After Hours – The Weeknd yeni albom
Əgər mövcud olduğun həyatda, şükr etməkdə və şükr ediləcək məqamlar tapmaqda çətinlik çəkirsinizsə, o zaman bir çoxlarına bəsit görünən, lakin mənim böyük minnətdarlıq hissi duyduğum, bir neçə məqamı sizinlə bölüşmək istəyirəm.
Bunlardan biri, Musiqidir. Bir çoxlarına bəsit səslənsə də, musiqi ömrümün son gününə kimi, bütün hüceyrələrim ilə minnətdar olduğum bir vasitə olaraq qalacaq. Uşaqlıq illərimdən, (böyük ehtimal 7 yaşımdan etibarən) musiqi ilə hər zaman özəl bir bağlantım olub. Qardaşım ilə televizor ekranının qarşısında əyləşdiyimiz və dörd gözlə klip saatının gəlməsini gözlədiyimiz illəri o qədər aydın xatırlayıram ki.
Bir millenial olaraq, 90-cı illərdə sevdiyimiz musiqi və onun klipini televizorda izləmək bizim üçün lüks bir hal idi. Şanslı idinsə, həmin gün sevdiyim bütün klipləri izləyəcəkdin. Şanslı günündə deyildinsə, sevdiklərindən 2-ni izləmək belə səni hədsiz xoşbəxt hiss etdirirdi.
Təbii ki, 90-larda Spotify, Yandex, Apple və s. kimi musiqi tətbiqləri yox idi və musiqi bizim üçün əlçatmaz idi. O illər, klip saatlarını gözləyib, favori musiqilərimizi bəzən kasetlərə yazardıq və ya adını tapa bilmədiyimiz musiqini həyətdə zümzümə edərək dostlarımızdan kömək istərdik. Çünki, o zamamlar Shazam və SoundHound da yox idi. 😀 Amma bu qədər yoxluğa rəğmən, çox xoşbəxt bir nəsil idik.
Musiqi, ruhumun əvəzolunmaz qidasıdır. O olmazsa, ruhumun aclıq hissini bərpa etmək müşkül məsələ olardı. Musiqisiz bir yaşamı, həyatı təsəvvür etmək belə istəmirəm və əminliklə deyə bilərəm ki, musiqi ruhumu ən sevdiyim yeməkdən belə daha çox qidalandırır.
Davamlı olaraq bloqu oxuyan izləyicilər, mənim caz (jazz) sevgimi yaxşı bilir. Caz-la paralel olaraq, bir çox sevdiyim qruplar da məsələn, Coldplay, Red Hot Chili Peppers, Fleetwood Mac, Arctic Monkeys (siyahını qısa tutmaq istəyirəm) və müğənnilər də var. Hə, bir də böyük Parov Stelar fanatıyam desəm yerinə düşəcək. Uşaqlıq illərimdən isə, Destiny’s Child sayəsində ilk dəfə kəşf etdiyim Beyonce, hələ də mənim üçün R&B kraliçası olaraq qalır.
Həm şəkərdir, həm də istiotdur.
Musiqi həm də çox təhlükəli bir vasitədir. Niyə təhlükəlidir?! Çünki, bir zamanlar maqnit kimi səni özünə çəkən, 7/24 sevərək qulaq asdığın və həyatında müəyyən bir iz qoyan musiqi, bəzən səni bataqlığa belə sala bilir. O an pauzaya basıb, həmin musiqi ilə vidalaşırsan.
Bəzən həmin musiqi israr edərək, hansısa bir məkanda, kafedə yenidən səninlə rastlaşır və sən o an yenidən bir zamanlar sevərək qulaq asdığın musiqiyə qarşı sevgisizlik hiss edirsən. Çünki, o musiqini artıq əvvəlki kimi sevmirsən və o artıq sənin üçün bir məna, əhəmiyyət kəsb etmir. Rəf ömrü bitib və artıq onu zibil qutusuna atmağın vaxtı gəlib çatıb deyirsən.
Bizə çoxlu emosiyalar yaşadan, eyni anda həm güldürən, həm də ağladan, dərin düşüncələrə qərq edən, play düyməsinə basıb, qulaq asdığımız ilk saniyədən etibarən, rəqs etmədən dura bilmədiyimiz musiqinin varlığı həqiqətən də biz insanlara bəxş edilən möhtəşəm bir vasitədir. Təbii ki, onu anlayana və hiss edənə.
After Hours
İndi isə sevdiyim müğənnilərdən biri olan The Weeknd-in 4-cü albomu, After Hours haqqında fikirlərimi bölüşmək istəyirəm.
Elə az öncə, yenə bu alboma və albomda olan ən sevdiyim mahnılardan, “In Your Eyes”a qulaq asırdım. Bir neçə dəqiqə sonra; “niyə də yeni albom haqqında yazmayım”?! deyərək, qollarımı çirmələmiş halda özümü laptop qarşısında əyləşərək gördüm.
Bir neçə aydır ara vermədən və sevərək qulaq asdığım albom haqqında yazmağa başlamazdan əvvəl, müğənni haqqında kiçik bir açıqlama yazmaq maraqlı olar deyə düşündürəm.
