2020 – ci ilə damğa vuran seriallar
2020-ci ili artıq geridə qoyaraq, həyatımıza yeni, 2021 rəqəmi ilə davam edərkən: “2020-ci ildə izlədiyim və çox sevdiyim bir neçə serial haqqında yazmaq, heç də pis fikir olmaz” deyə düşündüm.
P.S. İçiniz rahat olsun, çünki yenə spoilersiz bir məqalə olacaq.
2020-ci il, musiqi və film tərəfdən mənim üçün çox uğur dolu bir il oldu. Pandemiya 2020-ci ildə həyatımızı nə qədər çətinləşdirsə də, diqqətlə baxıb və axtardığımız zaman müsbətlər də tapdığımız bir il idi əslində.
Karantin günlərimizə rəng qatanlar
Musiqi demişkən, Coldplay, Jared Leto, Justin Bieber və bir çox digər starların, Instagram üzərindən etdiyi canlı efirlər də, monoton karantin günlərimizə rəng qatmağı bacardı.
Canlı efirlərin həyəcan verən yönlərindən biri də, İnstagramda canlı efir edən müğənnilərə təklif göndərə bilmək idi.
Təklifi görən və qəbul edən müğənni ilə efirdə canlı söhbət edə bilmək şansı, həqiqətən də çox həyəcan verici hal idi.
Bir neçə dəfə mən də şansımı yoxlasam da, təəssüflə qeyd edim ki, bu baş tutmadı. 😀 Canlı efirə qoşulan insan çoxluğundan dolayı, göndərilən hər bir təklifin görülməsi təbii ki, qəliz məsələ idi. Buna baxmayaraq, həyatında ilk dəfə Jared Leto və digərləri ilə canlı bağlantıya qoşulan və onlarla video görüntü vasitəsiylə danışmaq şansı əldə edən hər bir şəxs qədər, mən də həmin sevinc və həyəcan hissini yaşayırdım.
One World: Together at Home konsertləri
Bu arada, 2020-ci ildə Lady Gaganın kuratorluğu ilə Global Citizen və Ümumdünya Səhiyyə Təşkilatının birlikdə təşkil etdiyi, One World: Together at Home Konsertini də unutmadan qeyd etmək istəyirəm.
Konsertin əsas məqsədi, Covid-19 ilə mübarizədə ön cəbhədə vuruşan və böyük əməyi olan həkimlərlə yanaşı, həm də Covid-19-dan əziyyət çəkən ağır xəstələrə dəstək olmaq idi. Coldplay, John Legend, Billie Eilish və qardaşı Finneas, JLo və uzun bir star siyahısı olan digər müğənnilərin də, evlərindən etdikləri canlı konsertlər də möhtəşəm idi.
Həyat güclü rejissorların işləri ilə daha da gözəldir
2020-ci il çətin il olsa da, az öncə də qeyd etdiyim kimi kino və musiqi tərəfdən bir o qədər uğurlu il idi.
Rejissorlar sanki 2020-ci ili öncədən təxmin edib, insanların pandemiya səbəbi ilə karantində olacağını ön görərək, o qədər uğurlu, güclü və dərin məna kəsb edən işlər ərsəyə gətiriblər ki, kinosevərlər karantin günlərində evdə darıxmasın.
Əslində siyahım o qədər uzun idi ki, məqaləni qısa tutmaq üçün seçim etmək məcburiyyətində qaldım və bu gün onlardan sadəcə 5-i haqqında yazmaq istəyirəm. Məqalənin uzun olmaması üçün çox çalışsam da, bu cəhdimin uğurlu olacağından əmin deyiləm. 😀
Elə ona görə də sevdiyiniz sərin və ya isti içkinizi yanınıza gətirməyiniz əla olacaq, çünki məqalə bir az uzun olacaq. Rahat oxuya bilməniz üçün, özünüzə cozy mühit yaradıb, məqalədən zövq almağa çalışacağınıza ümid edirəm.
Asan olmayan seçim prossesindən sonra, indi isə bir-biri ilə yarışan və ən sevdiyim serialları sizinlə də paylaşmaq istəyirəm.
