-qarşıya dayanıb bir müddət hərəkətsiz qaldım.

Dostlarımız və bələdçi Selmi bu məzar daşlarının “Mavi Dəlikdə” dalış edib xilas ola bilməyənlərə aid olduğunu deyəndə çox üzüldüm! Həlak olanlar arasında ən çox rus adlarına rast gəlməyim məndə maraq oyandırdı və Selmidən bununla bağlı sual soruşanda, bəzilərinin hava balonunda yetəri qədər oxigen qalmamasından, bəzilərinin isə sərxoş halda dalış edərək və dünyalarını dəyişdiyini dedi. Onu da əlavə etdi ki, cüzi miqdarda belə alkollu içki qəbul edilibsə dalış qadağandır.

Günorta yeməyimizi gözləyərkən, daxili səsim bu mənzərə ilə üzməyə gedərkən qarşılaşsaydım, bəlkə də fikrimdən geri dönərdim dedi. Amma siz siz olun, əsla gözünüzü qorxuzmayın və Dahabda olan limitli saatlarınızın dadını çıxarın!

Etmədən geri dönmə

  • Bütün qorxularını at bir kənara və snorkling maskanı tax! Dənizdə üzərək rənglərindən bihuş olacağın mərcanlara və balıqlara bax.
  • Unutma ki, Dahabda suyun temperaturu işıq sürtətiylə dəyişir. Od kimi istiykən, birdən buz kimi soyuq su axınına düşürsən. Əgər sərbəst üzə bilmirsənsə mütləq yanında instruktor olsun. Suyun soyuqluğu insanı elə dondurur ki, bəzən donaraq hərəkətsiz qalıb bata biləcəyini düşünürsən.
  • Gəzərək yolun kənarına getməkdən yorulmusansa, dəvəyə min və bir az adrenalin yaşa. 😀
  • Kanyonlarla əhatələnmiş restoranda şam yeməyini ye.

  • Gecənin düşməyini gözlə və xalçaya uzanaraq səmadakı ulduz selinin (stargazing) də yoldaşlığı ilə gələcəyə dair planlarını qurmağa çəkinmə. Gecə burada misilsiz görüntü olur. Qaranlıqdan göz-gözü görmür və ulduz seli insanı xəyallara aparır. Şəkildə gördüyünüz plastik qablarda olan torpağa basdırılan şamlar da yandımı özünüzü tam Princess Sheherazade kimi hiss edəcəksiz.
  • Günbatımı sevənlərdənsinizsə Lagunaya baş çəkin deyərdim.

  • Dahabdan əl ilə göy qurşağı kimi canlı rənglərlə toxunan qolbaqlardan almağı unutma. Qolbaqları uşaqlar satır və hərəsi fərqli qiymətlər deyir.

  • Heçnə etmə. Bəli, bəli, düz oxuyursunuz. Bura elə bir yerdir ki, özünüzü dənizə, təbiətə verərək hər şeyi, bütün qayğılarınızı unudaraq beyninizə format ata bilərsiniz.
  • Macərəpərəstsənsə quad motorla konyonlarda maraqlı atraksiyon yaşaya bilərsən. Qiymətlərini unutsam da, baha olduğu üçün biz minə bilmədik.

  • Və ən son, təbii ki, xına. Sevdiyiniz formanı seçərək, xına çəkdirib “Holiday mood on!” deyə bilərsiniz.

Ümid edirəm ki, Dahaba getmək istəyən şəxslər üçün faydalı məqalə oldu. Səyahətdən geri qayıdarkən təəssüratlarınızı mənimlə də bölüşməyi unutmayın.

 

 

 

 

Əvvəlki Post
Originals vs Covers
Sonrakı Post
Memarlıqda Portal termini.
Mrs. Chef

Memar və interyer dizayner

1 Şərh

  • September 2, 2018 at 7:45 pm
    Nermin

    Cox maraqli melumatlardi Tesekkur edirem Emeyinize qeleminize sagliq 🙏🏻

    Cavab

Şərh Bildirin