American Breakfast Pancakes
Bu dəfə sizlərlə həftə sonu qəhvəaltısının olmazsa-olmazlarından birinə çevrilən, öz yumuşaq tərkibi və çox ləzzətli dadı ilə, ən əsası da ki, ev şəraitində rahat hazırlaya biləcəyiniz Pancake reseptini paylaşacam. Bilirəm, əksər hallarda həftə sonları tənbəllik edib gec qalxmaq istəyirik. Bəlkə bu həftə sonu dəyişiklik edək nə deyirsiniz? Yuxudan tez oyanıb ailə üzvlərinizə kiçik həftə sonu sürprizi edə bilərsiniz. Narahat olmayın, sadəcə 30 dəqiqə vaxtınızı alacaq. Əminəm ki, bir dəfə hazırlayıb dadla tanış olduqdan sonra özünüzə bu sualı verəcəksiniz: Niyə daha əvvəl pancake hazırlamamışam?!
Tərkibi
- 1 stəkan süd
- 1 stəkan un
- 1 ədəd yumurta
- 3 xörək qaşığı şəkər tozu
- 1 çimdik duz
- 1 paçka vanil
- 1 çay qaşığı qabartma tozu
- 1.5 xörək qaşığı duru yağ
Hazırlanması
İşimizə yumurta (otaq temperaturunda), 1 çimdik duz və şəkər tozunu mikser vasitəsi ilə yaxşıca çalaraq başlayırıq. 2-3 dəqiqə çaldıqdan sonra vanili də qarışıma əlavə edib yumurta ağarana kimi çalırıq və şəkər tozunun tam həll olunmasına diqqət yetiririk. Stəkanda olan unun içərisinə qabartma tozumuzu əlave edib bir-biriylə qarışması üçün qaşıqla qarışdırırıq. Daha sonra unu məhlulumuzun üzərinə ələyirik və yenidən mikserlə çalırıq. Otaq temperaturunda olan südü məhlula əlavə edərək çalmağa davam edirik. Sonda yağı məhlulumuza əlavə edib taxta qaşıqla yaxşıca qarışdırırıq və Bingo! Pancake-imizin tərkibi artıq hazırdır.
Bişməsi
Qeyd edim ki, Pancake-in tərkibində yağ olduğu üçün tavamızı yağlamağa ehtiyac yoxdur. Orta və ya kiçik ölçülü tavanı orta atəşdə qızdırdıqdan sonra çömçə ilə məhlulumuzu götürüb tavanın tam orta hissəsindən tökürük ki istədiyimiz dairə formasını əldə edək. Bir nüansa diqqət edin ki, çömçə nə tam dolu olsun nə də az olsun. Əks halda Pancake xəmirlənə bilər. Bəs necə bilək ki, pancake-i digər üzünə çevirə bilərik? Üzərində xırda-xırda çoxlu sayda qabarcıqlar yaranıbsa bu o deməkdir ki, artıq digər üzünə çevirə bilərsiniz.
P.S. Digər üzünə çevirərkən çalışın bunu bir hərəkətlə edin ki pancake səliqəsini itirməsin.
P.S.S. Qabda olan məhlulu arada qarışdırmağı unutmayın ki, dibi çökməsin.
Süfrəyə Təqdimatı
Ümumiyyətlə, Pancake-in servisi tamamilə individualdır. Bu daha çox sizin nə sevdiyinizə bağlıdır. Mən yenə də burada sizlər üçün bir-iki servisi qeyd edəcəm. Üzərinə ərinmiş şokoladla doğranmıs banan və çiyələklə servis edə bilərsiniz. Digər bir alternativ isə bal sevənlər üçün olacaq. Bala xırda-xırda doğranmış qoz əlavə edib yaxşıca qarışdırın və Pancake-in üzərinə əlavə edə bilərsiniz.
~Nuş Olsun~