Self Made
- Bölüm sayı – 4
- Uzunluq – 45/50 dəqiqə
- Janr – bioqrafiya
İlk olaraq 4 bölümdən ibarət, Self Made serialı ilə start etmək istəyirəm.
Qeyd edim ki, siyahısını verəcəyim 5 serialın hər biri, 2020-ci il istehsalıdır və 1-ri xaric, digər 4-ü real hadisələr əsasında çəkilib.
Real hadisələr əsasında çəkilən filmlərlə yanaşı, həm də biyoqrafik filmlərə sevgim böyükdür. Düşünürəm ki, bu tip filmlər izləyiciyə çox gözəl, dərin mesajlar verməyi bacarır və əksərən motivasiya belə edir.
Self Made, A’Lelia Bundles-ın qələmə aldığı bioqrafik kitabı və Madam C. J. Walker-in həyatından bəhs edən, “On Her Own Ground”-u referans götürərək çəkilən mini serialdır.
Serial haqqında qısa olaraq onu deyə bilərəm ki, burada bir qaradərili qadının sıfırdan necə zirvəyə qalxmasına və milyoner olmasına şahid olacaqsınız. Qaradərili bir qadın (qaradərili sözünü yazmağa nifrət edirəm) olmasına baxmayaraq, onu əzən ağdərili insanlarla mübarizəsinə və bu mübarizədə qalib olan tərəf olmasına heyran qalmamaq mümkün deyil.
XXI əsr olmasına baxmayaraq, modern bir zamanda yaşasaq da, əfsuslar olsun ki, qaradərililər hələ də diskriminasiyaya, qeyri-insani davranışlara məruz qalırlar və bu məni çox incidən həqiqətlərdən biridir. Onlar dünyaya gəldiyi an artıq 0-1 geridə olurlar…
Eyni Planetdə yaşamağımıza baxmayaraq, hələ də onları özlərindən biri kimi görməyən və qul kimi davranan insanların olması çox ağrılıdır…
Bu serialda da siz bir qaradərili qadının, Madam Walkerin bütün bu çətinliklərə sinə gərməsini və istehsal etdiyi saç məhsullarını sataraq, öz biznezini qurmasını və milyonerlik zirvəsinə çatmasının şahid olacaqsınız.
Serialın baş qəhrəmanı və Madam Walkeri canlandıran aktrisa, The Help, Hidden Figures, The Shape of Water kimi favori filmlərimdə də, rol alan və işlərinə böyük sevgim olan Octavia Spencerdir.
Onu da qeyd edim ki, Afro-Amerikan saç stilini hədsiz sevən biri olaraq, bu saç tərzinin çox cool göründüyünü düşünürəm. Lakin, bir neçə il öncə onların saçları, baş dərisi və eyni zamanda dəriləri ilə bağlı (melanin çoxluğunun səbəb olduğu qarə dəri) üzləşdiyi çətin problemləri öyrənən zaman çox məyus olmuşdum.
Elə Self Made serialında da, Madam Walkeri uğura aparan elə məhz onun saçları, baş dərisi ilə bağlı yaşadığı ciddi problemlər olacaq. Demək bəzən insanı incidən hansısa bir məqam, bir nöqtədən sonra onun uğur hekayəsinin baş qəhrəmanı ola bilir.
Bu arada Madam Walker, Quines rekorlar kitabına daxil olan ilk Amerikalı self made qadın milyonerdir. Afro-amerikan yox, məhz amerikan milyoner.
Walker-in biznesi günümüzə qədər hələ də öz aktivliyini qoruyur və Walker’s Hair Products adı altında Sephora mağazalarında satışı günümüzdə belə aktualdır.
Serialda bu məqama toxunulmasa da, əlavə etmək istəyirəm ki, salonlarda isti qayçı ilə saç kəsim mədəniyyətinin də toxumunu səpən insanlardan biri məhz Madam Walker olub.
