15 49.0138 8.38624 1 0 4000 1 https://narskitchen.com 300 true 0

Adele geri döndü

2 Şərh

Bu günlərdə musiqi dünyasında yenidən çox əla xəbərlər var. Əla xəbərlərdən biri də, təxminən 6 il aradan sonra Adelin musiqi dünyasına geri dönməsidir.

Həm də yeni albom olan “30” ilə.

Yəqin ki, yeni albom 30 -dan olan “Easy On Me” mahnısına çoxlarınız qulaq asmısınız.

1 günə 52 milyon izlənmə sayı, Adele sevənlərin onun yolunu nə qədər gözlədiyinin sübutudur.

Musiqi ilə bağlı məqalələrin birində keyfiyyətli musiqi azlığından yazmışdım.

Məhz bu səbəbdən də zövqümə yaxın və sevdiyim müğənnilərin ifasında yeni mahnıların çıxdığını görən zaman, onlara qulaq asmaq mərhələsini bir az uzatdığımdan da bəhs etmişdim (sürətli tükətməmək üçün).

Adətimə sadiq qalaraq, Adelin yeni mahnısı “Easy On Me” yə də qulaq asmağı bir az ertələyəcəm.

Adelin geri dönüşünün şərəfinə isə bu gün yazacağım məqalə, müğənninin köhnə albomlarından olan sevdiyim mahnılara həsr olunur.

19, 21, 25

Adele sevərlər başlıqda yazılan nömrələrin nə olduğunu artıq başa düşdü.

Bəli, bu nömrələr müğənninin köhnə albomlarının adlarıdır.

2008-ci ildə çıxan 19 Albomu, 2011-ci ildə çıxan 21 Albomu və 2015-ci ildə çıxan 25 Albomu.

Bəs bu nömrələr nə mənaya gəlir

Müğənninin verdiyi açıqlamaya görə, albomlara verilən adların (nömrələrin) çox maraqlı mənası var.

Açıqlamaya görə nömrələr Adele-in həmin albomları yazarkən hansı yaşda olduğunu əks etdirir.

Yəni, həmin albomlar müğənninin 19, 21, 25 yaşında olan zaman yazdığı albomlardır. Çox maraqlıdır, elə deyilmi?!

Adele ilə bağlı sevdiyim digər məqamlardan biri də (səsindən və şəxsiyyətindən sonra) məhz sadə albom adlarıdır.

Albom adları çox sadə, mahnılar isə hədsiz dərəcədə dərin hisslərlə dolu.

Məktəb illəri

Məktəb illərində mən də tam bir Adele mübtəlası idim.

1921 albomlarında sevdiyim çox mahnı var idi və bu mahnıların sözlərini çap edib əzbərləmək hobbim idi.

Çap etdiyim mahnı sözlərinin hamısını bir yerdə topladığım böyük qovluq isə indi də kitab rəfimdədir.

Valideynlərim qonaq getdiyi zaman evin boşluğundan necə lazımdır istifadə edər və bir neçə saatlıq belə olsa evin parlaq ulduzu olardım.

Amma tamaşaçılarsız. Mənim tamaşaçılarım evin divarları və əşyaları idi. Dilləri olsa nələr deyərdilər… 😀

2007-ci il ərəfələrində qardaşımın mənə hədiyyə etdiyi X musiqi player-ində sevimli mahnılarımı qoşar, qulaqcıqları taxar, evin boş vəziyyətindən necə lazımdır faydalanar və yüksək səslə mahnılar ifa edərdim.

Həmin musiqi player də hazırda retro əşyalarımdan ibarət kiçik kolleksiyamdadır və hələ də işləyir.

Düzdür, ekranı əvvəlki kimi tam aydın görünməsə də, playlistlərim hələ də əvvəllər olduğu kimi qalır.

Bir neçə il öncə bütün cəsarətimi toplayıb köhnə playlistimə qulaq asanda, çox kövrəlmişdim.