İlk öncə sizə sualım olacaq. The Weekend, yoxsa The Weeknd?
Doğru cavab e-siz variant yəni, The Weeknd-dir. İngilis dilinə yaxşı aşina olan insanlar, bu adda qrammatik səhv olduğunu qeyd edirlər və haqlıdırlar. Yəqin ki, sonda e hərfinin yoxluğu çoxunuzun diqqətini cəlb edib.
Əslində adı Abel Makkonen Tesfaye olan müğənninin, səhnə adı The Weeknd-i götürməsində maraqlı bir nüans gizlidir. Daha öncə, Kanadada The Weekend (e ilə olan variant) adlı qrup olduğu üçün, Abel Makkonen özünə səhnə adı olaraq The Weeknd-i yəni, e-siz olan variantı seçmək məcburiyyətində qalır.
Beləcə, eyni adda 2 şəxsin olmasından özünü qorumaqla yanaşı, bir çox insanın fikrini də qarışdırmağı bacarır. Başqa səhnə adı da seçə bilərdi, amma görünən odur ki, bu ad onun ürəyinə necə yatıbsa, qərarında israrlı olub.
P.S. Domain almaq istəyərkən, tam ürəyimizcə olan adın aktiv olmadığını və satılmış olduğunu görən zaman, biz də ona oxşar digər variantlara baxmırıqmı?! 😀
The Weeknd -a sevgim və hörmətim böyükdür və buna bir neçə səbəbim var.
- Onun da, Ariana Grande kimi şəxsi həyatı ilə gündəmi zəbt etdiyini demək olar ki, görmədim. Hətta, Bella Hadid və Selena Gomez ilə birlikdə olduğu zamanlar belə.
- Sakitliyini hər zaman möhtəşəm albomları ilə pozdu. Şəxsi həyatı ilə deyil, musiqi dünyasına bəxş etdiyi əvəzolunmaz hitləri ilə gündəmi zəbt etdi.
- Güclü səhnə performansı görmək nəsib olmasa da, güclü musiqiləri və səsinin qeyri-adiliyi, ondan gözlədiyim səhnə performansını kölgədə qoydu.
Bir millenial olaraq, hər dəfə In Your Eyes-a qulaq asarkən, niyəsə uşaqlıq illərimə geri qayıdıram və mahnının mənə hiss etdirdiyi retro ab-havanı çox sevirəm. In Your Eyes, retro ab-hava ilə yanaşı, həm də modern ab-havanı mənə eyni anda yaşatdığı üçün, qəlbimdəki yeri hər zaman bir başqa olacaq.
Yeni albomda sevdiyim digər mahnılar isə;
- Snowchild
- Hardest to love
- Escape From LA
- Bliding Lights
- Save your Tears
- After Hours
2021 Grammy Mükafatları
2020-ci ilin ən uğurlu albomlarından biri olan After Hours, əfsuslar olsun ki, 2021-ci il Grammy Mükafatlarında heç bir kateqoriya üzrə nominasiya ala bilmədi. Təbii ki, The Weeknd fanları bu ədalətsizlik qarşısında sakit qala bilmədi və hətta fan olmayan dinləyicilər belə, bunun The Weeknd-a qarşı böyük haqsızlıq olduğunu qeyd etdi. Daha sonra, Weeknd kiçik bir açıqlama ilə gələcək Grammy tədbirlərini boykot edəcəyini vurğuladı.
Son illər Grammy-nin qaranlıq tərəflərindən və bir çox müğənnilərə etdiyi haqsızlıqlardan dolayı, artıq bu tədbiri əvvəlki illər qədər maraq və həyəcanla izləyə bilmirəm. Beləcə, haqsızlıq olunan müğənnilər siyahısına, 2021-ci ildə The Weeknd da əlavə olundu. Sən Grammy-nin verdiyi material parçasını qazana bilməsən də, bundan daha böyük bir mükafat qazanmısan. Sən, səni sevənlərin qəlbində öz xüsusi yerini zəbt etmisən və bu material parçasından daha dəyərlidir deyə düşünürəm.
2021-ci ildə Grammy-nin müğənniyə etdiyi böyük haqsızlıq bütün The Weeknd sevərləri məyus etsə də, o bizi 2021-ci ilin Super Bowl Halftime Show-su ilə yenidən sevindirməyi bacardı. Qısa konsert sayəsində sevdiyimiz və hit parçaları bir daha onun ifasında eşitmək çox gözəl idi.♡
1 il
Əslində bu məqaləni 2020-ci il, albom çıxdıqdan qısa müddət sonra yazsam da, niyəsə, daha sonradan redaktə edib paylaşa bilmədim. Hər dəfə geri qayıdıb, məqaləni yenidən oxuduqda, natamamlıq hissi məni bu fikrdən uzaqlaşdırırdı.
Düz 1 il sonra, məqalədə bəzi dəyişiklikləri edib və Grammy, Super Bowl hissələrini də əlavə etdikdən sonra, fikirlərimin və məqalənin tam olduğunu hiss edib nəhayət ki, sizinlə paylaşa bilməyin sevincini yaşayıram.
Albom haqqında bəs siz nə düşünürsünüz? Bu haqda fikirlərinizi oxumaq, mənə də maraqlı olardı.