Yekun olaraq, öz biznesini qurmaq istəyib, lakin qohumların, qonşunun və ya saxta tanışların heç bir əhəmiyyət kəsb etməyən iradlarına və həvəsdən salan sözlərinə qulaq asıb, gözü qorxanlara demək istəyirəm ki, motivasiya edici bir bioqrafik serial axtarışındasınızsa, o zaman sizə Octavia Spenser, Tiffany Haddish-də yer aldığı, Self Made serialını izləməyinizi şiddətlə tövsiyyə edirəm.
P.S. Bir işi neçə nəfərin görməsi deyil, kimin hansı keyfiyyətdə görməsi daha vacibdir deyə düşünürəm və elə bu serial sayəsində də, bir daha bunun nə qədər doğru fikir olduğunun şahidi oldum.
Unorthodox
- Bölüm sayı – 4
- Uzunluq – 55 dəqiqə
- Janr – bioqrafiya
İkinci serialımız və haqqında qısa yaza bilməyəcəyim, yenə 4 bölümdən ibarət və 2020-ci ilə damğa vuran, güclü seriallarından biri Unorthadox olacaq.
Serialın, Netflixdə mart ayında yayımlanmasına baxmayaraq, mən seriala baxmağı ertələyərək təxminən bir neçə ay sonra izlədim. Bir neçə ay sonra izləməyimin əsas səbəbi isə serialın qapaq (cover) şəkli idi.
Qapaq şəklinin məndə yaratdığı hiss, serialın xəstəliklə əlaqəli olmasını zənn etməyim və bu səbəbdən dolayı da bir müddət seriala baxmaqdan imtina etməyim oldu.
Trailer izləmək kimi bir adətim olmadığından, serialın tam olaraq hansı mövzunu əhatə etdiyini bilmirdim və başlıq hissəsində də kifayət qədər məlumat oxuya bilmədiyim üçün, məcbur halda serialı sadəcə qapaq şəklinə görə dəyərləndirməli idim. Ya da kiçik bir araşdırma edib, serialın hansı mövzunu əhatə etdiyini öyrənməli idim.
Neçə il oldu bilmirəm, lakin həqiqətən də trailer-lar artıq filmlərin bütün qaymaq hissələrini verdiyi və insanda filmə qarşı həyəcanı, marağı öldürdüyü üçün, özümü uzun illərdir trailer izləməkdən məhrum etmişəm.
Bir gün serial haqqında çox kiçik bir araşdırma etdikdə, “Wow, tam da mənim maraq dairəmə uyğundur deyib”, seriala baxmağa start verdim.
Qısaca, serial Hasidik cəmiyyətdə yaşayan yəhudilər və onların yaşam tərzini ekran vasitəsi ilə izləyicilərə göstərirdi.
Hasidik qruplar və onların həyat tərzlərinə duyduğum maraq, bir neçə il öncə bu haqda geniş araşdırmağıma və bir çox məqalələr oxumağıma səbəb olmuşdu. Bu haqda oxuduğum, araşdırdığım və izlədiyim bir çox sənədli filmlər, seriala qarşı da məndə böyük maraq yaratdı.
Mövzusu
Serial, Deborah Feldman-nın avtobioqrafik kitabı olan, Unorthadox-u referans götürərək və adı dəyişdirilməyərək çəkilən, 4 epizodluq mini serialdır.
Serialda Bruklin, Williamsburgda yerləşən Satmar cəmiyyətindən və onların həyat tərzindən bəhs olunur.
Hasidik cəmiyyət çox qəddar qayda-qanunları olmaqla yanaşı, təhsilə, texnologiyaya (mobil telefon, kompyuter istifadəsi), musiqiyə və daha uzun bir qadağalar siyahısına sahib, müsbət mənada olmayan bir məhşurluğa sahibdirlər.
Bununla yanaşı musiqi dərslərinə getmək, mahnı ifa etmək, şəxsi inkişaf, tarix kitabları oxumaq, bir sözlə modern insanın sahib olduğu hər şeydən məhrumdurlar.
Hasidiklər üçün evlilik və çox sayda uşaq dünyaya gətirmək, çoxalmaq həddindən artıq vacibdir və oxuduqlarıma əsasan bunun səbəbi soyqırımdan sonra azalan yəhudi sayını bərpa etməkdir.