Playlistləri qovluqlara və müğənnilərə görə bölgü etmişdim. Beyonce, Lana Del Ray, Rihanna, Coldplay-in Parachutes albomu, Adel, Kelly Clarkson və daha kimlər, kimlər.

Zaman maşınında keçmişə səyahət etmiş kimi hiss edirdim.

Etiraf edim ki, o gündən sonra geri qayıdıb bir daha həmin playlistlərə qulaq asa bilmədim. Çünki indiki mənə çox depressive gəlmişdi (bəziləri xaric).

Musiqi player özünə gəldikdə isə bu günə kimi qəbul etdiyim ən möhtəşəm, ən sevdiyim, ən funksional hədiyyələrdən top 3-lükdədir.

2007lər də belə bir hədiyyəyə sahib olmaq böyük xoşbəxtlik idi. Həm də tam bir yol yoldaşı idi və hazırlıqlara gedərkən sevdiyim musiqiləri qoşub, yağışlı havada yol getməyi çox sevərdim.

Hə, bir də o zamanlar yəni 2007, 2008-lərdə internet çox problemli məsələ idi. Hər evdə internetin olması indiki qədər popular deyildi.

O zamanlar və indi də rəfiqəm olan Ülkər adında rəfiqəm var idi. Onlara qonaq getmək isə mənim üçün tam bir bayram idi.

Ülkərin köməyi ilə mənim musiqi playerə yeni mahnılar yükləyərdik.

Daha sonra kompyuterin qarşısına keçib, birlikdə yeni çıxan kliplərə baxar, sonra bu haqda müzakirələr edərdik. Nələri bəyəndik, nələri bəyənmədik deyə şirin kiçik dioloqlar edərdik.

Birlikdə baxdığımız kliplər isə əksərən Beyonce-un klipləri olardı.

Hadisələr nə qədər uzaq illərdə baş versə də, heç bir bulanıqlıq olmadan hər bir detalını bu gün kimi xatırlayıram və bütün bu xatirələri toplaya bildiyim üçün çox minnətdar hiss edirəm.

Musiqi playerimdə Adelin 19 və 21 albomlarından sevdiyim mahnılardan yadıma düşənlər isə bunlardır.

  • One and Only
  • Rolling in the Deep
  • Turning Tables
  • Someone Like You
  • Chasing Pavements
  • Make You Feel My Love

Məktəb illərindən və universitetin 1-ci kursundan sonra demək olar ki, Adele əvvəlki sıxlıqla bir daha qulaq asa bilmədim.

Bir şeydən əminəm ki, bunun səbəbi az öncə də qeyd etdiyim kimi, Adelin mahnılarının indiki mənə çox depressiv gəlməsidir.

Hər şeyin stabil qalmadığı və dəyişdiyi kimi, bu illər ərzində mən də, playlistlərim də çox dəyişib.♥

2015-ci ildə isə son albomu olan “25” dən “When We Were Young” mahnısı uzun illər favorim oldu və ara-sıra geri qayıdıb bu mahnıya qulaq asmağı sevirəm.

Adelin geri gəlişi bu mahnını yenidən yadıma saldı və bir neçə dəfə ard-arda qulaq asmağa başladım.

Əminəm ki, çoxunuz bu mahnını sevir. Elə mən də məqaləni bu ifa ilə bitirmək istəyirəm.

Məqaləni yazarkən çox nostalji hisslər keçirdim. Yeri gəldi gülərək, yeri gəldi kövrələrək yazdım.

Əminliklə deyə bilərəm ki, bu günə qədər yazdığım emosiya dolu və sevdiyim məqalələrdən biri oldu.

Xoş dinləmələr. ♥

Əvvəlki Post
Montenegro – 24 saat ərzində qeydiyyat

2 Şərh

  • February 26, 2022 at 8:58 pm
    Hasan Ali

    Qulas asmamışam. Yaxşı informasiya oldu qulaq asaram 🙂 Təşəkkürlər 🙂

    Cavab
    • April 19, 2022 at 11:36 am
      narali

      Təşəkkür edirəm.🕊

      Cavab

Şərh Bildirin