15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Bloqum 2 yaşında

0 Şərh

Yazıya haradan və necə başlayım deyə düz 10 dəqiqədir ki, monitora baxa-baxa qalmışam. İlk öncə, bu məqaləmi oxuyan hər bir kəsi salamlayıram. Keçmiş Novruz bayramınızı və qarşıdan gələn bahar fəsli münasibəti ilə sizləri təbrik edirəm.

Mart ayı mənim üçün hər zaman bayram ayı olub. Həyatımın bütün özəl günləri Mart ayına təsadüf edir! İndi bu özəl günlərə daha biri əlavə olunub.Bu gün mənim üçün qürurverici bir gündür! Çünki bundan tam 2 il öncə, Martın 24-ü bloqumda ilk məqaləmi paylaşaraq, buradakı səyahətimə start vermişdim. Və budur artıq bizim 2 yaşımız tamam olur! Ura-ura!

İlk məqaləmi paylaşandan sonra bloquma bu qədər bağlı olacağımı heç düşünməmişdim. Sonra yazmağı nə qədər sevdiyimi xatırladım. Yazmağı hər zaman danışmaqdan daha çox sevmişəm! Sanki yazarkən bütün hisslərimi daha yaxşı ifadə edirəm.

Gəlin sizə hər şeyə necə başladım qısaca məlumat verim.

Keçən 2 il

Əslində bloq açmaq 2015-ci ildən etibarən beynimin bir tərəfində tenis topu kimi sağa-sola gedib gəlirdi. Amma bloq açmaq xatirinə açmaq istəmirdim, kontenti fərqli və maraqlı olmalı idi. Hələ də fikrimdə olan bir çox şeyi etməmişəm, lakin bacardığımın ən yaxşısını edəcəyimə dair söz verirəm.

Düzü bloqun adını fikirləşmək bir az zamanımı aldı. Nəhayət NarsKitchen adının üzərində durdum. Niyə məhz NarsKitchen?

Çünki yemək və desert hazırlamağa aşiq biriyəm və düşünürdüm ki, bildiyim ən dadlı və qeyri-adi reseptləri sizlərlə də paylaşım. Amma sonra ağlıma daha maraqlı bir ideya gəldi. Mənim mətbəximdən ancaq reseptlər çıxmaq məcburiyyətində deyildi. Həmçinin memarlıq, maariffləndirici məlumatlar, səyahət, kino və kitablar haqqında da maraqlı məlumatları sizinlə paylaşmaq fikrinə gəldim. Dostlarla müzakirə etdikdən sonra, bloqun adının olduğu kimi qalmasına qərar verdik.

Bloqumla bağlı istədiklərim

Ümid edirəm ki bu il bol-bol məqalə yazacam! Buradan bildiklərimi paylaşmaq və kimlərəsə hansısa bir məsələdə kömək ola biləcəyim düşüncəsi məni hər gün məqalə yazmağa daha da sövq edir.

Gələcək üçün başlıca planlardan biri bloqun dizaynı üzərində işləməkdir. Həə, bir də yazılma sırasını gözləyən, dəftərimdə adları qeyd olunmuş məqalələr… Bir memar olaraq, işlərdən qaynaqlanan vaxt qıtlığına görə məni anlayışla qarşılayacağınıza ümid edirəm. İşlərdən imkan tapdıqca onları da yazmağa başlayacam. Əfsuslar olsun ki, ölkəmizdə oxumaq mövzusunda o qədər tənbəlləşmə gedir ki, bu məni qorxuzur! Bu mövzu üzərinə gələcəkdə bəlkə danışarıq. İndilik isə arzu edirəm ki, birlikdə 5, 10 illiyimizi qeyd etmək də nəsib olsun.

Ümid edirəm ki, bundan sonrakı illər üçün daha da keyfiyyətli, faydalı və maraqlı məqalələri sizə təqdim edə biləcəm. Ad günümüz mübarək dostlar!

Əvvəlki Post
Global Startup Weekend Women 2018
Sonrakı Post
Şərab kimi musiqilər
Mrs. Chef

Memar və interyer dizayner

0 Şərh

Şərh Bildirin