Texnologiyanı, jurnalları, təhsili və s. bir təhlükə qaynağı olaraq görməklə yanaşı, bu tip şeylərin insan saflığını pozan, uşaqların məsum, saf zehinlərini kirlədən vasitələr olaraq görürlər.
Hasidik cəmiyyət, övladlarını təhsil almaq üçün yalnız öz cəmiyyətlərinin qurduğu məktəbə qoyurlar və bu məktəblərdə mövcud olan kitablarda qız və oğlan şəkilləri belə yan-yana qoyulmur. Düşünə bilirsiniz?!
Bu haqda sənədli filmlərə baxdıqdan sonra, sözün əsl mənasında şok keçirmişdim. Bu qədər ağır qanunların və davranışların uşaqlarda yaradacağı travmaları təsəvvür etmək heç də çətin deyil.
Elə bu serialda da, Hasidik qrupdan olan bir ailənin gənc övladı olan Ester-in, 4 epizod ərzində ağır həyat tərzinə ekran vasitəsi ilə şahid oluruq.
Öz absurd (mənə görə) qayda-qanunlarını və mədəniyyəni qoruyan, piano çalmağın belə qadağan və günah hesab olunduğu bir cəmiyyətdən gələn Ester, özünü bu qrupun bir parçası, üzvü olaraq görmür və Satmar cəmiyyətinin qaranlıq dünyasından başqa, daha yaxşı bir həyat tərzinin olduğu inancı ilə xəyallarının ardınca Berlinə getmək qərarı alır.
Radikal dini qayda-qanunu, ritualları olan bir cəmiyyətdə, özünə yer tapa bilməyən gənc Esterin, özünü yenidən kəşf etməsi üçün çıxdığı yolda, onu kənardan izləyən biri olacaqsınız. Bəzən çox hirslənib, bəzən də çox üzüləcəksiniz. Bəzən isə dərin ah çəkib, sahib olub lakin unutduğumuz azadlıq hissinin dəyərini bir daha başa düşəcəksiniz.
Axına qarşı getmək heç bir zaman asan olmayıb və olmayacaq da. Lakin insan olduğu yerdən məmnun deyilsə, mütləq bir yol tapıb öz arzularının ardınca gedir və getməlidir də.
Yəhudi soyqırımı
Yəqin ki, Nazilərin Yəhudilərə qarşı “sevgisindən”, Antisemitizm-dən agahsınız. Nazilərin yəhudilərə qarşı etdiyi soyqırımdan, həkimlərinin yəhudilər üzərində, xüsusən də, əkizlər üzərində heç bir keyitmə olmadan, apardığı tibbi eksperimentlərdən çoxunuzun xəbəri var deyə düşünürəm.
Bu mövzulara qarşı mənim də marağım böyük olduğu üçün, bir zamanlar izlədiyim çoxsaylı sənədli filmlər və bu filmlərdə soyqırımdan, yəhudi kamplarından sağ çıxmağı, həyatda qalmağı bacaranların dilindən eşitdiyim həqiqətlər qarşısında donub qalmışam. Bir insan, digər insana qarşı necə bu qədər qəddar ola bilər axı?!
Travmalardan sonra həyat
Holokost sonrası azadlığa qovuşan yəhudilərin, bu cür ağır travmalardan sonrakı yaşam tərzləri və bu cür dərin travmalardan sonra onların gələcəkdə necə bir valideyin olacağı məni çox düşündürürdü.
Onların, holokost zamanı məruz qaldığı vəhşiliklər, aclıq, hər an qaz otaqlarına göndərilmə qorxusu və daim bu qorxu içərisində həyatda qalmaq üçün verilən mübarizə və s. kimi daha dərin travmalar qazanan bu insanların, gələcəkdə valideyn olduqdan sonra uşaqlarına necə təsir edəcəyini düşünmək şəxsən məni ürküdürdü.
Nəzərə alsaq ki, Brooklində olan Hasidik cəmiyyətin təməlini də məhz Holokostdan sağ qalan yəhudilər qoyub, o zaman bu cəmiyyətdə dünyaya gələn uşaqların və onların məruz qaldığı ağır həyat tərzini təsəvvür etmək heç də çətin olmamalıdır.
Real bir hadisəni də sizinlə bölüşmək istəyirəm ki, Yəhudi kamplarında hər cür vəhşiliyə məruz qalan, stress dolu yaşamdan sonra sağ qurtula bilən saysız-hesabsız qadın, gənc qızlar həyatları boyunca bir daha period (aybaşı) ola bilməyiblər…
P.S. Əgər hasidik yəhudilər haqqında maraqlı sənədli film istəyirsinizsə, One Of Us-a da nəzər sala bilərsiniz.
Yekun olaraq, bu mövzulara qarşı marağı olanlara, Holokost qurbanları tərəfindən qələmə alınan bir neçə bioqrafik kitab məsləhət görərək, artıq bu bölməni yekunlaşdırmaq istəyirəm.
- Anne Frank – The Diary Of a Young Girl və ya The Diary of Anne Frank
- Sara Leibovits və Eti Elboim-nin birgə yazdığı – One girl in Auschwitz
- Roxane Van Iperen – The Sisters of Auschwitz
Auschwitz, Polşada yerləşən və təxminən 1.1 milyon yəhudinin qətl olunduğu toplama kamplarından sadəcə biridir…
Caliphate
- Bölüm sayı – 8
- Uzunluq – 55 dəqiqə
- Janr – kriminal
İlk öncə qeyd etmək istəyirəm ki, haqqında yazacağım Caliphate serialı qətiyyən uşaqlar üçün nəzərdə tutulmayıb və ən azı 18+ yaş həddinə uyğundur.
2020-ci ilin bir digər sarsıdıcı, ağır və həzm edilməsi asan olmayan seriallarından biri də, Caliphate idi.
Covid-19 Pandemiyasının həyatımıza gətirdiyi yeni yaşam tərzi, bu yaşam tərzinə adaptasiya olmaq və səbəb olduğu saysız çətinliklər azmış kimi, bir də əlavə olaraq bu cür çətin mövzulu seriala baxmaq heç də asan olmamışdı.
İlk epizoddan sonra, serial mövzusunun ağırlığı və bol şiddət dolu səhnələr səbəbi ilə seriala baxmaqdan imtina etdiyimi xatırlayıram.
Psixoloji cəhətdən baxması heç də asan olmayan seriala, bir neçə saat sonra 2-ci şansı verərək, daha sonra ekranadan uzaqlaşa bilməmişdim.
Maqnit kimi məni özünə cəlb edən, nəfəs kəsici serialın finalı o qədər maraqlı idi ki, qısa bir müddət ərzində serialı bitirib, yenidən beynimdə 2-ci dərəcəli yanıqla, tavana baxa-baxa qaldım.
Mövzusu
Serial, İsveçdə yaşayan bir neçə gəncin dostları tərəfindən aldadılaraq, İŞİD terror qrupuna qatılmasından və bu yolda onları gözləyən çətinliklərdən bəhs edir.
Caliphate serialı vasitəsi ilə İŞİD də daxil olmaqla, bu tip qrupların dindən istifadə edərək gənclərin beyinlərini yumasına və onları yalanlarla necə öz ovu etdiklərinə şahid olacaqsınız.
Bu serial izləyicini yenidən düşündürməklə yanaşı, ətrafına yeni insan daxil edənlərə qarşı çox daha diqqətli olmasını bir daha xatırladacaq.
Serialın ən sevdiyim qəhrəman isə, Türk əsilli Gizem Erdoğanın oynadığı Pervin obrazı idi. Gizem obrazı hər səhnədə bədənimi dondururdu və ürəyimin döyüntüsünü səsli məkanda belə eşitməyimə səsbəb olurdu.
Gizem Erdoğanı ilk dəfə məhz Caliphate vasitəsi ilə kəşf etsəm də, oyunculuğunu çox sevdim. Daha sonradan isə İsveç istehsalı olan “Love and Anarchy” serialında da onun rol aldığını görmək məni çox sevindirmişdi.
İzləməsi heç də asan olmayan serial olsa da, düşünürəm mütləq baxılması lazım olan, izləyicini düşündürən və elə bu səbəbdən də siyahıya əlavə olunmağı haqq edən seriallardan biridir.
Stateless
- Bölüm sayı – 6
- Uzunluq – 55 dəqiqə
- Janr – həqiqi hekayəyə əsaslanır ( based on a true story)
Bir Avstraliya istehsalı olan və real hadisələr əsasında çəkilən bir digər serial ilə siyahıya davam edək.
Növbədə, Cornelia Rau-nun real həyatını səhnələşdirən və çox da popular olmayan Stateless serialıdır. Baş rolda sevdiyim aktrisalardan biri, Yvonne Strahovski-dir.
Yvonne qarşı sevgim, favori distopik seriallarımdan biri olan, The Handmaid’s Tale sayəsində daha da artmışdı və onu yenidən başqa bir obrazda görmək çox maraqlı idi.
Serialda görəcəyiniz digər məhşur aktrisalardan biri isə, Cate Blanchett-dir. Cate ilə isə ulduzlarımız heç zaman barışmadı və demək olar ki, indiyə qədər oynadığı heç bir rolunu da sevə bilməmişəm. Cate, enerji ala bilmədiyim aktrisaların başında gəlir desəm yanılmaram.
10 ay immiqrant kampında
Vətəndaşı olduğumuz ölkənin bir çox həqiqətləri ilə barışa bilmədiyimizdən, məsələn həyat tərzi, yaşam şəraiti, insani keyfiyyətləri və s. kimi səbəblərdən dolayı, özümüzü ruhsal və fiziksəl olaraq daha xoşbəxt hiss edə biləcəyimiz başqa, yeni ölkələrə immiqrasiya edirik.
Yeni ölkələrdə özümüzü yenidən kəşf etməyə və tapmağa çalışırıq. Daha tolerant, daha müasir düşüncə tərzinə sahib bir cəmiyyətdə yaşamaq üçün bir çox çətinliyə tab gətirib, həyatlarımızı sıfırdan qurmağa cəhd edirik.
Etiraf edək ki, bu kənardan göründüyü qədər heç də asan bir addım deyil və bu addımı ata bilmək böyük cəsarət tələb edir. Komfort zonasını tərk etmək heç zaman asan olmur…
Stateless serialı da, elə bu mövzu haqqındadır. Lakin burada hadisələr bir az daha fərqli cərəyan edəcək.
Mövzusu
Qantas hava yollarında stüardessa işləyən Sofie, vətəndaşı olduğu Avstraliyada özünü xoşbəxt hiss etməyərək, yeni bir yola başlayacaq.
Başqa heç bir məlumat yazmaq istəmirəm, çünki nə yazsam artıq spoiler vermiş olacam ki, bu da heç etik bir davranış olmaz.
Bol Avstraliyalı aktyorların yer aldığı və zəngin Avstraliya aksentili serialı sevəcəyinizə ümid edirəm.
The Queen’s Gambit
- Bölüm sayı – 7
- Uzunluq – 1 saat
- Janr – dram
Hər dəfə yeni bir serial tapıb, sevərək bitirəndə: “Yəqin ki, bir müddət bir də bu cür maraqlı serial tapa bilmərəm” deyirəm. Sonra elə bir serial tapıram ki, tez bitirə bilməyim deyə, hər gün sadəcə 1 bölüm izləyib, güclə də olsa pauza düyməsinə basa bilirəm.
Məsələn, ən son baxdıqlarımdan olan “Anne with an E” dən sonra, bir müddət bu qədər bəyənəcəyim yeni serial tapacağıma şübhə edirdim.
Bu arada “Anne with an E“-nin mən də ayrı bir yeri var.
Ürəyinə yatan bir serial tapdınsa, ona bərk-bərk sarılıb uşaq kimi sevinirsən. Hələ bu serialı pandemiya zamanında tapmısansa, o zaman sevincin daha da böyüyür.
Bu tapıntılardan biri, 2020-ci ilin sonlarına doğru, Oktyabr ayında izlədiyim mini-serial olan “The Queen’s Gambit” idi.
Serial haqqında qısa olaraq onu deyə bilərəm ki, The Queen’s Gambit, 1983-cü ildə Walter Tevis tərəfindən yazılan, eyni adlı bir romanı referans götürüb və heç bir real hadisəyə əsaslanmır.
Serialın mövzusu, travmalarla böyüyən, sonradan yetim qalan bir qızın, Beth-in həyatından bəhs edir.
Serial, Beth-in yetimxananın zirzəmisində bir qapıçıdan öyrəndiyi Şahmat oyunu sayəsində gələcəkdə onun həyətını dəyişdirməsindən və daha sonradan Şahmatla profissional məşğul olaraq, qazanacağı uğurlardan bəhs edir.
Walter Tevis
Kitabın müəllifi Walter Tevis həvəskar olaraq şahmatla məşğul olsa da, sonradan C sinif oyunçusu olaraq, oynadığı oyunlardan sadəcə birindən ilk dəfə 250 dollar qazana bilir.
Anya Taylor Joy – Beth obrazı
Serialın baş qəhrəmanı, öz qeyri-adi üz quruluşu ilə bir çoxlarının (mənim də) simpatiyasını qazanmış, Anya Taylor Joy və onun oynadığı Beth Harmon obrazıdır.
Walter, Beth obrazını roman üçün yaratdığını desə də, daha sonradan The Times-a verdiyi intervyuya görə, Beth obrazını 7 yaşlı qızı və ona ilk dəfə şahmat dəstini alan xalasına həsr etdiyini vurğulayır.
Əlavə olaraq onu da qeyd edir ki, “Keçmişdə bir çox qadın, öz beyinlərini gizlətmək məcburiyyətində qaldı amma bu gün o gün deyil”.
Rejissor Scott Frank-in həssas yanaşması
Frank Scott Chess.com ilə etdiyi intervyuda, şahmat fiqurlarının serialda doğru istifadə olunmasına böyük əhəmiyyət verdiyini və fiqurların taxta üzərində hərəkətlərini məhşur şahmat müəllimlərindən biri olan, Bruce Pandolfini və 1985-ci ildən, 2000-ci ilə qədər dünya çempionluğunu əldən verməyən Garry Kasparov ilə birlikdə işləyərək qurulduğunu deyir.
Rejissor əlavə edir ki, öncədən şahmat oynamağı bacarmayan və şahmat saatının düzgün istifadəsini bilməyən aktyorlara Anya Taylor Joya da daxil olmaqla, Bruce və Kasparov birləşərək şahmat oyununu öyrədib və şahmat saatının düzgün istifadəsini izah edib.
Sevdiyim digər məqamlar
- Qapalı məkanlarda işıqlandırma həddindən artıq gözəl hesablanıb və aktyorların üzünə yansıyan işıq, izləyiciyə çox isti ab-hava ötürür.
- Serialda izləyiciyə ötürülən mesajlardan biri də təklikdir. Nə qədər böyük uğura nail olursan ol, yanında sevdiyin və ya səni sevən insanlar yoxdursa, o uğur belə insan üçün əslində heç bir məna kəsb etmir.
- Serial, unutduğumuz bəzi retro musiqiləri yadımıza salacaq və biz də Beth ilə paralel oxuyub rəqs edəcəyik.
- Retro tərz həm dekorlarda, həm də geyimlərdə çox əla istifadə olunub və əminəm ki, retro tərzinə aşiq olan insanlar bu məqamları çox sevəcək.
Bir-birindən fərqli mövzuları əhatə edən 5 serial haqqında olan məqaləmizin sonuna gəldik. Ümid edirəm ki, səbirli olub, məqaləni sona qədər oxumağı bacardınız. 😀
Əgər siz də, siyahıda olan seriallardan hər hansınısa izləmisinizsə, fikirlərinizi mənimlə də bölüşməyi unutmayın.
Xoş seyirlər